“Onunla münasibətimi heç vaxt pozmaram” – klubsuz qalan Cavid Hüseynov

9 Sentyabr 2021 20:20 Müsahibə 1 770
“Onunla münasibətimi heç vaxt pozmaram” – klubsuz qalan Cavid Hüseynov

Yaxın keçmişdə ölkənin sayılıb-seçilən futbolçularından olan Cavid Hüseynov hazırda klubsuzdur. Mövsüm başa çatan kimi “Qəbələ”dən ayrılan sabiq milli üzvü hələ də özünə yeni iş yeri tapa bilmir.

Müəmmalı məsələ ətrafında səbəbkarla söhbətləşməyi vacib bildik.

Cavid Sportinfo.az-a müsahibəsində məlum durumla yanaşı, millinin son oyunlarından danışdı.

- Futbolsuz günlərin necə keçir?

- Şükür, salamatçılıqdır. Bekarçılıqdır (gülür). Bacardığım qədər fərdi məşq edir, vaxtımı əsasən ailəmlə keçirirəm.

- Nə əcəb klubsuz qalmısan?

- Nə bilim, vallah. Belə alındı.

- Soruşan, maraqlanan yoxdur?

- Görünən odur ki, istəyən yoxdur.

- Səbəb nədir, səncə?

- Səbəbi özümə də maraqlıdır. Bəzən nəsə olanda səbəbini bilirsən. Bəzən də elə olur ki, xəbərsiz qalırsan.

- Bəlkə çox pul istəyəcəyindən ehtiyatlanırlar?

- İnanmıram. Bu günə qədər soruşan, maraqlanan olmayıbsa, nə bilirlər nə istəyəcəm. Bir də ki, şükürlər olsun, oynadığımı oynamışam, gördüyümü görmüşəm. Bu dəqiqə mənə lazım olan futbol oynamaqdır.

- Yaş məsələsi necə?

- 33 yaşım var, bu dəqiqə oynayan vaxtımdır. Avropada, elə bizim özümüzdə də 35-36 yaşa qədər oynayırlar

- Xaraktercə danışan, haqsızlığı qəbul etməyən, sözünü deməyi bacaran birisən. Bəlkə bu, kimlərəsə sərf etmir?

- İnsanların nə düşündüyünü deyə bilmərəm. Yəqin nəsə var ki, belədir. Danışmağa gəlincə, biri var, artıq-əskik danışıb ab-havanı korlamaq, biri də var, komandanın xeyri üçün danışmaq. Mən heç vaxt ab-havanı pozacaq nəsə deməmişəm. Oynadığım futbol da, insanlığım da hamının gözü qarşısında olub.

- “Qocalar evi”ndən də təklif yoxdur?

- Ora haradı (gülür)?

- “Səbail”...

- Yox-yox, ordan da maraqlamayıblar.

- Son mövsümdə sərgilədiyin futbolun necə dəyərləndirirsən?

- Belə deyim, “Zirə”dən qayıdandan sonra lazımi qədər forma şansı qazanmadım. 2-3 oyunda meydana çıxdım, onda da ən yaxşılardan olmuşam. Sadəcə, sonradan yenə ehtiyatda qaldım. Onu deyə bilərəm ki, oynadığım oyunların heç birində meydanda ayaq sürüməmişəm, əksinə, komandama fayda vermişəm.

- Belədə, niyə davamlı şans qazanmadın?

- Onu mən deyə bilmərəm. “Qəbələ”yə qayıdandan sonra əsas heyətə düşmək üçün 7 tur gözlədim. Oynamamağımın səbəbi özümə də maraqlı idim. Elmar Baxşıyevlə söhbətim oldu və bundan sonra “Sabah”la Qəbələdəki matçda “11-lik”də yer aldım. O görüşdə necə oynadığım hamının yadındadı.

- Baxşıyevlə münasibətlərin necədir?

- Yaxşıdı (gülür). Bizim münasibətimiz həmişə yaxşı olub. Hələ uşaq yaşlarımda “Xəzər Universiteti”ndə onların yanında idim. Sonradan “İnter” və “Neftçi”də komanda yoldaşı olduq. Futbolun içində bilmədiyimiz şeylər var. Buna görə Elmar müəllimlə münasibətimi heç vaxt pozmaram. Ümumiyyətlə, heç kimlə.

- Bundan sonra necə olacaq?

- Yəqin ki, məşqçiliyə başlayaram. C kateqoriyası kurslarında 10 gün iştirak etmişdim. Millinin üzvlərinə avtomatik verilsə də, kurslarda oturmaq xoş idi. Hələ ki, gözləyirəm.

- Millinin son görüşlərini izləmisən yəqin.

- Bəli, baxdım.

- Nə deyə bilərsən?

- Hər bir azərbaycanlı kimi, mən də millinin azarkeşiyəm. Hamımız yığmanın uğur qazanmasını istəyirik. Onu deyim ki, bu gün milliyə kifayət qədər bacarıqlı futbolçular cəmlənib. Hamısı bacarıqlı, potensiallı uşaqlardır. Fikrimcə, Lüksemburq və İrlandiya ilə oyunlardan xoş nəticələrlə ayrılmaq olardı. Xüsusən irlandlardan buraxdığımız top yerinə düşmədi. Portuqaliya ilə görüş haqda əlavə şərhə ehtiyac yoxdur. Rəqibin gücü və səviyyəsi tablodakı rəqəmlərdə özünü göstərdi. Həqiqətən çox güclü rəqibdir.

- Qrupda qapazaltı olan millinin əcnəbi çalışdırıcıya ehtiyacı varmı?

- Bu haqda mənim nəsə deməyim doğru olmaz. Çünki qərar verən şəxs mən deyiləm. Mən futbolçuyam, işim futbol oynamaq, ən yaxşı halda futboldan danışmaqdır. Bununla bağlı AFFA rəsmiləri, Məşqçilər Komitəsinin üzvləri danışa bilər.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!