"Milliyə çağrılmadığım üçün o insanların əziyyətini yerə vura bilməzdim"

31 Avqust 2021 16:00 Müsahibə 1 201
"Milliyə çağrılmadığım üçün o insanların əziyyətini yerə vura bilməzdim"

Türkiyənin I Liqasında 3-cü turun oyunları keçirilir.

Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Adanaspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Vüsal da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib. Azərbaycanlı yarımmüdafiəçi 52-ci dəqiqədə fərqlənməklə komandasının ikinci qolunu vurub.

Bununla da o, yeni komandasının heyətində Türkiyədə qol hesabını açıb. “Keçiörengücü” üç turdan sonra 4 xalla 19 kollektiv arasında 6-cıdır.

Sportinfo.az-a müsahibə verən millimizin sabiq üzvü bu və digər məsələlərlə bağlı suallara aydınlıq gətirib.

- Ötən tur Türkiyə karyeranda ilk qolunu vurdun. Təəssuratların necədir?

- Çox şükür qol vura bildim. Bundan sonra üzərimdə daha çox çalışmalıyam. Özümə çox güvənirəm. İnanıram ki, Allahın izni ilə daha çox çalışmaq və daha çox istəkli olmaqla uğur qazana bilərəm.

- Oyunlarda çox həvəsli və aqressiv görünürsən. Sanki özünü kiməsə isbatlamaq üçün meydana çıxmısan. Belə motivasiyan nədən qaynaqlanır?

- Yox, özümü kiməsə göstərmək istəmirdim. Onsuz da hər kəs üstün və zəif cəhətlərimi bilir. Oyundan əvvəl klub prezidenti və digər rəhbər şəxslər mənimlə danışdılar. Belə həvəs və istəklə oyunlara çıxarsam hər şeyin yaxşı olacağını dedilər. Bundan əlavə milli komandaya dəvət almamağım da məni bir az daha motivasiya elədi. Çünki hər oyun milli komandaya layiq olduğumu daha çox sübut etmək istəyirəm.

- Son oyun əla matc keçirdin. Görüşdən sonra xüsusi təbriklər aldın?

- Oyundan sonra mənim bura gəlməyimi çox istəyən və bunun üçün hətta 1 il gözləyən baş məşqçimiz İlker Puren təbrik etdi. Mənə çox güvənir. İnşallah, mən də o güvəni doğrultmaq üçün əlimdən gələni edəcəm.

- Vüsal, bəs baş məşqçinin narazı qaldığı hansısa detallar oldumu?

- Məncə, öncəki tur "Eyupspor"la matcda bir az diqqətli olsam 2 qol vura bilərdim. Həmin qaçırdığım epizodlarla bağlı sabiq "Qalatasaray"lı hücumçu Gökhan Unalla xüsusi məşqlərimiz oldu. Çox şükür bu tur həmin əlavə məşqlərin bəhrəsin gördüm.

- Xüsusi hazırlıq keçməyi Gökhan özü səndən istədi?

- Arxada qalan həftə həmin epizodlarla bağlı mənimlə çox çalışdı. Amma belə normalda da mənə çox dəstək olur.

- Türkiyədə uğurlu oyunlar keçirsən də milli komandaya çağrılan heyətdə adın olmadı. Komanda yoldaşların və baş məşqçi bununla bağlı səninlə hər hansı söhbət etdimi?

- Milli komandaya çağrılmadığımı oyun günü bildim. Birinci baş məşqçimiz həvəsdən düşməməyimi istədi. Hələ yolun başında olduğumu dedi. Sonra kapitanlar yolda mənimlə söhbət etdi. Həmin gün 3 xala böyük ehtiyacımız vardı. Milli komandaya çağrılmadığım üçün həvəsdən düşüb, o insanların əziyyətini yerə vura bilməzdim. Bu, "Keşlə"də də belə olub.

- Səncə, davamlı belə çıxış etsən, milli komandadan gözlənilən dəvət sənə gələ bilərmi?

- Milli komandadan nə vaxt dəvət gəlsə, gedib əlimdən gələni ölkəm üçün edəcəm. Mən də inanıram ki, yaxşı oyunlar göstərməyə davam eləsəm növbəti oyunlarda milliyə dəvət alacam.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti