Eddi İspaniyadan "Sportinfo"ya danışdı – “Məni istəyən yoxdur”

25 Sentyabr 2021 16:00 Müsahibə 1 552
Eddi İspaniyadan "Sportinfo"ya danışdı – “Məni istəyən yoxdur”

Vaxtilə millimizə dəvət olunan Eddi İsrafilovdan xeyli vaxtdır səs-soraq yoxdur.

Sonuncu mövsümü İspaniya Sequndasında “Albasete”nin heyətində keçirən 29 yaşlı yarımmüdafiəçi yaydan bu yana klubsuzdur.

Üstəlik, 2019-cu ilin noyabrından yığmaya çağırılmır.

Eddinin son durumunu öyrənmək, klubsuz qalmasının səbəbini soruşmaq, yığma qapılarının üzünə bağlanmasına münasibətini bilmək üçün səbəbkarla əlaqə saxladıq.

İsrafilov Sportinfo.az-a müsahibəsində agentindən ehtiyat edib “milli kartlarını açmasa” da, karyerasının bu günü ilə bağlı danışmaqdan imtina etmədi.
- Xeyli vaxtdır xəbər yoxdur səndən. Necəsən? Hardasan?
- Son vaxtlar başım şəxsi işlərimə, düzünü desəm, ailəmə qarışıb. Yoldaşım hamiləydi və mənə ilk dəfə atalıq sevincini yaşatmağa hazırlaşırdı. Ona görə də vaxtımı əsasən xanımıma həsr edirdim. Bir həftə əvvəl qızım dünyaya gəldi. Artıq rahatam, sakitəm.

- Allah saxlasın! Xeyirli övladlardan olsun!
- Təşəkkür edirəm!

- Klubsuz qalmağın məlum məsələ ilə bağlıydı?
- Xeyr, belə deməzdim.

- Səbəb nədir bəs?
- Səbəb sərfəli təklif almamağımla bağlıdır. Maydan bu yana agentim vasitəsi ilə bir neçə təklif almışam. Sadəcə, aralarında sırf mən istəyən yoxdur.

- Sən istəyən necə olmalıdır ki?
- Elə klub olmalıdır ki, həm klub olaraq xoşuma gəlsin, həm təmsil etdiyi şəhər və mühit, həm də klubun gələcəyi təminatı olsun. Belə deyim, futbol oynayım deyə, tələsik müqavilə bağlamaq istəmirəm. Mənim üçün klubun hədəfləri və möhkəmliyi çox önəmlidir.

- Karyeranı İspaniyada davam etdirmək istəyirsən?
- Mənə fərqi yoxdur. İspaniya, ya başqa ölkə - təki yaxşı klub olsun. Karyeramda irəliyə doğru addım atmaq istəyirəm.

- Azərbaycandan zəng edən, maraqlanan, təklif göndərən olub?
- Bu haqda bir söz deyə bilməyəcəm. Çünki bu işlərlə agentim məşğul olur. Təkliflər agentimə gəlir, o baxır, müzakirə edir, iş həlledici mərhələyə qədər uzanırsa, mənə deyir.

- Agentin haralıdır?
- İspandır.

- Özün necə, Azərbaycanda oynamaqda maraqlısan?
- Niyə də olmasın?! Mən tərəfdən heç bir problem yoxdur. Dediyim kimi, yaxşı təklif olsa, dəyərləndirmək mümkündür. Amma bu işə menecerim baxır.

- 4 aydır klubsuzsan. Bu, yeni iş yeri tapmaqda işini çətinləşdirmir?
- Niyə çətinləşdirsin ki? Zədəli deyiləm, artıq çəkim yoxdur. Əksinə, fiziki formamı qorumaq üçün mütəmadi məşq edirəm. Yeganə çatışmazlıq oyun təcrübəsinin yoxluğudur ki, onu da qısa müddətdə aradan qaldırmaq olur. Yaxşı klub olsun, qalanı düzələr.

- Xeyli vaxtdır milliyə də çağrılmırsan...
- Bilirəm.

- Nə hisslər keçirirsən? Mövqeyin necədir?
- Bu suala cavab verə bilməyəcəm. Karyeramla bağlı bütün işlərlə agentim məşğul olur. Ona görə də nəsə danışmaq istəmirəm.

- Millidən kənarda qalmaqla bağlı fikirlər sənə məxsusdur. Burda agentlik bir şey yoxdur axı.
- İstənilən halda, agentim olmadan danışmaq istəmirəm. Mənim işim məşq etmək, hazırlaşmaqdır. Niyə təklif göndərmirlər, buna necə yanaşıram – bu kimi mövzulara toxunmaq istəmirəm.

- Olmaya millidə oynamaq həvəsində deyilsən?
- Yığmada oynamaq mənim arzumdur. Həmişə də istəmişəm və istəyirəm.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti