“Neftçi”dən mənə yaxşı təklif gəlmişdi, amma qəbul etmədim”

6 İyul 2021 18:00 Müsahibə 1 285
“Neftçi”dən mənə yaxşı təklif gəlmişdi, amma qəbul etmədim”

Sportinfo.az Gürcüstan futbolunun canlı əfsanəsi, Tbilisi "Dinamo"sunun, eləcə də, Türkiyənin "Trabzonspor", Niderlandın "Ayaks" və "AZ Alkmaar", Şotlandiyanın "Reyncers" və İspaniyanın "Levante" klublarının sabiq hücumçusu Şota Arveladzenin müsahibəsini təqdim edir:

Sabah doğma komandanız "Dinamo" Çempionlar Liqasının I təsnifat mərhələsində "Neftçi" ilə ilk oyununu keçirəcək. Bu görüşdən nə gözləyirsiniz?

- İlk növbədə, baxımlı oyun gözləyirəm. Fikrimcə, hər iki komanda açıq futbol oynayacaq. Maraqlı görüş izləyəcəyimizə ümid edirəm.

- Şansları necə qiymətləndirirsiniz?

- Tbilisi "Dinamo"sunun Batumi "Dinamo"suna evdə 1:2 hesabı ilə uduzduğu son oyununu izlədim. "Neftçi" hazırda daha güclü görünür. Bu, Azərbaycan təmsilçisi üçün bir qədər üstünlük ola bilər. Amma futbolda nəyin necə olacağını əvvəlcədən bilmək olmur. Tbilisi "Dinamo"sunun baş məşqçisini tanıyıram, təcrübəli mütəxəssisdir.

- Kaxaber Tsxadadze uzun illər Azərbaycanda işləyib. Bunu komandanız üçün üstünlük saymaq olar?

- Mən belə düşünmürəm. Çünki bu, yeni oyun, yeni reallıqdır. "Neftçi"nin heyətində yeni futbolçular var. Tsxadadze rəqib baş məşqçini yaxşı tanıya, onun bacarığına bələd ola bilər. Bu mənada, hansısa məqamda rəqibi təəccübləndirməsi mümkündür. Amma ümumi götürsək, aradan uzun müddət keçib. Demək olar ki, şanslar bərabərdir.

- "Neftçi"nin heyətində sizə tanış olan futbolçular var? Kimləri fərqləndirə bilərsiniz?

- Xeyr, heç kimi tanımıram. Ona görə də bu suala cavab verə bilməyəcəyəm.

- Maraqlıdır, oyunu stadiondan canlı izləyəcəksiniz?

- Əlbəttə. Mütləq oyuna baxmağa gedəcəyəm.

- Bir az da özünüz haqqında danışardınız. Özbəkistan "Paxtakor"undan ayrıldıqdan sonra işsizsiniz. İşinizə nə vaxt qayıdacaqsınız?

- Dəqiq vaxt deyə bilmərəm. Hələlik boşluqdur. Təklif gözləyirəm.

- Nə vaxtsa Azərbaycandan təklif almısınız?

- Xeyr, heç vaxt belə şey olmayıb.

- Axı, 2015-ci ildə "Neftçi"dən sizə təklif olmuşdu. Hətta Bakıya gəldiyiniz barədə məlumatlar var idi...

- Hə, bu söhbət çoxdan olub. Təklif gəlmişdi, maliyyə şərtləri də yaxşı idi. Amma qəbul etmədim. Çünki mənə uyğun gəlmədi.

- Ümumiyyətlə, ölkəmizdə işləmək istərdiniz?

- Ölkənizi çox sevirəm. Orada dostlarım var. Gələcəkdə nə olacağını bilmirəm.

- Azərbaycan futbolu haqqında nə deyə bilərsiniz?

- Düşünürəm ki, son 10 ildə futbola qoyulan böyük sərmayə nəticəsində müəyyən uğurlar qazanılıb. AFFA çox yaxşı işlər görüb. "Qarabağ" və adını xatırlamadığım digər klublarınız avrokubokların qrup mərhələlərində uğurla çıxış edirlər. Bunlar ciddi nailiyyətdir. Məsələn, Gürcüstana baxsaq, son 25 ildə cəmi 1 komandamız qruplara qalıb. Çempionlar Liqası isə bizə yuxu kimi gəlir.

- Azərbaycan və Gürcüstan futbolunu necə müqayisə edərdiniz?

- Bu, bir qədər fərdi yanaşma tələb edir. Fikrimcə, əsas fərq bizim oyunçuların Avropada daha çox çıxış etmələridir. Yəni, legioner futbolçularımız kifayət qədərdir (report).

Digər Xəbərlər
Xəbər Lenti