“İtib-batan” futbolçu menecerlərdən "od püskürdü”: “Onu məndən küsdürdülər”

6 Sentyabr 2021 20:00 Müsahibə 2 393
“İtib-batan” futbolçu menecerlərdən "od püskürdü”: “Onu məndən küsdürdülər”

Elnur Abdulov Sportinfo.az-a müsahibə verib.

Bir vaxtlar "İnter"də (indiki "Keşlə") parlaq çıxışı ilə gündəmə gələn və sonra hətta "Qarabağ"a transfer olunan yarımmüdafiəçi sonralar "Rəvan" və "Şahdağ" kimi klublarda çıxış elədi.

Elnurun tez parlayan ulduzu tez də sönmüş oldu. Bir müddətdir səs-sorağı eşidilməyən Abdulov bütün bunlarla bağlı müsahibəsində ətraflı danışıb.

- Elnur, hazırda nə işlə məşğlusan?

- Bekarçılıqdır...

- Gənc yaşlarında İnter" və "Qarabağ" kimi klublarda oynasan da, sonra kölgədə qaldın. Nə baş verdi?

- Sonuncu dəfə Premyer Liqa klublarından "Sumqayıt"da oynadım. Ən son isə "Şahdağ"da çıxış elədim. Zədə aldım deyə bir il müalicə aldım. Sonra alınmadı. Mən də futbol karyeramı bitirdim.

- Bundan sonra nə etməyi düşünürsən?

- İndi məşqçiliyə başlamaq istəyirəm. Oxuyub, kateqoriya almağı düşünürəm.

- Bir vaxtlar yaxşı gələcək vəd edən gənc futbolçularımızdan sayılırdın. Niyə gözləniləni verə bilmədin?

- Bəzi "analoqu olmayan" menecerlərin məndən xəbərsiz nələrsə etməsi inkişafıma mane oldu. İlk dəfə özümü göstərməyə "İnter"də (indiki "Keşlə") başlamışdım. Hər şey yaxşı gedirdi. Gündəmdə olduğum günlər telefonum zənglərdən dayanmırdı. Məni Azərbaycan futboluna tanıdan baş məşqçimiz Kaxaber Sxadadzeni məndən küsdürdülər. Hər şey bundan sonra oldu. Mən də məcbur "İnter"dən ayrılmalı oldum. "Qarabağ"a getdim. Sonra müxtəlif klublarda oynadım. Kimlərsə fikirləşirdi ki, pula görə "İnter"dən ayrıldım. Amma əsla elə deyildi. Mən futbolla qurtardım. Yeni gələn cavan nəsilə şərait yaradaq. Azərbaycanlı uşaqlara dəstək olaq. Onları üstün tutaq. Heç vaxt onlara paxıllıq etməyək.

- Həqiqətən də bu günə kimi də əksəriyyət pula görə "İnter"i "Qarabağ"a dəyişdiyini düşünür. Bəs həqiqət necə olmuşdu?

- Reallıq odur ki, "İnter"dən məcburiyyətdən ayrılası oldum. Həmin vaxt "Qarabağ"da aldığım pulun daha çoxunu "İnter"də qazana bilərdim. Məsələ pulda deyildi. Kimlərsə məndən xəbərsiz başqa klublarla danışıq aparmışdı. Bu da xoşa gələn olmadığı üçün komandamı sonda məcbur olub dəyişdim.

- Belə başa düşdüm ki, nə özün, nə Sxadadze bu ayrılıqda maraqlı olub. Sadəcə, menecerlerin araya girməsi gürcüstanlı çalışdırıcını sərt qərar verməyə vadar edib...

- Əlbəttə, belə olub. O yaşımda Premyer Liqada oynamağım elə belə şey deyildi. Kim istər ki, isti yerini dəyişsin? Sadəcə, Kaxanı məndən küsdürdülər. Məni Azərbaycan futboluna o tanıtdırmışdı.

- Səncə, onun yanında qalsan daha yaxşı karyera yaşaya bilərdin?

- Əlbəttə. "İnter"də qalsaydım hal-hazırda da oynayırdım. Bu da bir qismət, bir imtahan. Futbolçu kimi alınmadısa, məşqçi kimi alınar, inşallah.

- Elnur, düşünmürsən ki, "Qarabağ"da uğurlu ola bilməməyində "İnter"dən belə ayrılmağın psixoloji təsiri də əsas rol oynadı?

- "Qarabağ" mənim üçün pis olmadı. "Qarabağ"dan narazılığım yoxdur. Ora öz istəyimlə getmişdim, öz istəyimlə də ayrıldım. Futbolda nə olacağını bilmək olmur. Amma düşünürəm ki, mənim üçün ən yaxşısı gərək "İnter"dən ayrılmazdım.

- Dedin ki, Azərbaycanda tanınmağına Kaxaber Sxadadze kömək olub. Gürcüstanlı çalışdırıcı xatirəndə necə biri kimi qalıb?

- Məncə, Azərbaycana gəlmiş məşqçilərdən ən yaxşısıdır. O, həmin dönəmdə gənc futbolçulara çox üstünlük verirdi.

- Sonralar aranızda baş verənlərlə bağlı söhbət oldumu?

- Oldu. Amma artıq gec idi.

- Karyerana zərbə vurduğunu dediyin həmin menecerləri bəs, necə, onları görürsən?

- Xeyr, görmürəm. Heç görmək də istəmirəm.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti