"Türkiyə yığmasının Bakıda yaxşı oynamaması bizim günahımız deyil ki..."

24 İyun 2021 21:00 Müsahibə 809
"Türkiyə yığmasının Bakıda yaxşı oynamaması bizim günahımız deyil ki..."

Sportinfo.az AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədovun müsahibəsini təqdim edir:

- AVRO-2020-nin A qrupunun 3 oyunu Bakıda keçirildi. Matçların yüksək səviyyədə təşkil olunduğunu söyləmək olarmı?
- Fəxrlə demək istəyirəm ki, Azərbaycan turnirin təşkilatçılığının öhdəsindən yüksək səviyyədə gəlir, gəlməyə də davam edir. Ümid edirəm ki, Bakıdakı 1/4 final matçı da uğurla keçəcək.

- Uels - İsveçrə (1:1), Türkiyə - Uels (0:2) və İsveçrə - Türkiyə (3:1) oyunlarına azarkeş marağı gözlədiyiniz qədər oldu?
- Açığı, üçüncü matça o qədər də çox azarkeş axını gözləmirdim. Ancaq stadionda oldum və gördüm ki, ikinci görüşlə müqayisədə tribunalara heç də az adam gəlməmişdi. Türkiyə yığmasının yaxşı oynamaması bizim günahımız deyil ki. Azərbaycan xalqı Türkiyə millisinə yüksək səviyyədə dəstək verdi, uğur qazanması üçün əlindən gələni elədi. Türkiyəli futbolçular haqlı olaraq ümid edirdilər ki, özlərini evlərindəki kimi hiss edəcəklər. Tribunalara toplaşan tamaşaçıların da əksəriyyəti yerli insanlar idi. 5 bal üzərindən qiymətləndirsək, bunun öhdəsindən 4 üstəgələ gəldik.

- Artıq qrup mərhələsi başa çatmaq üzrədir. Sizcə, hansı komandalar gözlənilənin əksinə, uğursuz çıxış etdilər?
- Fikrimcə, Türkiyə və Rusiya yığmaları Avropa çempionatının ən zəif komandalarıdır. Türkiyəni 24-cü, Rusiyanı 23-cü yerdə göstərərdim.

- Bəs hansı komandaları çempionluq yolunda favorit görürsünüz?
- Daha çox ümidim İngiltərə yığmasına idi. Onlar qrupdan çıxsalar da, çox sönük oyun nümayiş etdirdilər. Bu turnirdə ən çox xoşuma gələn komanda İtaliyadır. Heç vaxt italyanların azarkeşi olmadığım üçün bunu demək bir az qeyri-adidir. İtaliya millisi, həqiqətən də, yüksək performans sərgiləyir. Belçika son illərdə dünyanın ən güclü 2-3 komandasından biri olduğunu növbəti dəfə göstərir. Fransa qrupun ikinci turunda Macarıstanla bərabərə qalsa da, oyun üslubu onları çempion edə bilər. Almaniya Portuqaliyaya qarşı matçda çempionluq iddiasını ortaya qoydu. Portuqaliya özü 2016-cı ilin layiqli Avropa çempionudur. Almaniyaya uduzsalar da, güclü komandadırlar. Sadaladığım bu komandaların hər biri çempionluğa layiqdir. Bu üzdən kimin finala qədər irəliləyəcəyini proqnozlaşdırmaq çox çətindir (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"