Azərbaycanlı “Lempard” indi bizneslə məşğuldur – “Məşqçi işləmək mənlik deyil”

21 Sentyabr 2021 16:00 Müsahibə 1 917
Azərbaycanlı “Lempard” indi bizneslə məşğuldur – “Məşqçi işləmək mənlik deyil”

Toni Adamsın “Qəbələ”də işlədiyi dönəmdə azərbaycanlı futbolçunu Frenk Lemparda bənzətməsi indiyə qədər yaddaşlardadır.

Tərzin Cahangirovun onda 18-19 yaşı vardı və xoş gələcək vəd edirdi. İllər keçdi, “Lempard” “Qəbələ” ilə yanaşı, “Sumqayıt”, “Zirə”, “Neftçi” və “Sabah”ın formasını geyinsə də, futbolçu karyerasını çox erkən, cəmi 27 yaşında başa vurdu.

Cahangirov 2019-cu ildən bu yana yaşıl meydanlarda görünmür. Bu yaxınlarda sabiq yarımmüdafiəçinin Rusiyada yaşaması və orda işləməsi haqda məlumat əldə edincə, səbəbkarla danışmağı məqsədəuyğun bildik.

-Səs-sorağın gəlmir. Necəsən? Haralardasan?

- Şükürlər olsun, yaxşılıqdır. Azərbaycanda deyiləm, ona görə səs-sorağım gəlmir. Xeyli vaxtdır işlərimlə bağlı Rusiyadayam. Allahın köməkliyi ilə işlərimlə bağlı burda yaşayacam.

-"Sabah"dan sonra yoxa çıxdın. Futbolla birdəfəlik vidalaşdın?

-Düzü, “Sabah”dan ayrılandan sonra karyeramı davam etdirə bilərdim. Lakin özüm öz istəyimlə karyeramı bitirməyi qərara aldım. Hiss edirdim ki, artıq bəsdir. Bugünkü işim məni qane edir.

-İndi nə işlə məşğulsan?

-Şəxsi biznesim var. Əsas odur, stresdən uzağam. Sakitlik mənim üçün çox önəmli idi. Futbolda elə adamlarla işləyirsən ki, bir o adama baxırsan, bir özünə… Belə yaxşıdır, belə daha rahatam.

-Sirr deyilsə, hansı sahədə çalışırsan? Nə biznesidir?

- Qida sahəsidir. Böyük şəbəkələr var, onları qida məhsulları ilə təmin edirik. Məsələn, burda Almaniya şirkəti var, çipsi zavodu işlədirlər. Biz onlara çipsi üçün məhsul veririk. Rusiyanın başqa şəhərlərinə, Çin, Yaponiya kimi ölkələrə də mal göndəririk. Kök, kələm, kartof, qarabaşaq, buğda – qida üçün hər şey var şirkətimizdə. Öz sahələrimiz, bazalarımız var, müqavilələr əsasında işləyirik.

- Nə əcəb gələcəyini futbol sahəsində görmədin?

- Gəzmək, dincəlmək, rahat yaşamaq, ailəm və övladlarımla daha çox vaxt keçirmək istəyirdim. Ona görə də bura gəldim.

- Rusiyada gedib, orda oynaya bilməzdin?

- 2016-cı ildə “Tom”da baxışda olmuşdum. Həmin il Premyer Liqaya vəsiqə qazanmışdılar. Azərbaycan vətəndaşı olduğum üçün keçidim baş tutmadı. Çünki legioner sayılacaqdım. Düzdür, indi Rusiya vətəndaşlığım da var. Amma futbol barədə düşünmürəm. Bir ay əvvəl təklif də var idi, istəmədim. Artıq o həvəs qalmayıb.

- Futbol rahat idi, yoxsa biznes?

- Futbol sevib-seçdiyim, bacardığım iş idi. Bu sahədə isə yeniydim. 3-cü ildir burdayam, açığı, 5-6 ay çətin oldu. Həm yeni sahə, həm futbolsuzluq… Bu yaxınlarda Bakıda idim, valideynlərimi görmək üçün getmişdim. İnanırsız, Bakıda Rusiya üçün darıxırdım. İnsan hər şeyə öyrəşir.

-Adamsın Lemparda bənzətdiyi Tərzin niyə Lempard ola bilmədi? Öz günahını nədə görürsən?

- Premyer Liqada 2011-ci ildə, 19 yaşımda debüt etmişdim. O vaxt yüksək dəstədə 3-4 gənc var idi. Araz Abdullayev, Qara Qarayev, Mirhüseyn Seyidov, Amit Quluzadə. Mən də perspektivli gənclərdən biriydim. Həmişə demişəm, yenə təkrar edirəm: çox səhvlərim oldu. O dönəmdə Qurban Qurbanov kimi məşqçinin əlinə düşsəydim, hər şey fərqli ola bilərdi. Ən böyük səhvim “Sumqayıt”dan ayrılmağım oldu. Aqil Məmmədov kimi məşqçi ilə çalışırdım. Çox gözəl insan və futbolçusunun arxasında duran məşqçi idi. Bizdə bəzi məşqçiləri çıxmaq şərti ilə digərləri üçün futbolçunu silmək su içmək qədər asandır.

- Gələcəklə bağlı futbol planların var? Məşqçilik, menecerlik...

- Açığı, dost-tanışlardan məşqçi işləməyimi istəyənlər var. Amma istəmirəm. Çünki mənə görə deyil. Məşqçi işləmək mənlik deyil. Bu dəqiqə əsas hədəfim indiki işimi böyütməkdir. Bir də, oğlumu futbolçu kimi yetişdirmək və gələcəkdə onu Azərbaycan millisinin heyətində görmək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"