"Qarabağ"dan ayrılandan sonra da əksəriyyət eyni şeyi düşünürdü"

9 May 2021 20:20 Müsahibə 1 252
"Qarabağ"dan ayrılandan sonra da əksəriyyət eyni şeyi düşünürdü"

"Keşlə"nin mərkəz müdafiəçisi Elvin Yunuszadə Sportinfo.az-a müsahibə verib.

- Elvin, zədədən qayıdandan sonra da "Keşlə"nin heyətində yenə şans qazanmamağın nə ilə bağlıdır?

- "Keşlə"yə yeni qoşulanda zədəm vardı. Yenicə sağalıb, formaya düşürdüm ki, yenidən zədə aldım. "Səbail"ə qarşı yoxlama oyununda da meydana çıxmışdım. Pis də çıxış eləməmişdim. Amma aldığım zədəyə görə 3 həftə yenidən məşqlərdən kənarda qaldım.

- Yəni meydanda görməməyimizin tək səbəbi zədə ilə bağlıdır?

- Bəli. Başqa heç bir problem yoxdur. Sırf zədəmə görə belə vəziyyət yaranıb.

- Bəs ardıcıl zədələr almağın nə ilə bağlıdır?

- Açığı, zədəyə meyilli futbolçu olmamışam. 27 yaşıma kimi zədə almamışdım. Sadəcə indi nəsə şanssızlıq oldu. Durub fikirləşəsi deyiləm ki, hər şeyin sonudur. Nə qədər gücüm, xarakterim var barışmayacam. Belə baxanda zədəm elə də ciddi deyil. İlinən zədədən əziyyət çəkib yenidən öz formasını bərpa edən futbolçular var. Hələ 27-28 yaşım var. Müdafiəçi üçün ən yaxşı dövr indi başlayır.

- Bildiyimiz kimi müqavilən mövsümün sonu başa çatır. Gələcəyinlə bağlı qərar vermisən?

- Hələ heç bir qərar verməmişəm. Yay transfer dönəmi uzun müddətdir. Bu baxımdan tələsmirəm. Bütün fikrim çalışdığım qədər zədədən tez qayıdıb, əvvəlki formamı yığmaqdır.

- Yenidən ölkə xaricində çıxış etmək istərdin?

- "Keşlə" ilə müqaviləm davam edir. Hələ bu barədə düşünməmişəm. Amma getmək barəsində danışırıqsa, ilk imkanda düşünmədən gedərəm.

- Yəqin ki, menecerlərlə daim əlaqədə olursan. Təkliflər olur?

- Bəli, danışıram. Amma hazırda çempionatlar davam edir və yay transfer dönəmində vaxt çoxdu deyə hamı oturub gözləyir. Qışda isə tələm-tələsik hansısa transferlər olur. Düzdü, menecerlər yığıb "flan komanda var" deyir. Amma ortada real bir şey yoxdur. Fikri olan məşqçi və komanda da mövsümün sonunu gözləyir.

- Elvin, düşünmürsən ki, zədədən dolayı bu qədər kənarda qalmağın yeni təkliflərinə də mənfi təsir göstərəcək?

- Əlbəttə, oynamamaq pis təsir edəcək. Hansı komandaya desən ilk olaraq son oynadığın klubdakı göstəricilərə baxacaq. Burda bir ümidverici məqam var ki, məni tanıyan, potensialıma bələd olan məşqçilər dəvət edib, yenidən şans verə bilər. "Qarabağ"dan çıxandan sonra da 6 ay futbolsuz qalmışdım. Əksəriyyət 6 aydan sonra necə olacağını düşünürdü. Amma qayıtdığım ilk oyunda qol vurdum. Hətta həftənin ən yaxşı oyunçusu seçildim. Başladılar yenidən müsbət fikirlər deməyə. Bunu da başa düşürəm. Belə şeylər futbolun tərkib hissəsidir.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti