“Bu cür danışması dəhşətdir” – Vaqif Cavadovla səmimi söhbət

8 Sentyabr 2021 22:20 Müsahibə 1 225
“Bu cür danışması dəhşətdir” – Vaqif Cavadovla səmimi söhbət

Uzun illər yığmanın şərəfini qorumuş, daim özünəməxsus açıqfikirliliyi ilə seçilmiş Vaqif Cavadov millinin Portuqaliya ilə oyunundan sonra fikirlərini Sportinfo.az ilə bölüşüb.

Həmin müsahibəni təqdim edirik.

- Oyunu stadiondan birbaşa izləyirdin. Komanda öz oyunu ilə səndə hansı fikirləri yaratdı?

- İrlandiya ilə görüşdə komanda xoş təsir bağışladı. Xüsusən əzmkarlığı qeyd edərdim. Portuqaliya ilə matçda futbolçular aşağı-yuxarı irlandlara qarşı oynayanlar olsa da, rəqibin adı çox şeydən xəbər verirdi. Fərdi səhvlərimizdən qollar buraxdıq. Bu da bizim əbədi “xəstəliyimizdir”.

- Portəgizlər millimizlə görüşdə sanki məşq edir, məzələnirdi...

- Məzələnirdilər deməzdim. Ola bilsin, rahat və arxayın oynayırdılar deyə, belə düşünürsüz. Təəssüf ki, onları arxayın olduqlarına görə təhbeh edə bilmədik.

- Oyuna baxa-baxa əsəb keçirirdin?

- Düzünü desəm, daha çox baş məşqçinin əvəzetmələrinə görə əsəbləşirdim. Hamının gördüyü səhvləri Canni de Byazi də gördüyü halda, əvəzetmələri vaxtında yox, hər şey əldən çıxandan sonra edirdi. Kimin harda səhv etdiyini görürsənsə, 75 dəqiqə gözləməyin mənası nədir?

- Ramil Şeydayevin sona qədər ehtiyatda qalıb, Əli Qurbaninin oyuna qoşulmasına nə deyirsən?

- Mənim nə Qurbani ilə prinsipim var, nə də Ozobiçlə. Vaxtilə Berti Foqtsun dönəmində də millidə legionerləşməyə qarşı olduğumu deyirdim. Bu gün də həmin fikirdəyəm. 2-3 il bundan əvvəl hamımız “Ramil, Ramil” deyirdik. Son vaxtlar ideal formasından nisbətən uzaq düşüb deyə, özünəgüvəni itirib. Onu qaytarmaq üçün oynatmaq, şans vermək lazımdır. Çünki bizimkidir, talantı var, yaşı da 24-dür. Sabah baş məşqçi dəyişikliyi olsa, Qurbani yada düşməyəcək. Bizə qalan yenə Şeydayev olacaq.

- De Byazinin nəyi olmasa da, şirin vədlər verməklə yaxşı danışmağı var. Səncə, nəyisə dəyişə biləcək?

- Şirin vədlərini deyə bilmərəm, mənim diqqətimi çəkən bu məşqçinin mövqeyini dəyişməsidir. Yeni gəldiyi vaxtlarda başqa cür danışırdı, indi başqa sözlər deyir. O vaxt deyirdi, burda potensiallı futbolçular var, onlarla işləmək, nəticə qazanmaq olar-filan. İndi deyir, zəifik, yerimiz sonuncu yerdir. Ümimiyyətlə, onun kollektivə yanaşmasında qəribəlik var. Adam Emin Mahmudovu nümunə göstərmək istəyir, amma bunu digər futbolçuları aşağılayaraq edir. Onun Mahmudovla bağlı dedikləri digərlərinə qarşı hörmətsizlikdir. Avropa çempionatının final mərhələsinə komanda çıxarmış bir baş məşqçinin bu cür danışması dəhşətdir. Məşqçi açıqlama verəndə hər sözünə fikir verməlidir.

- Avropa vitrininə qoya biləcəyimiz futbolçularımızın sayı yox dərəcəsində azdır, yığmalarda əcnəbi məşqçilər bir-birini əvəz edir, milliləşdirmə prosesi hələ də davam edir. Çıxış yolu AFFA-da struktur dəyişikliyi deyilmi?

- Məşqçi və milliləşdirmə problemləri ilə bağlı dediklərinizlə razıyam. “Amma səviyyəli futbolçularımız yoxdur” iddiası ilə razılaşa bilmərəm.

- Yoxdur demədim, var, amma azdır. Portuqaliya ilə matçda kimin hansı səviyyədə olduğunu gördük.

- Portuqaliya ilə qarşılaşmanı əsas götürməyimiz doğru olmaz. Öz aramızdır, bu gün dünyada neçə komanda onlarla başa-baş oynaya bilir? 100 milyona yaxın əhaləsi olan Türkiyənin Avropa və dünya çempionatlarının final mərhələsində oynamış yığması Niderlanddan 6 top buraxır. Üstəlik, bu Niderland bildiyimiz möhtəşəm heyətə malik Niderland da deyil. Bu o demək deyil ki, Türkiyə millisində səviyyəli futbolçular yoxdur.

- Malı mala qatmayaq. Türkiyənin başına gələn qəza idi.

- Qəzadı, hər nədi, nəticə göz önündədir. Deməyim odur ki, bizimkilərə Portuqaliya ilə oyunda qiymət verməyimiz düzgün deyil.

- Bəs əcnəbi mütəxəssislərə hədsiz güvən? Milliləşdirmə? Bunlara nə deyirsən?

- İstənilən halda, dəyişikliklərə ehtiyac var. Mütləq nələrsə etməliyik. Mənim fikrimi bilmək istəyirsizsə, yığmalarda legionerlərdən imtina etməklə gənclərə şans verilməsinin tərəfdarıyam. Tək Azərbaycanda yox, ölkədən kənarda futbolla məşğul olan, futbol oynayan azərbaycanlıları tapmalıyıq. Xüsusən də uşaq futboluna diqqəti artırmalıyıq. Bu yaxınlarda Azərbaycanla Türkiyənin 17 yaşa qədər futbolçuları qarşılaşdı. Rəqibin heyətindəki gənclərin demək olar hamısı öz komandalarında əvəzedici heyətlərdə oynayır. Bizdə 16-17 yaşlı futbolçular əsas komandada demirəm, əvəzedicilərdə çıxış edirmi? Varsa, sayları neçə nəfərdir? Vaxt keçir, illəri itirə-itirə gedirik. Problem milliləşdirmədə, baş məşqçinin kimliyində deyil. Nə qədər ki, uşaq futboluna lazımi diqqət göstərilmir, yerli mütəxəssislərə şans verilmir, inanın, bu cür davam edəcək. Qlobal dəyişikliklərə getmək lazımdır, başqa yolu yoxdur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti