"Xəzər Lənkəran" azarkeşləri hələ də mənim üçün 1 nömrədir"

10 İyul 2021 17:20 Müsahibə 1 333
"Xəzər Lənkəran" azarkeşləri hələ də mənim üçün 1 nömrədir"

Azərbaycanla Gürcüstanın tarixən futbol əlaqələri olub.

Bizim futbolçular onların, onların oyunçuları isə bizim çempionatda çıxış ediblər.

Yığmalar və klublar tez-tez həm yoldaşlıq, həm də rəsmi görüşlərdə üz-üzə gəliblər. Bir sözlə, futbol əlaqələri yaxşı mənada inkişaf edib.

Hazırda ölkəmizi Gürcüstanda yalnız İbrahim Qədirzadə təmsil edir. Yarımmüdafiəçi “Samtredia”nın formasını geyir. İbrahim 21 turdan sonra autsayder olan komandanın əsas üzvlərindədi.

Azərbaycanlı futbolçu “Samtredia”nın heyətində 15 çempionat matçına çıxıb.

Onun komandası oyunları doğma şəhərdə keçirsə də, məşqlərə Tiflisdə çıxır. “Dinamo” - “Neftçi” matçı üçün Gürcüstan paytaxtına səfər zamanı yarımmüdafiəçi ilə əlaqə saxlayıb, görüşdük.

Onunla iki ölkə futbolundakı fərqlər, oxşarlıqlar, gələcək karyerası ətrafında söhbətləşdik.

- 6 aya yaxındı Gürcüstanda yaşayırsan. Mentallıq və yaşam tərzi baxımından hansı fərqlər var? Nədəsə çətinlik çəkdinmi bura gələndən sonra?
- Heç bir problem yaşamamışam. Əvvəllər də milli komandaların heyətində təlim-məşq toplanışı üçün Gürcüstanda olmuşdum. Burda rus dilini bilənlər çoxdu. Azdan-çoxdan rusca danışa bilirəm. Bu dildə danışa bilməyən adamla rastlaşanda çətinlik çəkirsən, istədiyini başa sala bilmirsən. Yaşam tərzimizdə hansısa fərq yoxdu. Demək olar ki, eynidi. Gəldiyim gündən tez uyğunlaşmışam.

- Futbol barədə nə deyə bilərsən? Gürcüstan və Azərbaycan arasında hansı fərqli və oxşar cəhətlər var?
- Oyun baxımından hansısa fərq yoxdu. Bunu ötən müsahibəmdə də demişdim. Sadəcə, arenalar fərqlidi. Gürcüstan çempionatında çıxış edən üç klubun normal stadionu var. Amma Azərbaycan çempionatından çıxış edənlərin meydanları yaxşı səviyyədədi. Deməzdim ki, Gürcüstandakı stadionlar pis gündədi. Amma Azərbaycandakı arenalar daha üstündü. Burda daha mübarizəli futbol nümayiş etdirirlər. Azərbaycan premyer-liqasında isə texnikaya üstünlük verirlər. Gürcüstan çempionatında futbolçular taktiki gedişlərlə mübarizə aparırlar.

- Çempionatın təşkilatçılığında hansı fərqli məqamlar var?
- Bizim premyer-liqa daha səviyyəlidi. Klub futbolumuz gürcülərlə müqayisədə daha çox inkişaf edir. “Qarabağ” Çempionlar Liqasının, “Neftçi” və “Qəbələ” Avropa Liqasının qrupunda oynayıb. Bizim klublar Avropadakıları görə-görə inkişaf edib. Premyer-liqada matç bitən kimi baş məşqçi mətbuat konfransında iştirak edir, jurnalistlər onu sorğu-suala tutur. Elə olur ki, çalışdırıcı 40 dəqiqədən çox mediaya hesabat verir. Amma Gürcüstanda bu proses 2-3 dəqiqə çəkir. Bizdə futbolçulardan oyunsonrası müsahibələr götürülür, brifinqlər olur. Burda isə belə hallar az-az olur. Mən şəxsən burda belə halla rastlaşmamışam.

