"Sabah"ın yeni transferi: "Seçimimdə bunun rolu daha böyük oldu"

15 İyun 2021 13:00 Müsahibə 785
"Sabah"ın yeni transferi: "Seçimimdə bunun rolu daha böyük oldu"

"Sabah"ın yeni transferi Səlahət Ağayev Sportinfo.az-ın suallarını cavablandırıb.

- Keçidin barədə nə deyə bilərsən?

- Azad agent statusuna malik futbolçu olduğumdan bir neçə təklif almışdım. Ümumi vəziyyəti qiymətləndirdikdən sonra “Sabah”la anlaşmağa qərar verdim.

- "Sabah"ı seçməyində hansı amillər əsas rol oynadı?

- Yeni yaranmasına baxmayaraq “Sabah” artıq ölkəmizin iddialı komandalarından birinə çevrilməyi bacarıb. Məncə, “Sabah” ən peşəkar klublarımızdan biridi. Klubun rəhbərliyi, baş məşqçisi tanıdığım və hörmət etdiyim insanlardı. Seçimimdə bu faktorun rolu daha böyük oldu.

- Yeni klubunda əsas məqsədin nədir?

- Hansı komandada oynamağımdan asılı olmayaraq həmişə ən yaxşı nəticələri qazanmağa çalışmışam. Əvvəldə də qeyd etdiyim kimi yüksək məqsədləri olan kluba gəlmişəm. Gənc və iddialı baş məşqçimiz, keyfiyyətli futbolçularımız var. İnanıram ki, birlikdə əlimizdən gələnin ən yaxşısını edib sonda arzuladığımız uğurları qazanacağıq.

- Millidə 19 oyun keçirmisən. Yenidən milliyə qayıtmaq barədə nə düşünürsən?

- Millidə oynamaq mənim üçün şərəfdi. Gözlənilməz zədələr, müəyyən talesizliklər oldu və bunun nəticəsində bir müddət stabil oyun qrafiki yaxalaya bilmədim. Bunun da məntiqi nəticəsi olaraq millidən kənarda qaldım. Artıq qarşımızda yeni mövsüm gəlir. İlk məqsədim yaxşı istirahət edib təlim-məşq toplanışını yüksək səviyyədə keçirməkdi. Ondan sonra oyunlarda əlimdən gələni edəcəyəm ki, ilk növbədə klubumun və təbii ki, eyni zamanda yığmanın məşqçilər korpusunun etimadını qazanım. İnanıram ki, komandamda uğurlu çıxış etdikdən sonra yenidən millinin formasını geyinmək şansı qazanacam.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti