"Düzdür, “Qarabağ”la “Neftçi” güclüdür, amma... " – Rusiyada oynayan azərbaycanlı

14 Sentyabr 2021 20:40 Müsahibə 1 794
"Düzdür, “Qarabağ”la “Neftçi” güclüdür, amma... " – Rusiyada oynayan azərbaycanlı

Rusiyanın FNL adlanan 1-ci Liqasında bizlərə yaxşı tanış olan azərbaycanlı futbolçu çıxış edir.

Samir Məsimov ad-soyadı futbolsevərlərin yaddaşında “Neftçi”dəki çıxışı, xüsusən ölkə kubokunun 2013-14 mövsümünün finalında “Qəbələ”nin qapısına vurduğu qolla qalsa da, müxtəlif vaxtlarda “Şüvəlan”la “Keşlə”nin uğurları üçün də tər töküb.

Ötən mövsüm “Olimp-Dolqoprudnıy” ilə aşağı dəstədən FNL-ə yüksələn Samirlə müsahibənin sizlər üçün maraqlı olacağını nəzərə alıb, 26 yaşlı futbolçu ilə əlaqə saxladıq.

- “Olimp”də işlərin necə gedir?
- Pis deyil. Yavaş-yavaş irəli getməyə çalışıram (gülür). İnşallah, təcrübə topladıqca daha yaxşı olur və olacaq.

- Statistikaya baxıram, ötən mövsüm komandanın FNL-ə yüksəlməsində böyük pay sahibi olmusan. 22 oyunda şans qazandığın halda, cari mövsümdə 6 matçda cəmi 144 dəqiqə forma geyinmisən Nə baş verir?
- Hər il eyni cür olmur. Futbolda bəzən rəhbər, bəzən məşqçi dəyişiklikləri olur. Belədə, kimsə şansını gözləməli olur. Durumumdan narahat deyiləm. Öz gücümə inanıram və əminəm ki, əsas heyətdəki yerimi qaytaracam.

- Rusiya Superliqasının səviyyəsi bizə məlumdur. Bəs, FNL-in səviyyəsi necə, Azərbaycanın yüksək dəstəsi ilə müqayisə oluna bilər?
- Burda çempionat güclüdür, çünki ciddi rəqabət var. Müqayisə etməli olsaq, Azərbaycan Premyer Liqası ilə FNL-in səviyyəsinin aşağı-yuxarı eyni olduğunu deyə bilərəm. Düzdür, “Qarabağ”la “Neftçi” güclüdür, yaxşı legionerləri var. Amma digər 6 komandanın gücü FNL-dəki komandaların səviyyəsi ilə eyni olar.

- Qazanc, maaş necədir orda?
- FNL-də 4-5 klubun imkanları yaxşıdır. Onlar aylıq 5-10 min dollar arası əməkhaqqı verə bilir. Digər 15 klubda isə aylıq maaş ortalama 2-4 min arasında dəyişir.

- Azərbaycan futbolu ilə maraqlanırsan?
- Desəm ki, bütün gücü oturub baxıram, maraqlanıram, yalan olar. İmkan düşdükcə saytlardan oxuyuram, baş verənlərdən xəbər tuturam.

- “Neftçi”ni izləyirsən?
- Tək “Neftçi”i ilə yox, hamısı ilə maraqlanıram – “Sabah”, “Keşlə”, “Qarabağ”... Demək olar, bütün komandalarda vaxtilə birlikdə oynadığım uşaqlar var. Danışırıq, dərdləşirik.

- Azərbaycan Premyer Liqası Rusiyadan necə görünür?
- Məncə, bu sualı kimə versəz, eyni cavabı alacaqsız. Çempionatın səviyyəsi ildən-ilə aşağı düşür. 7-8 il əvvəl mən orda olanda vəziyyət tam başqaydı. Çempionatda iddialı komandaların sayı çox idi ki, bu da rəqabət yaradırdı. Üstündən 2-3 il keçdi, rəqabət azaldı, amma çempionata maraq indikindən yüksək idi. 8 komandalı çempionatdır, çempionluq mübarizəsi 2 komanda arasında gedir. Yəqin ki, bu faktdan sonra əlavə nəsə deməyə gərək qalmır.

- Son illər Azərbaycan klublarından təklif almısan?
- Xeyr, elə bir şey olmayıb. Həm də, Rusiyada məni hər şey qane edir. Məqsədim burda oynamaq, daha irəli getməkdir. Rusiyada böyümüşəm, Rusiyada futbol oynamışam, doğmalarım burdadır. Özümü çox rahat hiss edirəm.

- 2014-ün mayında, ölkə kubokunun finalında vurduğun qoldan sonra “Neftçi” azarkeşlərinin rəğbətini qazanmağı bacardın. Həmin mövsüm Flavinyo, İqor Mitreski, Saşa Stamenkoviç, Rəşad Sadiqov, Mahir Şükürov kimi ulduzlarla çiyin-çiyinə çıxış edirdin. Arada xoş xatirə kimi xatırlayırsan?
- O vaxt gənc idim, 18-19 yaşım vardı. Və həmin dövrdə adların çəkdiyiniz və çəkmədiyiniz futbolçularla yanaşı oynamaq, hətta məşq etməyin özü belə, böyük təcrübə idi. Əlbəttə, xatırlayıram. Karyeramın ən parlaq və yaddaqalan dövrlərindən biri kimi qeyd edərdim o günləri. Kuboku qazandıq, üstəlik, səviyyəli legionerlərlə komanda yoldaşı oldum. Çox şey danışmaq olar.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti