"Zirə"də mənə olan münasibətə “yox” deyə bilmərəm"

26 İyul 2021 13:40 Müsahibə 921
"Zirə"də mənə olan münasibətə “yox” deyə bilmərəm"

“Zirə”nin yunanıstanlı legioneri Dimitrios Çantakias ölkəsinin mətbuatına maraqlı müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı müdafiəçi “Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsində “Olimpiakos”la keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb.

- Azərbaycana transferiniz necə baş tutdu?
- Bolqarıstanda birillik müqaviləm var idi, amma “Zirə”dən təklif gəldi. Mənə sıx maraq var idi, bu da transferə yol açdı. Əvvəlcə təklif barədə çox düşündüm. Ölkəni yaxşı tanımırdım, uzaqdadır, bir az təəccübləndim. Ancaq gələndə çox yaxşı təşkilatlanmış bir ölkə, Bakı kimi gözəl şəhər gördüm. Azərbaycanlılar çox gözəl insanlardır. Beləliklə, iki illik yeni müqavilə bağladım. “Zirə”nin keçmiş futbolçusu Tassos Papazoğlu əvvəllər burada oynamışdı, təklif gələndə onunla məsləhətləşmişdim. Mənə xoş sözlər söylədi. Mən də bu təklifdən sonra gələcəyimə inandım.

- Yunanıstanla Azərbaycan arasında nə kimi fərqlər var?
- Mentalitet və həyat tərzi o qədər də fərqlənmir. Yemək bir az daha ədvalı olur, amma həyat Yunıstandakına bənzəyir. Qəhvə, dostlarla gəzinti, az-çox yunanlara oxşayır. Bunu o qədər də gözləmirdim. Azərbaycanlılarla yaxşı dostluq edirəm, qardaş kimiyik. İlk günlər sürücüləri məni heyran etmişdi. Sürətlə gedirlər. Məsələn, yerinizi rahatlayıb-rahatlamamağınıza əhəmiyyət vermirlər. Avtomobil idarə edərkən çılğın olurlar.

- Ölkədə koronavirusla mübarizə necə gedir?
- Koronavirus pandemiyası ilə bağlı tədbirlər o qədər də sərt deyildi. Maska taxdıq, amma mağazalar bağlanmadı. Sadəcə gecəyə qədər açıq olur. Stadionlarda da azarkeş yox idi.

- “Olimpiakos”un “Neftçi” ilə oyunundan nə gözləyirsiniz?
- “Neftçi” ilə dəfələrlə qarşılaşmışıq, kubokda onları mübarizədən kənarlaşdmırmışıq. 2020/21 mövsümündə cəmi bir məğlubiyyət aldıq. “Olimpiakos” rəqabətli komanda gözləməli və arxayınlaşmamalıdır. Xüsusilə evdən kənarda əks-hücuma diqqət yetirməlidir. “Neftçi” əksər hücumlarda təhlükə yaradır.

- “Neftçi”nin ən təhlükəli oyunçuları kimlərdir?
- Diqqət mərkəzində saxlanılmalı olan oyunçulardan biri Sabir Buqrindir. Eyni zamanda Sezar Meza Kolli də çox təhlükəli futbolçudur. Şübhəsiz ki, “Olimpiakos” favoritdir, ancaq “Neftçi”yə yuxarıdan aşağı baxmamalıdır.

- Azərbaycan klublarını yunanlar üçün arzuolunmaz saymaq olar?
- Təmsilçilərimiz Azərbaycan klublarına qarşı çətinlik çəkirlər. Çünki azərbaycanlılar sürətli futbol oynayırlar. Yaxşı müdafiə olunur və vuruşurlar. Adətən klubları bir plan üzərində çalışırlar və bu üzdən Yunanıstan komandalarına çətin anlar yaşadırlar. Buradakı futbol Yunanıstandakı qədər keyfiyyətli deyil. Ancaq yenə də sürətlidir. Ləng müdafiəçi Azərbaycanda qaranlığa qərq olar. Ancaq topla rəftarı bilirsə, Yunanıstanda öhdəsindən gələcək.

- Yunanıstana qayıtmağı düşünmürsünüz?
- Əlbəttə ki, Yunanıstana qayıtmaq istərdim. Ancaq buradakı müqaviləmə və mənə qarşı olan münasibətə “yox” deyə bilmərəm. Kimsə məndən bura köçüb-köçməməsi barədə sual versə, mütləq bunu etməsini söyləyərəm. Bakıdakı həyat və klubumda çalışmağı çox sevirəm.

Digər Xəbərlər
Xəbər Lenti