"Neftçi"də buna görə nəticə əldə eləmək çətinləşir" - MÜSAHİBƏ

12 Avqust 2021 15:00 Müsahibə 1 379
"Neftçi"də buna görə nəticə əldə eləmək çətinləşir" - MÜSAHİBƏ

"Neftçi" bu gün Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Finlandiyada HİK-lə üz-üzə gələcək.

İlk görüşdə 2-2 bərabərə qalan təmsilçimizin bu oyundakı şansları, ümumiyyətlə, avrokuboklardakı çıxışı barədə futbol mütəxəssisi Əfqan Talıbovla söhbətləşdik.

- "Neftçi" artıq avrokuboklarda 5 oyun keçirib. Sizcə, komanda tam formalaşa bilib?

- "Neftçi"də 80% heyət formalaşıb. Amma zədə və cəza səbəbindən mövqelərdə problemlər yarandığı görsənir. Təbii ki, bir qədər əvvəldən heyəti gücləndirib, Çempionlar Liqasında daha uğurlu olmaq olardı.

- Düşünürsüz ki, "Olimpiakos"u keçmək olardı?

- Bəli. "Neftçi" hazırkı məqamda o qədər də güclü olmayan "Olimpiakos"la rəqabət aparıb, Çempionlar Liqasında qala bilərdi. Amma əfsuslar olsun ki, əsas qol silahlarından Namiq Ələsgərov zədə aldı. Ümumilikdə orta sahədəki yaradıcı futbolçuların oyununu hücumda tamamlamalı oyunçuya ehtiyac var.

- Hücum xəttinin axsadığını dediniz. Bəs müdafiə xətti haqqında hansı fikirdəsiniz?

- Arxada da səhvlər olur. Həm də çox adi səhvlər. Buna görə də nəticə əldə eləmək çətinləşir. Amma hücumu gücləndirmək daha çox lazımdır. Nə qədər yaradılan epizodlar qolla nəticələnsə o qədər yaxşı olar.

- Yaxşı nəticə üçün "Neftçi" bugünkü oyunda nəyə daha çox bel bağlamalıdır?

- HİK-in ilk oyunu göstərdi ki, rəqib açıq futbolu sevir. "Neftçi" səfərdə daha yaxşı oynamalıdır. Cərimə zərbələri və künc ötürmələrindən dəqiq istifadə etmək lazımdır. Finlandiyada hava sərin olacaq. Belə istidən elə havaya getmək yaxşı əhval-ruhiyyə yaradacaq. 2-2 hələ heç nə demək deyil. Deməli, şanslar 50/50-dir.

- Rəqib süni meydançada çıxış edir. Bu, "Neftçi" üçün nə dərəcədə çətinlik yarada bilər?

- Süni meydançada oynamaq "Neftçi"yə problem olacaq. Komandamız davamlı təbii meydanda məşqlər edir, oyunlar keçirir. Yalnız mövsüm ərzində bir neçə görüşdə süni meydan görür. "Neftçi" Finlandiyaya bir qədər tez getsə yaxşı olardı. Futbolçular stadiona müəyyən qədər uyğunlaşardı.

- HİK-in hansı özəlliyindən daha çox ehtiyat edilməlidir?

- Rəqib həttindən artıq sürətli hücumlar edir. Yeni transfer etdikləri oyunçular da var. Müdafiədə diqqətli olmaq lazımdır.

- Səfər oyunu üçün proqnozunuz nədir?

- Mənə elə gəlir ki, orada görüş əlavə vaxta gedə bilər. Səfər qolunun ləğv edilməsindən sonra hətta belə görüşlərin 11 metrlik cərimə zərbələrinə kimi uzanması ehtimalı yüksəkdir. Futbolçularımız buna hazırlaşmalı və bu detallar hamısı nəzərə alınmalıdır. HİK-lə oyun bəzi məqamlara görə bizə çətin olsa da səfərdə inamlı oynayıb, qalib qayıtmalıyıq.

- "Neftçi" nədə daha çox çətinlik yaşaya bilər?

- Ən əsas problemi hücumda görürəm. Əgər o mövqedə kəsər itsə, həttindən artıq müdafiə olunmalı olacağıq. Çünki heyətdə yaradıcı futbolçular çoxdur. Onların topsuz qalması problem yaradacaq. Yalnız Kanenin oyun stili fərqlidir. Emin, Buqrin və Meza Kollindən fərqli olaraq Kanenin top alması da yaxşıdır. Düşünürəm ki, ilk 15 dəqiqədə HİK hücumlara o qədər də çox çıxmayacaq. Çünki səfərdə 2-2 bitib. 1 qol onlara yetərlidir. "Neftçi" də ilk dəqiqələrdən səbrlə rəqibi gözləməlidir. Qol üçün tələsmək lazım deyil.

Xanoğlan İmanov / Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"