Vobay: "Neftçi”ni onlarsız təsəvvür etmək mümkün deyil"

18 Sentyabr 2021 22:20 Müsahibə 2 966
Vobay: "Neftçi”ni onlarsız təsəvvür etmək mümkün deyil"

“Neftçi”nin “qızıl dövrü”nün unudulmaz simalarından biri Culius Vobay idi.

Mükəmməl texnikası və öldürücü zərbələri ilə seçilən “10 nömrə” öz oyunu ilə bakılı azarkeşlərin könlünə yol tapa bilmişdi.

Futbolçu karyerasını 2017-ci ildə bitirən Sierra Leone millisinin sabiq yarımmüdafiəçisi artıq məşqçilik fəaliyyətinə başlayıb.

Əslində, bundan xəbərsiz idik. Sportinfo.az-a geniş müsahibəsində özü açıqladı.

- Necəsən? Neynirsən? Nə işlə məşğulsan?

- Hər şey qaydasındadır. Yaşayıram, işləyirəm, dünyada baş verənləri izləyirəm (gülür).

- Futbol sahəsində işləyirsən yəqin.

- Təbii ki. Futbolda ilk addımlarımı atdığım “East End Lions” komandasında köməkçi-məşqçi işləyirəm. Həmçinin, eyni funksiyanı Sierra Leonenin U-23 millisində yerinə yetirirəm.

- Hansı kateqoriyalı məşqçi lisenziyasına sahibsən?

- C kateqoriyasını oxuyurdum. Lakin koronavirus pandemiyasına görə imtahanlar təxirə salındı. Yaxın aylarda imtahan verəcəm.

- Futbol oynamaq çətin idi, yoxsa məşqçi işləmək?

- Hər işin öz çətinliyi var. Həyatda tər tökdüyün nə iş varsa, orda mütləq çətinlik var. Lakin mənə görə, məşqçilik sənəti daha ağırdır. Futbolçunun işi məşq edib, 90 dəqiqə ərzində verilən tapşırıqları yerinə yetirməkdən ibarətdir. Məşqçinin üzərinə çox yük düşür: hər futbolçu ilə öz dilində çalışmalı, daim yeni nələrsə öyrənməli, kollektivə nəzarət etməli, həftəlik proqram hazırlamalı, uğursuz nəticələri təhlil etməli, rəqiblərin oyunlarını analiz etməli... Saymaqla qurtarmaz.

- Uzun illər Avropada top qovdun ki, Cənubi Kipr, Azərbaycan, Rumıniya və Sloveniya kimi ölkələrdə yaşamaq imkanın oldu. Maraqlıdır, məşqçiliyə nə əcəb Sierra Leonedə başladın?

- Bu, məndən asılı olan iş deyildi. Avropada Pro kateqoriyasına sahib olmaq üçün digər kateqoriyaları öz ölkəndə oxumalı, almalısan. C, B və A kateqoriyalarını Sierra Leonedə alandan sonra Pro üçün xaricə yollana bilərəm. Qayda belədir.

- Nə əcəb məşqçiliyi seçdin? Bir çox futbolçular agent, yaxud klub rəhbəri, rəsmisi olmaq həvəsinə düşür.

- İndi məşqçilik etməyim gələcəkdə 100 faiz məşqçi kimi çalışacağım anlamına gəlməməlidir. Bu bir başlanğıcdır. Belə deyim, bu sahədə nəyə qadir olduğumu görmək istəyirəm. Gələcəkdə bəlkə də məşqçi işləməyib, menecerliyə başlayaram. Hələ ki, kağızları masanın üstünə düzürəm. Görək sonda hansı kağız yerindən tərpənməyəcək.

- Azərbaycan futbolu ilə maraqlanırsan?

- Desəm ki, yaşananlardan xəbərdaram, yalan danışmış olaram. “Neftçi”ni sosial şəbəkələrdə izlədiyimdən, əsasən sabiq komandamda baş verənlərdən xəbər tuturam. İstər çempionatda, istərsə də avrokuboklardakı nəticələrdən.

- Yəqin ki, “Neftçi”nin əsas rəqibi “Qarabağ”ın 7 illik çempionluq sindromuna son qoyduğundan xəbərdarsan...

- Bilirəm, xəbərim var. Həqiqətən də, çox sevindim. Bilirsiz, “Neftçi” “Neftçi”dir. O klubda, komandada kimlərin rəhbərlik edib, kimlərin məşqçi işləyib, kimlərin futbol oynamasına baxmayaraq, “Neftçi” adı üstündədir. Ona görə də çempionluq adına görə ölkənin böyük qisminin sevindiyini düşünürəm. “Neftçi” Azərbaycan futbolunun tarixidir.

- “Neftçi” 8-10 il əvvəl fantastik heyətə malik idi: səninlə yanaşı, Flavinyo, Kanales, Ramos, Bertuççi, Stamenkoviç... Darıxırsan onlar üçün?

- Həqiqətən çox güclü heyətə sahib idik. Bu futbolçularla böyük işlər görüb, uğurlu nəticələr qazanmağı bacarmışdıq. Lakin futbol də həyat kimidir: heç nə əbədi olmur. Adlarını çəkdiklərinizdən bəzilər ilə ara-sıra yazışıram.

- Kimlərlə?

- Flavinyo, Bertuççi... Böyükağa Hacıyevin də dünyasını dəyişməsindən xəbər tutmuşdum. Azərbaycan futbolu və “Neftçi” ən böyük şəxsiyyətlərindən birini itirmiş oldu. Allah rəhmət eləsin! Allahdan ailəsinə səbr diləyirəm!

- “Neftçi” azarkeşlərinə sözün varmı?

- İlk növbədə salamlarımı çatdırmağınızı xahiş edirəm. “Neftç”nin uğur qazanmasında, biz futbolçuların inamlı oynamasında onların tribunada və tribunadan kənardakı dəstəyi böyük rol oynayıb. Hər zaman onlara təşəkkür etmişəm və yenə edirəm. Demək istəyirəm ki, “Neftçi”nin oyunundan, turnir cədvəlindəki mövqeyindən, qazandığı nəticələrdən asılı olmayaraq, “Neftçi”yə dəstəklərini davam etdirsinlər. Çünki “Neftçi”ni azarkeşlərsiz təsəvvür etmək mümkün deyil.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti