"Gedənin dalınca danışmazlar, indi nə desəm, heç bir mənası yoxdur"

26 Aprel 2021 23:20 Müsahibə 1 258
"Gedənin dalınca danışmazlar, indi nə desəm, heç bir mənası yoxdur"

Sportinfo.az "Sabah"ın kapitanı Ruslan Abışovun müsahibəsini təqdim edir:

- Ötən gün matçdan sonra keçirilmiş mətbuat konfransında komandanızın baş məşqçisi Ramin Quliyev bildirdi ki, 1 xalı "Neftçi" qazandı. Siz necə düşünürsünüz?

- Mən də düşünürəm ki, iki xalı biz itirdik. Çünki hesabda 2 top fərqi ilə öndə idik. İlk hissə bu hesabla başa çatsaydı, ikinci yarı tamam fərqli olacaqdı. Çempionluğa oynadığından, "Neftçi"yə xallar lazım idi. O halda müdafiədə daha çox boşluqlar ola bilərdi. Bəlkə də, 3-4-cü qolları da vura bilərdik. Ümumiyyətlə, onu deyim ki, mən "Neftçi"də oynayanda da bu cür xal itkiləri ilə üzləşirdik. Bunun necə hiss olduğunu başa düşürəm. Görünür, rəqib baş məşqçiyə təsir edib. Oyunda əsasən hakim səhvləri önə çıxdı. Referi də belə olmasını istəməzdi. Sadəcə oyuna nəzarəti itirdiyi üçün bu cür qərarlar verdi. Görüşü sakit tempdə idarə etsəydi, belə şeylər baş verməyəcəkdi. Amma futbolda bu cür hallar olur.

- Matçın baş hakimi Vüqar Həsənlinin idarəçiliyi birmənalı qarşılanmadı. Siz də referinin oyuna nəzarəti itirdiyini qeyd etdiniz. Qarşılaşmada ilk mübahisəli epizod qapınıza təyin olunan penalti ilə bağlı yaşandı. Sizcə, qərar doğru idi?

- Epizodun təkrarına baxmışam. Qayda pozuntusu cərimə meydançası xəttindən çöldə idi. Həmin vaxt penalti verilməsəydi, oyunun nəticəsi başqa cür ola bilərdi. Amma Keysuke Hondanın epizodu bizim lehimizə 100 faizlik penalti idi. Top birinci onun əlinə dəydikdən sonra Təmkin Xəlilzadənin əlinə toxundu.

- Amma nəzərə alaq ki, Hondanın vurduğu qolda da qayda pozuntusu yox idi. Çünki həmin anda Mamadu Mboc passiv ofsaydda idi və Saşa Stamenkoviçə mane olmurdu...

- Düzdür, Hondanın qolu qaydalar çərçivəsində vurulmuşdu və qeydə alınmalı idi. Amma dediyim kimi, baş hakim artıq oyunun bütün ipini əldən vermişdi. Təzyiqdən çaş-baş qərarlar verirdi. Düşünürəm ki, qolu qeydə almamasında bu amil rol oynadı. Hardasa əvvəlki səhvlərini sığortalamaq üçün bu addımı atdı. Bir neçə dəfə ona yaxınlaşıb sakitləşməyini istədim. Dedim ki, rahat ol, oyunu normal idarə et. Amma təzyiqlərdən başını itirmişdi. Həmin vaxt referinin yerində mən də olmaq istəməzdim. Hakimlərin işinə mütəxəssislər daha dəqiq qiymət verə bilərlər. Hansısa hakimin üzərinə bu qədər getməyin tərəfdarı deyiləm. O da insandır, belə olmasını istəməzdi. Amma oldu.

- "Sabah" - "Neftçi" matçındakı idarəçiliyi AFFA Hakimlər Komitəsinin araşdıracağı açıqlandı. Sizcə, burada başqa məqamlar ola bilər?

- Hakimdir, səhv qərarlar verə bilər. Sadəcə referilərdən xahişim odur ki, hansısa futbolçu fikir bildirmək istəyəndə dərhal bunu etiraz kimi qəbul edib sarı vərəqə göstərməsinlər. Bu, mənim də başıma gəlib. Dünənki oyun da belə matçlardan biri idi. Oyunun gedişində emosional olursan. Hansısa qərara yüksək səslə fikir bildirəndə o dəqiqə cəzalandırırlar. Belə şeylərdə diqqətli olmalısan. Hər şeyi etiraz kimi qəbul etmək lazım deyil. Dərhal "sarı" verirlər, bu da sonda qırmızı vərəqələrə gətirib çıxarır.

- Yəqin ki, Təmkin Xəlilzadənin qırmızı vərəqə aldığı epizodu nəzərdə tutursunuz...

- Filip İvanoviç əllə oynamışdı. Ona göstərilən sarı vərəqə doğru idi. Amma Təmkinin epizodunda güzəştə getmək olardı. Çünki oyunun elə vaxtı idi ki, əsəblər tarıma çəkilmişdi. Müəyyən epizodlarda güzəşt olunmalıdır.

- "Neftçi"nin baş məşqçisi Samir Abasov oyundan sonra "Sabah"ın futbolçularını tənqid edib. Abasov xüsusilə Stamenkoviçi vaxtı uzatmaqda, baş hakimi isə onu meydandan qovmamaqda günahlandırıb. Abasovun fikirlərinə də münasibətinizi bilmək istərdik...

- Samir müəllimlə millidə çiyin-çiyinə oynasaq da, hazırda o, baş məşqçi, mən isə futbolçuyam. Bu səbəbdən, onun sözlərinə fikir bildirməyim düzgün deyil. Hesab edirəm ki, fikrini düz çatdırmayıb. Çempionluğa oynayan komandada belə hallar olur. "Qarabağ" qələbə qazandığından, xal itirmək istəmirdilər. Bu da baş məşqçinin üzərində əlavə təzyiq yaradırdı. Fikrimcə, Samir müəllim buna görə belə emosional, aqressiv açıqlama verib.

- Belə çıxır ki, hər hansı baş məşqçi təzyiq altında istənilən sözü deyib, hamını ittiham edə bilər?

- Çempionluğa oynayan komanda hər şeyə gedə, baş məşqçisi isə uğurlu nəticə qazanmaq üçün istənilən açıqlamanı verə bilər. Bəlkə də Abasovun yerində mən olsaydım və onun dediklərini dilə gətirsəydim, çox adam düz başa düşməzdi. Sırf Samir müəllimin yerində olanlar onu başa düşə bilər. Sona 4 tur qalıb. Bu oyunda qələbə qazanıb, "Qarabağ"la xal fərqini qorumaq istəyirdilər. İndi itirilən qızıl xallardır və baş məşqçiyə daha çox təsir edib.

- Belə fikirlər də var ki, Samir Abasov 8 nəfərlə qalmış komandanı məğlub edə bilmədiyi üçün bu cür danışıb...

- Təbii ki, o da var. İvanoviç və Xəlilzadənin qırmızı vərəqə almasından sonra müdafiə xəttimiz demək olar ki. darmadağın oldu. Bizə çox çətin idi. Rəqib təzyiqi artırmışdı. İstənilən halda, qələbə qolunu vurmağı bacarmalı idilər. Düzdür, elə çox qol epizodları da olmadı. Yəqin ki, 8 nəfərlə qalan komandanı uda bilmədikləri üçün də belə fikirlər səsləndirib.

- "Neftçi"nin baş məşqçisi belə bir cümlə də işlədib ki, biz tək bir komandaya qarşı mübarizə aparmırıq. Abasov bəzi klubların "Neftçi"yə qarşı xüsusi motivasiya ilə oynadığını bildirib...

- Çempionluğa oynayan komandalarda belə fikirlər olur. Amma biz də öz komandamızın uğurları üçün rəqibin kimliyindən asılı olmayaraq, mübarizə aparırıq. Ona görə də bu fikirlərlə razı deyiləm. Kiminsə qəsdən hansısa komandaya xal verdiyinə inanmıram. Elə bir şey yoxdur.

- "Neftçi" son oyunda xal itirsə də, çempionluq şansları davam edir. Şansları necə qiymətləndirirsiniz və qızıl medalları hansı komandanın qazanmasını istəyirsiniz?

- Bir az çətin sualdır. Qarşıda hələ 4 tur var. Bizi maraqlı oyunlar gözləyir. "Qarabağ"ın təcrübəsi çox böyükdür. Çempion olmaq onlar üçün daha rahatdır. Heyətində ciddi itkiləri olsa da, bir qədər eniş dövrü yaşasa da, "Qarabağ" elə "Qarabağ"dır. Çox yaxşı oyunçuları var. "Neftçi"də isə sabitlik çatmır. Bir oyunda udur, digərində uduzur və ya xal itirir. Şansların hələ də bərabər olduğunu düşünürəm. Kim daha çox layiqdirsə, o da çempion olsun. Çünki bir tərəfdə məni Azərbaycan futboluna qazandıran Qurban Qurbanov, digər tərəfdə keçmiş komandam "Neftçi" var. Seçim qarşısında qalıram.

- "Sabah"la müqaviləniz nə vaxt başa çatacaq?

- Gələn ay.

- Klubdan sizə yeni təklif olub?

- Bu barədə hələ danışmamışıq. Hazırda əsas fikrim qarşıdakı 4 oyundadır. Müqavilənin uzadılıb-uzadılmayacağını zaman göstərəcək. Hər şey klub rəhbərliyindən asılıdır.

- Komandadakı baş məşqçi dəyişikliyi barədə nə deyə bilərsiniz: Sizcə, Ramin Quliyevin təyinatı komandada nəyi dəyişib?

- Ramin müəllimlə birlikdə oynamışam. Onunla yenidən eyni komandada olmaq mənim üçün çox xoşdur. Bura gəldikdən sonra komandanın necə inkişaf etdiyini hamı görür. Oyunumuzda artım hiss olunur. İnanıram ki, Ramin müəllim yaxın gələcəkdə Azərbaycanın ən yaxşı baş məşqçilərindən biri olacaq. Ona hər cür dəstək verməyə hazıram.

- "Sabah" üçün bu mövsüm də uğursuz alındı. Halbuki komanda üçün hər cür şərait yaradılıb. Bunun qarşılığında nəticə yoxdur. Səbəbi nədə görürsünüz?

- Mövsümün əvvəlində hamı bizdən yaxşı nəticələr gözləyirdi. Təəssüf ki, bunu gerçəkləşdirə bilmədik. Müxtəlif səbəblər oldu. Amma bu barədə çox danışmaq istəmirəm. Artıq hər şey keçmişdə qalıb. Baş məşqçi göndərildi. Ümid edirəm ki, Ramin müəllimlə yaxşı nəticələr qazansaq, klub rəhbərliyi gələn mövsümün üçün veriləcək qərarları götür-qoy edəcək. Cari mövsüm bizim üçün əldən gedib.

- Sizcə, Visente Qomesin istefaya göndərilməsi doğru addım idi: Komandanın yeganə problemi ispaniyalı mütəxəsislə bağlı idi?

- Gedənin dalınca danışmazlar. İndi onun haqqında nə desəm, heç bir mənası yoxdur. Artıq oturub evində, özü üçün istirahət edir.

- Sizin də qeyd etdiyiniz kimi, artıq cari mövsüm əldən gedib, heç bir iddianız qalmayıb. Belədə oyunlara köklənmək çətin olmur?

- Bu, artıq futbolçunun şəxsi xarakterindən asılı məsələdir. Müqaviləsi başa çatan oyunçular düşünə bilərlər ki, son 4 oyunda özümü yaxşı tərəfdən göstərim, bəlkə yeni sözləşmə təklif olunar, yaxud da başqa klubların maraq dairəsinə düşərəm. Hər şey ola bilər.

- Növbəti turda rəqibiniz "Sumqayıt" olacaq. Həmin qarşılaşmadan nə gözləyirsiniz?

- Rəqib avrokuboklara düşməyi hədəfləyən komandadır. Üstəlik, evdə oynayırlar. "Sumqayıt" çox dinamik kollektivdir. Bu komanda ilə oyunlarımız hər zaman çətin keçib. Amma bizim də itirəcəyimiz bir şey yoxdur. Öz adımıza görə sonadək mübarizə aparacağıq ki, məğlubiyyətsizlik seriyamızı davam etdirək (report).

Digər Xəbərlər
Xəbər Lenti