“O boyda Berti Foqts məni milliyə elə-belə dəvət etmişdi"

25 Sentyabr 2021 23:20 Müsahibə 1 289
“O boyda Berti Foqts məni milliyə elə-belə dəvət etmişdi"

Vüqar Əsgərov - vaxtilə Azərbaycan millisinin formasını geyinən, Latviya Premyer Liqasının bombaridi olan, ölkəmizdə “Sumqayıt”, “Araz Naxçıvan”, “Zirə” kimi komandaların şərəfini qoruyan hücumçu...

Uşaq yaşlarından böyüdüyü Latviyanın aparıcı komandalarının uğurları üçün tər tökən Əsgərovun Azərbaycan karyerası istədiyi kimi alınmadı.

Üç fərqli komandanın heyətində ümidləri doğrultmadı. Vüqar hazırda Bakıdadır. İstirahət etmək, doğmalarını görmək üçün vətənə qayıdıb.

Fürsətdən istifadə edib, 36 yaşlı hücumçudan Sportinfo.az-ı maraqlandıran suallara cavab tapmağa çalışdıq.

- Çoxdan Bakıdasan?

- 3 gündür gəlmişəm.

- Nə əcəb?

- Necə yəni nə əcəb? 4 ildir gəlmirdim vətənə, ürəyim partlayırdı (gülür). İndi imkan düşdü, gəldim.

- Turistik səfər deyək...

- Yox, deməyək. Turistik səfərdə əsasən gəzmək nəzərdə tutulur. Mənim səfərim isə əzizlərimi, ailə üzvlərimi, vətənimi görmək üçündür. Nə olsun orda yaşayıram, azərbaycanlıyam axı.

- Halaldır sənə. Gözünü açıb Latviyanı görsən, ordan böyüsən də, vətən həsrəti çəkirsən.

- Nə danışırsan? Özümə nifrət edərəm. 3 gündür burdayam, Bakı küçələrindən yığışmıram. Hər güc Bulvarda gəzib, şəhərin havasını unuduram. Bilirəm ki, gedəndə yenə darıxacam.

- Latviyada nə işlə məşğulsan indi?

- Latviyanın aşağı dəstəsində - Həvəskarlar Liqasında oynayıram. Eyni zamanda işləyirəm, pul qazanıram.

- Sirr deyilsə, nə işindəsən?

- Tam fərqli sahədir, futbol deyil.

- Nə əcəb futboldan kənar?

- Futbolda nə işləyim?

- Məşqçi, agent, klub rəsmisi...

- Yox-yox, bunların heç biri mənlik deyil. Şükürlər olsun, öz işim yaxşıdır. Yeməyə çörək tapıram, yaxşı dolanıram, anama, bacıma kömək edirəm, bu mənə bəsdir.

- Hücumçu kimi “Metallurq”, “Proqress”, “Dauqavpils” kimi komandalarda bombardirlik keyfiyyətlərini ortaya qoymağı bacarsan da, Azərbaycan karyeran uğursuz alındı. Bu nə ilə əlaqələndirə bilərsən?

- Oy, yaralı yerimə toxundun (gülür). Uğursuz alındı deməzdim, sadəcə, məndən asılı olmayan səbəblər çıxdı ortaya. Məsələn, “Sumqayıt”da pis başlamamışdım, işlər pis getmirdi. Sonradan müəyyən geriləmə oldu, baş məşqçinin xoşuna gəlmədim. Baş məşqçi güvənməyəndə, etimad göstərməyəndə isə, istər-istəməz geriləmə olur. Latviyada məşqçilər hücumçuya güvənir, daim dəstək verir, arxasında durur. Azərbaycanda hər şey fərqlidir. Hücumçususansa, səni komandaya götürüblərsə, ilk oyundan qolları sıralamalısan. 2-3 oyun vurmadınsa, vəssalam, hücumçu deyilsən.

- “Zirə”ylə “Araz Naxçıvan”da da eyni münasibətlə qarşılaşdın?

- “Araz Naxçıvan”da psixoloji olaraq tab gətirə bilmədim. Əsgər Abdullayevlə işləmək mümkün deyildi. Yaxşı məşqçi, yaxşı insan idi, amma məndə onunla alınmadı.

- Nə üçün?

- Davit adında gürcü hücumçu var idi, Əsgər müəllim üzümə deyirdi ki, o səndən güclüdür. Futbolda belə şey olmur. İndiyə qədər hansısa baş məşqçinin futbolçuya “filankəs səndən güclüdür” dediyini eşidə bilməzsiz. Hətta Latviyada belə, elə şey yoxdur. O boyda Berti Foqts məni milliyə elə-belə dəvət etmişdi. Elə-belə çağırmamışdı ki. Düzdür, az oynadım, faktiki, adamın diqqətini çəkməyi bacarmışdım. Deməli, nəsə görmüşdü. “Sumqayıt”da 2 qol vurub dayandım, heç kim soruşmadı ki, sənə nə olub, nə probemin var? Eşitdiyim sual bu idi, nə vaxt qol vuracaqsan?

- Bildiyimə görə, sonradan Azərbaycanın başqa klublardan da dəvət alsan da, gəlmək istəməmisən.

- O vaxt AZAL-ın baş məşqçisi Vaqif Sadıqov şəxsən zəng vurub, dəvət etmişdi. Hazırlığın ilk mərhələsində ciddi zədə aldım və 6-7 ay futbolsuz qaldım. Həmin vaxt “İnter”dən Kaxaber Tsxadadze, “Bakı”dan Milinko Pantiç çağırırdı. Sonradan çıxıb getdim Latviyaya.

- Azərbaycan çempionatını, millinin oyunlarını izləyirsən?

- Düzünü deyim?

- Təbii ki.

- Əvvəl baxırdım, indi yox. İndi yalnız “Qarabağ”ın avrokuboklardakı çıxışını fəxrlə izləyirəm. Xüsusən də, Azərbaycan futbolunun ustası, əfsanəsi Qurban Qurbanova görə baxıram. Qurbanova böyük alqış düşür. Ölkə daxilində və xaricində yaşayan bu qədər azərbaycanlını sevindirir, Qarabağ adı ilə öyünmələrinə şərait yaradır. Bu komanda hər il avrokubokların qrup mərhələsinə yüksəlir. İnanırsız, Latviyada azərbaycanlılar dükanda, məsçiddə, yolda, restoranda – istənilən yerdə bir-birini görəndə “Qarabağ”ın oyunundan, oyunun başlama vaxtından, hansı kanalda göstəriləcəyindən danışır. Sözlə ifadə olunması mümkünsüz möhtəşəm hisslərdir.

- Latviyada gənc azərbaycanlı futbolçular var?

- Xeyr, görməmişəm. Azərbaycandan ora oynamaq üçün gələnlər olub. Amma sırf orda yetişən özümdən başqasını görməmişəm.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti