Hafiz Məmmədovdan söz etdi, "Bakı" karyeram böyük bir hekayə idi" dedi

9 Aprel 2021 19:20 Müsahibə 1 845
Hafiz Məmmədovdan söz etdi, "Bakı" karyeram böyük bir hekayə idi" dedi

Sportinfo.az 2013-2015-ci ilərdə "Bakı"da çıxış etmiş kiprli müdafiəçi Giorgias Pelagiasın müsahibəsini təqdim edir:

- Hazırda nə işlə məşğulsunuz?

- Futbolda agent kimi çalışıram. Gələcəkdə bu sahədə əla bir iş planına start verəcəyəm.

- Azərbaycan haqda hansı xatirələriniz qalıb?

- Orada 2 il yaxşı və pis günlər keçirmişəm. Unutmaram. Xoş xatirələr, ümumiyyətlə, Azərbaycandakı günlərim idi. Bakı çox gözəl şəhərdir. Orada özümü yaxşı hiss edirdim və ruhum dincəlirdi. Klubda və şəhərdə yaxşı insanlarla tanış oldum. Bütün komanda yoldaşlarımla xoş münasibət qurdum. Pis xatirələr isə klubdakı problemlərlə bağlı idi. Son aylar ciddi maliyyə problemləri oldu, maaş ala bilmirdik. Bu problemlər şəxsi həyatımıza da təsir edirdi. "Bakı" karyeram böyük bir hekayə idi. Həmin hekayəni necə bitirəcəyimizi özümüz də bilmirdik.

- Bir az detallı danışa bilərsiniz?

- Yəni komanda yaxşı oynayanda, problemsiz olanda həqiqətən yaxşı vaxt keçirirdim. Xüsusilə ilk ildə hər şey mükəmməl, özüm isə xoşbəxt idim. Həm də çempionat çox güclü idi. Komandaların sayı çox, çempionatın səviyyəsi isə yüksək idi. Təəssüf ki, sonra vəziyyət çox dəyişdi, ağır günlər keçirdik. Xüsusən orada olduğum sonuncu mövsümdə çox çətinlik çəkdik. Maliyyə problemlərindən hər kəsin xəbəri var. Son mövsümdə aylarla maaş almırdıq. Amma biz yaxşı oynayaraq klubu yaşatmağa çalışdıq. Bir ailə kimi bir yerdə addımladıq. Klub prezidentinin həll yolları tapmaq, problemlərimizi həll etmək üçün çox çalışdığını bilirdik. Bu səbəbdən həm klub, həm də özümüz üçün mübarizə aparmağa bir səbəb vardı.

- Azərbaycandan kimlərləsə əlaqəniz qalıbmı?

- Əsasən Mahir Emreli və Valeh Seyidovla danışıram. Amma hamı ilə yaxşı münasibətim var.

- Azərbaycan çempionatını izləyirsiniz?

- Çox baxmıram. Veteran futbolçu kimi öz dövrümün oyunçularını ara-sıra izləyirəm. Ümumi olaraq nəticələrlə maraqlanıram. Mənim dövrümdə 12 klub var idi, indi 8. Səkkiz klublu çempionat isə diqqətimi cəlb edə bilməz.

- Bir vaxtlar məşq etdiyiniz və oyun keçirdiyiniz "Bakı" klubunun bazası söküldü. Bundan xəbərdarsınız?

- Bu barədə eşitdim... Belə bir halın baş verdiyinə görə çox üzgünəm. Çünki super məşq bazası idi, gözəl ab-havası, hər bir şəraiti var idi. İnfrastruktur cəhətdən mükəmməl bir baza idi. Həm də hər gün orada olduğum zaman müxtəlif yaş qrupları üzrə uşaqlar məşq edirdi. Unudulmaz anlar idi, futbola sevgi başqa cür idi. Eyni zamanda bir ölkə kimi Azərbaycan üçün fayda verən baza idi. Azərbaycan xalqına hələ çox sevinclər bəxş edə bilərdi. Təəssüflənirəm. Başqa söz deyə bilmirəm.

- Bakıya qonaq gəlmək fikriniz varmı?

- Əlbəttə. Dediyim kimi orada çox yaxşı vaxt keçirmişəm. Birlikdə çalışdığımız, iş birliyimiz olan insanlarla yenidən görüşməkdən məmnun olaram (qol.az).

Digər Xəbərlər
Xəbər Lenti