- Bəs azarkeşlik baxımından hansı ölkə daha üstündü? Sən ölkəmizdə ən çox fanatı olan “Xəzər Lənkəran”, “Qarabağ” və “Neftçi”də çıxış etmisən…
- Burda da yaxşı azarkeşlər var. Rayonlara gedirik və görürük ki, stadion fanatlarla doludu. Mən bura yeni gələndə çempionatda azarkeş qadağası var idi. Bu qərar götürüləndən sonra oyunlara çoxlu adam gəlir. “Torpedo”nun, həm Tiflis, həm də Batumi “Dinamo”sunun yaxşı azarkeş ordusu var. Lakin ən yaxşısı batumililərdi. Amma “Xəzər Lənkəran” azarkeşlərinə çata bilməzlər. Klub dağılsa da, bu komandanın azarkeşləri hələ də mənim üçün 1 nömrədi.

- Son illərdə Azərbaycan, Gürcüstan və Ermənistanı futbol baxımından müqayisə edirlər. Əksəriyyət deyir ki, klub baxımından bizimkilər daha üstün oyun sərgiləyir. Amma futbolçu yetişdirməkdə gürcülərlə erməniləri daha yaxşı sayılırlar. Bunu son illərdəki transferlərdən də görmək mümkündü. Azərbaycanlı və gürcüstanlı gənc arasındakı fərq nədi ki, onlar Avropaya daha çox transfer olunurlar?
- İndi bizim futbolçulardan təkcə Mahir Emreli ən üst səviyyədədi. Gürcülər isə daha yaxşı yerlərdədi. Çünki onlara tələbat var. Avropalılar Gürcüstanı futbol ölkəsi kimi tanıyır. Onların futbolçularını menecerlər, skautlar çox izləyirlər. Çünki futbolçuları daha üstündü. Amma çempionatları müqayisə etsək, premyer-liqa daha üstündü.

- Ermənilər haqda nəsə demədin.
- Onlar haqda danışmaq istəmirəm. Burda da yaxınlaşanlar olur, lakin fikir vermirəm.

- Hansısa problemin olub?
- Problem deməzdim. Bir dəfə taksi axtarırdım. Rusca danışırdım. Biri soruşdu ki, haralısan? Azərbaycanlı olduğumu bildirəndə, “qardaş, mən də erməniyəm” söylədi. “Sən mənim qardaşım olmaq şərəfinə layiq ola bilməzsən” deyib, uzaqlaşdım.

- Bayaq dedin ki, gürcülər bizim gənclərdən üstün olduqlarına görə Avropaya gedə bilirlər. O üstünlük nədən qaynaqlanır?
- Gərək futbol adamlarımız gənclərin üstünə çox düşsünlər. Burda çempionatda daha çox cavanlar meydanda olur. Məsələn, bizim komandada 2000-01-ci illərdə doğulan futbolçular mübarizə aparır. “Dinamo”nun heyətinə baxın, İki-üç nəfər 18-19 yaşlı futbolçu var. Bildiyim qədər çempionatda gənc oyunçularla bağlı limit yoxdu. 21 yaşlı futbolçu mütləq meydanda olmalıdı. Burda elə şey olmasa da, gənclər meydana çıxır. Bizdə ancaq büdcə aşağı düşəndə cavanlara və ya yerlilərə şans verirlər. Burda isə fərqli şərait yaradıblar. Yerli futbolçuların xaricə getməsinə çalışırlar ki, onların sayəsində klub pul qazansın. Fərq bundandı.

- Gələcəklə bağlı planların nədi?
- Bacardığım qədər oynamaq istəyirəm. Özümü yaxşı tərəfdən göstərməliyəm. Son oyunlarda zədəliydim. 4 qarşılaşmada buna görə meydana çıxa bilməmişəm. Son matçda zədəli halda 15 dəqiqə meydanda oldum. Burda qalmaq istəyirəm. Əlimdən gələni edirəm ki, diqqəti çəkim. Burdan Avropa klublarına keçmək daha asandı. Məhz bunun üçün çalışıram (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı