"Bu yaşda klubsuz qalmağım həm özüm, həm də Azərbaycan futbolu üçün pisdir"

30 İyun 2021 20:20 Müsahibə 2 934
"Bu yaşda klubsuz qalmağım həm özüm, həm də Azərbaycan futbolu üçün pisdir"

"Səbail"dən ayrılan Ruslan Hacıyev Sportinfo.az-a müsahibə verib.

- Ruslan, karyeranla bağlı son vəziyyət necədir?

- Hazırda gözləməkdəyəm. Hələki heç bir şey yoxdur.

- "Səbail"lə davam etməyinə nə mane oldu?

- Açığı, aramızda danışıq olmadı. Düzdü, "Səbail"də bir müddət oynadım. Aftandil müəllimin mənə çox köməyi oldu. 3 il "Səbail"də, 5 il də "Qarabağ"da onun rəhbərliyi altında oynamışam. 8 ildi bir yerdəyik. Amma indi komandamı dəyişmək istədim.

- Yəni özün də yeni müqavilə bağlamaqda maraqlı olmadın?

- Bəli. Daha yaxşı klubda çıxış etmək və qabağa getmək istəyindəyəm. Karyeramda yeni səhifə açmaq istədim.

- Son mövsüm "Səbail"də oyunun ilə seçilən gənc futbolçulardan idin. Amma indi heç bir təklif almadığını deyirsən. Belə durumla qarşılaşmağın təəccüblü olmadı?

- Azərbaycan futbolu bir qədər fərqlidir. Ona görə də hər an hər şey ola biləcəyini düşünürdüm.

- Təklif olmadıqca özlüyündə klubsuz qalmaq qorxusu yaranırmı?

- Əlbəttə, bu narahatçılıq var. O qədər gənc futbolçumuz var ki, hazırda klubsuzdur. Məncə, bu yaşda klubsuz qalmağım həm özüm, həm də Azərbaycan futbolu üçün pisdir.

- Hazırda formada qalmaq üçün fərdi məşqlər edirsən?

- Bəli, özüm üçün fərdi məşqlər edirəm. Arada da uşaqlarla yığılıb "dır-dır" oynayırıq. Hələki belə davam edirəm.

- Yerli klublardan dəvət almadığını dedin. Bəs ölkə xaricindən çıxış etməç reallığı yaransa getməyə hazırsan?

- Əlbəttə. Mən də ölkə xaricində çıxış etmək istəyirəm. Amma hər hansı təklif və ya danışıq olmayıb. Mən də gözləmə mövqeyində qalıram.

Xanoğlan İmanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA