“Niyə iranlı gəlib bizim millidə oynamalıdır?” – Rauf Əliyev “od püskürdü”

13 Sentyabr 2021 23:20 Müsahibə 2 004
“Niyə iranlı gəlib bizim millidə oynamalıdır?” – Rauf Əliyev “od püskürdü”

Ötən mövsümü sonuncu pillədə başa vuran “Səbail” cari çempionatda təəccübləndirməkdədir. Geridə qalan 3 turda aktivinə 6 xal yazan “dənizçilər” “Sabah” və “Sumqayıt” kimi iddialıları məğlub etməyi bacarıb.

Komandanın “vuran ayağı” Rauf Əliyev hələ ki, qol vurmasa da, təcrübəsi və əzmkarlığı ilə “Səbail”ə fayda verməkdədir. Millinin sabiq hücumçusu Sportinfo.az-a müsahibəsində ortaya çıxan sualları cavablandırdı.

- 3 oyunda 2 qələbə. Nə baş verir?

- Heç nə baş verməyib. Çıxıb futbolumuzu oynayırıq. Şükürlər olsun, 6 xal qazanmışıq. Əsas davamını gətirməkdir. Mövsümün sonuna qədər mübarizəni davam etdirəcəyik.

- 6 xalı “Səbail”in gücünün göstəricisi, yoxsa rəqiblərinizin “relsə düşməməsi” ilə əlaqələndirək?

- Rəqiblər deyəndə ki, 4 komanda hazırlığa hamıdan tez başlamışdı. Üstəlik, avrokuboklarda oyunlar keçiriblər, yoldaşlıq görüşlərinə çıxıblar. Digər komandalardan maliyyədə, şəraitdə geri qala bilərik. Amma sıradan komanda deyilik. Heyətimizə baxanda keyfiyyətli futbolçuların olduğu görünür. Məncə, daha artığını etmək olar.

- Tempi qoruyub-saxlamaq mümkün olacaq?

- Bunu zaman göstərəcək. Əsas odur mübariz, asan təslim olmayan komandaya sahibik.

- Mübariz komandanız var, başa düşdük. Pulunuz da var?

- Şükür Allaha, sürünə-sürünə də olsa, yaşayırıq. Əlbəttə, böyük pullar yoxdur. “Səbail”in büdcəsini hamı bilir. Bu günümüzə şükür.

- Komandanın qarşısına hədəf qoyulub?

- Bizdən tələb olunan yaxşı nəticə qazanmaqdır. Üst pillələrdə yer almaq üçün oynayacağıq.

- Avrokuboklara vəsiqə yuxu kimi görünür?

- Yuxu kimi görünməsə də, çətin olduğunu başa düşürük. Futbolda maliyyə və büdcə vacib rol oynayır. Amma bəzən istək və əzmkarlıq pulu üstələyir. Maliyyə şərtləri aşağı olsa belə, hər bir insanın, idmançının hədəfi olmalıdır. Nə qazanırıqsa, onun qarşılığını verməliyik.

- Millinin qapılarının Rauf Əliyevin üzünə bağlandığını düşünə bilərik?

- İnanın, bu barədə çox düşünmürəm. Uzun illər yığmada oynamışam və bundan qürur duymuşam. Bundan sonra qismətdir. Dəvət edərlər, can-başla oynayaram. Hər bir futbolçu istənilən vaxt millidə oynamaq istəyir.

- Bu gün yığmada Mahir Emreli, Ramil Şeydayev, Namiq Ələsgərov kimi hücumçular olduğu halda iranlı Əli Qurbanov ölkənin bir nömrəli komandasına cəlb olunur, üstəlik, əsas heyətdə yer alır. Bu mövzuda hədsiz narazılıq var. Sən nə düşünürsən?

- Mənim tək istəyim yığmalarda azərbaycanlı futbolçuların oynamasıdır. Əvvəl də demişəm, indi də deyirəm. Niyə iranlı gəlib bizim millidə oynamalıdır?

- Yəqin ki, cənubi azərbaycanlı olmayan iranlı demək istəyirsən.

- Cənubi azərbaycanlıları iranlı hesab etmirəm, onlar azərbaycanlıdır. Söhbət Azərbaycan dilində danışa bilməyən iranlıdan gedir. Meydanda bir-biri ilə ingiliscə danışırlar. Əli olmasın, lap Höccət olsun. Şəxsən mənə xoş deyil. Onsuz da bunlarla da Lüksemburqa uduzuruq. Qoy, elə azərbaycanlılar uduzsun da. Bilərəm ki, azərbaycanlım oynayır, meydanda can qoyur. Uduzmaq istəməyəcək ki, sabah camaatın üzünə necə baxacam, məhəllə uşaqlarına nə deyəcəm?

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"