"Qarabağ" illərdir Azərbaycan futbolunu çiyinlərində daşıyır"

11 Avqust 2021 11:40 Müsahibə 1 780
"Qarabağ" illərdir Azərbaycan futbolunu çiyinlərində daşıyır"

"Sumqayıt"ın yarımmüdafiəçisi Elvin Məmmədov Sportinfo.az-a müsahibə verib.

- Yeni mövsümə hazırlıq necə gedir?

- Hazırlıqlar yaxşı gedir. Yeni mövsümdə yaxşı oyunla yadda qalmaq, həm öz, həm də komandamızın adını yuxarı qaldırmaq üçün mübarizə aparacağıq.

- Komandanız avrokuboklarda mübarizəni yenə ilk mərhələdə dayandırdı. Bunun üzüntüsünü üzərinizdən ata bilmisiniz?

- Düzdü, hələ də aramızda danışırıq ki, keçsək daha yaxşı olardı. Amma baş məşqçimiz sağ olsun, bizə həmin oyunu unudub, yeni mövsümə hazırlaşmağın vacib olduğunu deyir. Həmin həyəcanı yaşamaq üçün yenidən çempionatda yaxşı nəticə göstərmək lazımdır. Açığı, üzüntü hələ də var. Ancaq ilk tura kimi qalan bir neçə gündə onları da unutmağa çalışacağıq.

- "Keşlə" də "Sumqayıt" kimi mübarizəni erkən başa vurdu. Avrokuboklarda çıxışını davam etdirən "Neftçi" və "Qarabağ"dan gözləntilərin nədir?

- Ümid edirəm ki, hər ikisi də qələbə qazanar. "Qarabağ" illərdi Azərbaycan futbolunu çiyinlərində daşıyır. Bu dəfə "Neftçi" də mübarizəyə davam edir. Klublarımızın yaxşı nəticələri Azərbaycan futbolu üçün də önəmlidir. İnanıram ki, "Neftçi" və "Qarabağ" bu mərhələni keçəcək.

- Ötən ilki "Sumqayıt"a nisbətən bu il heyətin özəyini qorumaq mümkün oldu. Bu, yeni mövsüm uğurlu çıxış üçün əlavə inam verir?

- Kağız üzərində bəzi fovaritlər yazıla bilər. Amma futbol fərqli oyundur. Meydanda istəklə mübarizə aparılsa yaxşı nəticələr özü gələcək. Düzdü, bəzi mövqelərdə vacib futbolçularımız komandada qaldı. Qalır əməldə göstərmək. Bizə inamı olan insanların ümidlərini doğrultmaq lazımdır.

- İlk turda "Keşlə" səfərinə gedəcəksiniz. Startda qələbə qazanmaq çətin olmayacaq?

- Hər oyun çətin olacaq. Əsas da ilk oyunlar ağır keçir. Aşağı-yuxarı çempionatda bütün rəqiblər bir-birini yaxşı tanıyır. İnşallah, layiqli nəticələr göstərərik.

- Bəs özünü necə hiss edirsən? Yeni mövsümə tam hazırsanmı?

- Bəli. Məşqçimiz şans verəcəyi halda komandama kömək etməyə hazıram. İstər meydanda, istərsə də kənarda təcrübəmlə əlimdən gələni etməyə hazıram. Eynən də digər təcrübəli komanda yoldaşlarım. Kollektiv olaraq yaxşıyıq. İnşallah, yaxşı start verib, əla sonluqla mövsümü başa vurarıq.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti