“Məncə, bu klubun büdcəsi “Qarabağ”dakından daha artıqdır” – Türkiyədəki legionerimiz

15 Sentyabr 2021 21:00 Müsahibə 1 799
“Məncə, bu klubun büdcəsi “Qarabağ”dakından daha artıqdır” – Türkiyədəki legionerimiz

“Ankara Keçiörengücü”nün adı azərbaycanlı futbolçulara yaxından tanış olmasa da, Vüsal İsgəndərlinin bu komandanın uğurları üçün tər tökməsindən sonra paytaxt təmsilçisinə maraq artıb.

Məşqçilər heyətinin geridə qalan 4 turda əsas heyətdə şans verdiyi 25 yaşlı yarımmüdafiəçi Türkiyədə qol hesabını açmağa imkan tapıb.

Həm şərəfini qoruduğu klub, həm Türkiyə futbolçu, həm şəxsi həyatı, həm də milli ilə bağlı suallara cavab tapmaq üçün Vüsalla əlaqə saxladıq. Legioner futbolçumuz Sportinfo.az-ın suallarını ətraflı şəkildə cavablandırdı.

- Müsahibəyə “işlərin necə gedir” sualı ilə başlamaq istəmirəm. Səs tonundan işlərin “yağ kimi” getdiyi hiss olunur.
- Bu günümüzə şükürlər olsun. Bura gəldiyim ilk günlərdən özümə qarşı inam görmüşəm və görməkdəyəm. Əvvəl yoldaşlıq görüşlərində beləydi, indi də rəsmi matçlarda. Bu da məni ümidləndirir, motivasiyamı artırır. Xeyli vaxtdır burdayam, artıq komandaya, şəhərə və mühitə alışdığmı deməliyəm.

- Qaçırdığın qol imkanlarını dəyərləndirsəydin, bombardirlər siyahısında yer alardın.
- Bilirəm-bilirəm. “Samsunspor”la sonuncu oyunda da əla şansım var idi. “Eyüpspor”la qarşılaşmada da vurduğum top dirəyə tuş gəldi, digər epizodda rəqib qapıçı yaxşı qurtarış etdi. Qol vurduğum “Adanaspor” oyununda daha bir dəfə fərqlənməyə yaxın idim.- İmkanları boşa verməyin sənə problem yaratmır?
- Xeyr. Əksinə, məşqçilər heyəti ürək-dirək verir, növbəti matçlarda vuracağımı deyirlər. Ötənlərin məşhur futbolçusu Gökhan Ünal bu gün bizdə məşqçilər korpusunda yer alıb. Məşqdən sonra qalıb, mənimlə məşq edir, qol epizodlarından maksimum yararlanmağın, nəyi necə etməyin yollarını göstərir. Bir sözlə, hamı bir-birinə arxa-dayaqdır.

- 4 oyuna cəmi 4 xal. Rəhbərlik nə deyir?
-“Altınordu”nu udurduq, 90-cı dəqiqədə qol buraxdıq. Halbuki, qələbəyə layiq futbol sərgiləmişdik. “Adanaspor”u məğlub etdik. Uduzduğumuz 2 rəqibin adı isə hər şeydən xəbər verir. “Samsunspor”la “Eyüpspor”un büdcəsi 1-ci Liqanı aşır. Belə deyim, “Qarabağ”la “Neftçi” səviyyəsində maaş verirlər. Üstəlik, şəraitləri, azarkeşləri... Çempionatın favorit komandalarıdır və hər iksinə səfərdə məğlub olduq. Qarşıda bizi “Boluspor” və “Balıkesir” matçları gözləyir. Bu oyunlarda uduzmaq haqqımız yoxdur. Çünki heç kim qəbul etməyəcək.

-Maliyyə şərtləri necədir orda?
- Ümumi götürsək, Azərbaycandakından üstündür. “Samsunspor”, “Ankaragücü”, “Eyüpspor”, “Denizlispor” və daha 2-3 klubun büdcəsi “Qarabağ”la “Neftçi”ninki qədər var. Məncə, “Samsunspor”un büdcəsi “Qarabağ”dakından daha artıqdır. Fantastik büdcələri var.

- Mənzil və avtomobillə təmin olunmusan?
- Əlbəttə. Rəhbərlikdə ilk söhbətimizdə mənzil və avtomobil verəcəklərini demişdilər, sözlərinin üstündə durdular.

- Belə çıxır ki, Türkiyənin 1-ci Liqası səviyyə və şərait baxımından Azərbaycan Premyer Liqasını üstələyir?
- Bu mövzuda müqayisə aparmaq istəmirəm. Yazıb-pozmaq, araşdırmaq siz jurnalistlərin işidir. İmkan edib Türkiyəyə gəlin və bir neçə klubun bazasına baş çəkin, oyunları izləyin. Məncə, ən yaxşı müqayisəni siz apararsız. Burda bilirsiz, necədir? Rəhbərlik futbolçuya hər cür şərait yaradır ki, sabah futbolçu nədənsə gileylənməsin, sözün qabağına söz qoymasın.

-Namiq Ələsgərovla danışırsan?
- Açığı, “Bursaspor”a gəlməmişdən əvvəl danışmışdım. Haqqında yazılanları oxuyurdum və bilirdim ki, Türkiyəyə gəlir. Danışdıq və ona düşünmədən bura gəlməyi tövsiyə etdim. Bu gün oyunları var, axşam, inşallah, yenə yazıb, maraqlanacam.

- Oktyabrın 31-də sənin “Ankara Keçiörengücü”nlə Namiqin “Bursaspor”u qarşılaşacaq. Bu oyunun sənin üçün hansısa önəmi var?
- Sıradan oyun olacaq. İnanırsız, Azərbaycanda necə maraq varsa, burda da bu məqama diqqət göstərirlər. “İki azərinin qarşılaşması” deyirlər. Həm Namiq, həm də mən meydana çıxıb komandamızın uğur qazanması üçün çalışacağıq.

- Yığma mövzusunda nə düşünürsən? Legioner futbolçunun millidən dəvət almaması birmənalı qarşılanmamalıdır.
- Çox yaxşı mövzuya toxunduz. Öncə bir məsələyə aydınlıq gətirmək istəyirəm. “Adanaspor” matçından əvvəl prezidentin köməkçisi otağıma gəlib, Arif Əsədovun açıqlamasını göstərdi. Arif müəllim Namiq haqqında danışsa da, mənim adımı çəkməmişdi. Bu da rəhbərlikdə sual yaratmışdı. Hətta həmin adam üzümə dedi ki, Namiq hələ legioner həyatına başlamayıb, amma adını yığmayla yanaşı çəkilir. Sən isə, oynaya-oynaya yada düşmürsən. Namiqin xətrini dünyalar qədər istəyirəm, bu, öz yerində. Sadəcə, rəhbərlikdən belə bir mesaj aldım.

- Və...?
- Bu söhbətdən sonrakı müsahibədə “mən niyə milliyə çağrılmamışam” deməmişəm. Heç bundan sonra da deməyəcəm. Mənim işim futbol oynamaqdır. Baş məşqçi mənə buna qədər bir neçə dəfə güvənib, ehtiyac olarsa, yenə şans verər. Sadəcə, adama ağır gəlir. Ölkə xaricindəsən, daim oynayırsan, qol vurursan, amma adın çəkilmir, diqqət göstərilmir. Bir az buna görə narahatlığım var. Vallah, burda da futbolçu yoldaşlarım, rəhbərlik niyə millidən kənarda qaldığımı soruşur, maraqlanır. Səbrli olaq, inşallah, yaxşı olar.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti