"Qəbələ"dən mənə məşqçi kimi qalıb, kömək etməyimi istədilər, razılaşdım"

18 İyul 2021 15:00 Müsahibə 826
"Qəbələ"dən mənə məşqçi kimi qalıb, kömək etməyimi istədilər, razılaşdım"

35 yaşında futbolçu karyerasını başa vuran Rasim Ramaldanov, dünən rəsmi olaraq "Qəbələ"də məşqçi karyerasına start verdi.

Karyerası ərzində "Simurq", "Xəzər Lənkəran" kimi komandaların şərəfini qorumuş millimizin sabiq müdafiəçisi məşqçi kimi ilk müsahibəsini Sportinfo.az-a verib.

- Rasim, ilk öncə məşqçi kimi fəaliyyətə başlamağın münasibətilə təbrik edirəm.

- Çox sağ olun. Minnətdaram.

- Karyeranı başa vurmağın yaşınla bağlı oldu, yoxsa zədələr oynamağa imkan vermədi?

- Karyeramı demək olar keçən ildən bitirmişdim. Amma ötən mövsüm futbolçu kimi ili başa vurdum. Bəli, ağrılarım vardı. Müalicə elədim, amma düzəlmədi.

- "Qəbələ"də məşqçiliyə başlamağın necə alındı?

- "Qəbələ"dən məşqçi kimi qalıb, kömək etməyim təklif edildi. Ötən ildən yavaş-yavaş hazırlaşırdım. Şükür olsun ki, bu il rəsmiləşdi.

- İlk rəhbərliyin istəyi oldu, yoxsa Elmar Baxşıyev təşəbbüs göstərdi?

- Həm "Qəbələ" rəhbərliyi, həm də Elmar müəllim belə bir istəkdə olduqlarını bildirdi. Hər birinə çox sağ ol deyirəm. Ümidlərini doğrultmağa çalışacam.

- Ümumiyyətlə, əvvəldən karyeranı məşqçi kimi davam etdirmək planların vardı?

- Futbolçu karyeramı davam etdirəndə də düşüncəmdə nə vaxtsa məşqçi olmaq vardı. Yaxşı bir məşqçi olub, ümidləri doğrultmağa çalışacam.

- Artıq yeni vəzifənin icrasına başlamısan?

- Bəli, artıq məşqçi kimi fəaliyyətə başlamışam.

- Komandada son vəziyyət necədir?

- Hələ azərbaycanlı oyunçularla hazırlaşırıq. Yeni transferlər yoxdur. Yəqin ki, yaxın günlər yeni transferlər olacaq.

- Çox sayda futbolçu komandadan ayrıldı. Gənclərlə yeni mövsüm üçün hədəf nədir?

- Döyüşkən komanda yaratmaq istəyirik. Ən azından ötən mövsümkü komandanı qurmalıyıq.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti