"Sakit biri olsam da, bundan heç kim sığortalanmayıb" - MÜSAHİBƏ

15 Sentyabr 2021 14:00 Müsahibə 1 146
"Sakit biri olsam da, bundan heç kim sığortalanmayıb" - MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasında yeni mövsüm surpriz nəticələrlə start götürüb.

Bu nəticələr arasında "Səbail"in ilk 3 turda iki qələbə qazanması da xüsusi vurğulanmalıdır.

Bütün bunlar barədə komandanın "Sumqayıt" üzərində sonuncu qələbəsinin memarı Cabir Əmirli Sportinfo.az-a müsahibə verib.

- Sənin vurduğun qolla "Sumqayıt" üzərində minimal hesablı qələbə qazandınız. Komandanı əldə olunan 3 xala görə sənə borclu saya bilərik?

- Tək mənim yox, bütün komandanın zəhməti var qələbədə.

- Oyundan öncə şanslarınız az qiymətləndirilirdi. Amma əksi baş verdi. Qələbə qazanmağınızda nələr əsas rol oynadı?

- Fikrimcə, yaxşı oynadıq, oyundan öncə verilən tapşırıqları yerinə yetirə bildik. Rəqib ilk hissənin əvvəlində bizi basqı altında saxlamaq istəsə də, tədricən oyunu bərabərləşdirdik. İkinci hissədə də qələbə topunu vura bildik. Son dəqiqələr gərgin keçsə də qələbə hesabını qoruya bildik. Qol epizoduna gəldikdə Ruslana qarşı qayda pozuntusu olmuşdu. Rəqibin başı qarışdığından Rahidlə epizoddan istifadə etdik.

- Həmin epizodla bağlı rəqibin ciddi etirazı oldu. Mübahisə yaradan epizodu sən necə qiymətləndirərdin?

- Hakim qayda pozuntusu olan yerə yaxın idi. Yəqin ki qaydadan kənar bir hal olsaydı fit çalıb cərimə zərbəsini yenidən vurulmasını bildirərdi.

- Eyni hal sizin də başınıza gəlsə, etiraz olardımı?

- Meydanda futbolçular emosiyalara çox qapılır. Yəqin ki həmin epizodun qol ilə nəticələnməsi də etirazların artmasına səbəb oldu. Rəqibin qapıçısına da sarı vərəqə göstərildi. Adi aut atışları zamanı belə futbolçular hakimə çılğınca etiraz edə bilir. Təbiətcə sakit biri olsam da, bundan heç birimiz sığortalanmamışıq.

- Təbiətcə sakit biri olduğunu dedin. Amma son oyun meydanda olan ən aktiv futbolçulardan idin. Bu aktivliyi sabiq komandana qarşı oynamağınla əlaqələndirmək olar?

- Xüsusi kökləndiyim rəqib yoxdur. oynadığım mövqe 90 dəqiqə ərzində hücuma dəstək olmağımı və müdafiyəyə geri dönməyimi nəzərdə tutur. Meydanda gəzərək futbol oynayan oyunçu tanımıram

- Arxada qalan 3 turda artıq iki qələbəniz var. Bunu həqiqətən də gəzərək yox, döyüşərək qazanmısınız. Belə davam etmək çətin olmayacaq?

- İngiltərədə "Lester" çempion olan il baş məşqçiləri "Premyer Liqada qalmaq üçün 40 xala ehtiyac var" deyirdi. Böyük danışmayım, amma belə bir deyim var: iştah diş altındadır. Heyətimizdə yeni oyunçular kimi, təcrübəli və gənc oyunçular da yer alır. Hər komandanın mövsüm ərzində enişi ve yüksəlişi olur. İnanıram ki, komanda olaraq hər növbəti oyun daha da yaxşı nəticələr əldə edəcəyik.

- Mövsüm başlamadan öncə autsayder qismində iki komandanın adı çəkilsə, biri mütləq "Səbail" olardı. Hazırda isə komanda ən yaxşı nəticə göstərən 4 kollektivdən biridir. Bugünkü nəticəni yekun nəticə kimi indi sizə təklif etsələr iki əlli razılıq verərsiz?

- İnanıram ki, 3 turun nəticəsinə görə deyil, mövsümün yekununda avrokuboklarda oynamaq hüququ qazanacağıq.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular