"Heç bir gəlirim yoxdur, ağlamalıyam ki, yardım etsinlər?” - VİDEO

3 İyun 18:00 Müsahibə 1 726
"Heç bir gəlirim yoxdur, ağlamalıyam ki, yardım etsinlər?” - VİDEO

Rüstəm İmanzadə artıq 7 ildir ki, yeriyə bilmir.

Ağır atletika üzrə dəfələrlə Azərbaycan çempionu və gənclər arasında Avropa çempionu olan İmanzadə 2014-cü ildə Kiprin Limassol şəhərində keçirilən qitə birinciliyində ciddi zədə alır.

148 kq ağırlığı qaldırarkən onun sağ qolu qırılır və belindən ağır zədələnir. Bundan sonra idmançının çətin günləri başlayır. 1998-ci il təvəllüdlü Rüstəm 1 il daimi müalicə alsa da, sonradan federasiya və aidiyyatı qurumların ona yardım etmədiyini deyir.

Sportinfo.az xəbər verir ki, “qafqazinfo”ya danışan idmançı sağalmaq şanslarının olduğunu, lakin maddi çətinlikdən bunu edə bilmədiyini bildirib:

“2014-cü ildə Kiprdəki yarışda zədə aldım. Bu yarışın mənə heç bir aidiyyatı yox idi. Çünki mənim 16 yaşım var idi, amma çempionat 23 yaşlılar arasında idi. Orada 148 kq-da qolum qırıldı və belimdən ağır zədə aldım. 1 ay ərzində bir neçə yarışa istirahət etmədən getdim. Çünki Rio-de-Janeyro-2014 Yay Olimpiya Oyunlarına lisenziya qazanmalı idim. İdmançı qıtlığından bütün çəkilərdə ən yaxşı olduğum üçün məni aparırdılar. Həmin yarışdan sonra bir müddət müalicəmə yardım etdilər.

Sonra federasiyadan Rizvan müəllim (red: Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov) mənə bildirdi ki, biz sənə yardım edə bilməyəcəyik, imkanımız yoxdur. Tofiq Heydərovun (red: Ağır Atletika Federasiyasının sabiq prezidenti) da maddi durumu imkan vermir ki, sənə dəstək olsun. Məni pensiyaya çıxmağa məcbur edirdilər. Dedilər ki, əlillik kağızı al. Bunu qəbul etmədim. Çünki mən yenidən idmana qayıda bilərəm, inamım var. Hazırda heç bir gəlirim yoxdur. Sadəcə dostlarım kömək edir. Əvvəllər federasiyadan 300 manat maaş verirdilər, indi onu da kəsiblər. İnsanlar mənə kömək etmək istəyir, deyirlər ki, kart göndər yardım edək. Amma bir Azərbaycan idmançısı niyə belə yaşamalıdır?”.

Gənc idmançı hazırda yaşadığı mənzilin elektrik enerjisi borcu olduğunu deyir. Onun sözlərinə görə, AAAF Parkdan gəlib işığını da kəsmək istəyiblər: “Borcum çox idi, amma bir hissəsini dostlarım ödədi, hazırda az məbləğ qalsa da, buna görə məni işıqsız qoymaq istəyirlər. Bilirsiz bəzən kənardan baxıb deyirlər ki, Rüstəm çox gülür və onun heç nəyə ehtiyacı yoxdur. Bunu federasiyadan da deyirlər. Ağlamalıyam ki, yardım etsinlər?”.

İmanzadə qeyd edib ki, ilk zədələndiyi vaxtlar həkimlər ona sağala biləcəyini deyib: “Mən ilk dəfə zədələnəndə Rusiyada müalicə alırdım. Həkimlər mənə dedi ki, ilk 6 ay ərzində ayağını hərəkət etdirə bilsən, sağalacaqsan. İsraildə, Almaniyada müalicəm var. Yaxşı fizioterapiya lazımdır. Avstriyada müalicəyə gedəndə həkim dedi ki, sən indiyə qədər yeriməli idin, niyə hələ də yeriyə bilmirsən? Sual verdi ki, müalicədən sonra hara gedirsən? Dedim ki, gedib evdə uzanacağam. O isə mənim Almaniyada və ya başqa ölkədə fizioterapiya almalı olduğumu dedi. Ayaqlarımı da hərəkət etdirə bilirəm. Ümidim çoxdur ki, idmana qayıdacağam. Təəssüf ki, bəzi əməliyyatlara göndərdilər, lakin sonradan davamı olmadı. Ümid edirəm ki, səsimiz lazımi adamlara çatar və mən idmana qayıdaram”.






Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 16:50 Qəribə olay – FOTOLAR