“Kişilik övladının qız və ya oğlan olması ilə ölçülmür” - Millimizin qapıçısı

3 Aprel 2021 13:40 Müsahibə 1 042
“Kişilik övladının qız və ya oğlan olması ilə ölçülmür” - Millimizin qapıçısı

Futzal üzrə millimizin qapıçısı Rövşən Hüseynli federasiyanın saytına müsahibə verib.

Sportinfo.az həmin müsahibəni təqdim edir:

- Bu gün 30 yaşın tamam olur. Təbrik edirik. Yubilyar Rövşən özünü necə hiss edir?

- Təbrikə və diqqətdə saxladığınıza görə təşəkkür edirəm. Əlbəttə, yaş üstə yaş gəldikcə, insanın həyata baxışı dəyişir, hadisələrə yanaşması fərqli olur. Əvvəllər çılğın idimsə, son vaxtlar hiss edirəm ki, xeyli sakitləşmişəm. İndi daha təmkinli, səbirliyəm. Fiziki forma baxımından heç bir dəyişiklik yoxdur.

- Bu yaş idmançıya təcrübəli deməyə əsas verirmi?

- Bizdə adətən idmançının təcrübəli olub-olmadığına dair fikri onun yaşına uyğun səsləndirirlər. Ancaq təcrübənin yaşı olmur. İdmançıların çıxışına uyğun sübutlar da var. Düzdür, kifayət qədər təcrübə toplamaq üçün çox oyun keçirməlisən, amma bu yeganə səbəb deyil. Bura idmançının öz yanaşması, ciddiyəti, məsuliyyəti də daxildir. Bəzən yaşı az olmasına baxmayaraq elə idmançı ilə üz-üzə gəlirsən ki, yaşlı həmkarından daha inamlı, təcrübəli görünür.

- Ad günün toplanışla eyni vaxta təsadüf etdi. Bu özəl günü komanda yoldaşlarınla, yoxsa ailənlə qeyd etmək maraqlıdır?

- Nə gizlədim, doğum günümü qeyd etmək “yaralı” yerimdir. Neçənci dəfədir ki, istədiyim kimi qeyd edə bilmirəm. Əksər hallarda da komanda ilə birgə qeyd etmişəm. Məncə, komanda ilə bu qədər kifayətdir. Ailəmlə keçirməyin qiyməti tam fərqlidir. Ona görə də bu dəfə onlarla keçirəcəm. Axşam isə komanda yoldaşlarımla bir çay süfrəsi arxasında toplaşa bilərik.

- Yaddaqalan ad günün hansı olub?

- Hər ad günümün öz xatirəsi, yaddaqalan anları var. Açığı, hər dəfə ad günümə bir neçə gün qalmış özüm üçün hesab-kitab edirəm ki, görüm qeyd edə biləcəyəm (gülür)? Üç il əvvəlki ad günüm daha çox yaddaqalandır. Onda geniş ailə məclisi qurmuşduq.

- Hədiyyələr göndərilibmi?

- Hazırda toplanışdayıq, ona görə də xəbərim yoxdu. Etiraf edim ki, hədiyyə qəbul etməkdən çox, verməyi xoşlayıram. Alınan hədiyyələri xüsusi fərqləndirmirəm. Əsas diqqətdir, ona görə də təşəkkürümü bildirirəm.

- Bəs 30 yaşlı Rövşən nə vaxt legioner həyatı yaşayacaq?

- Əvvəllər İspaniya, Qazaxıstan, Latviya kimi ölkələrin klublarından təkliflər almışdım. Sadəcə, oyun təcrübəm az olduğuna görə, risk etmədim. Son iki ildə isə Fransa, Rusiya və Çexiya klubları xidmətimdə maraqlı olduqlarını bildiriblər. Amma müəyyən gözlənilməz problemlər keçidə əngəl yaratdı. Ötən il isə Rusiya klublarının biri ilə şifahi razılıq əldə etmişdik, ancaq pandemiya ilə əlaqədar alınmadı. Ola bilsin ki, yaxın vaxtlarda belə bir keçid baş tutsun. Sadəcə, indidən ad çəkmək istəmirəm.

- Qız atasısan. Onunla vaxt keçirə bilirsənmi?

- Onun dünyaya gəlməsi karantin vaxtı ilə üst-üstə düşdü. Onda evdə daha çox olurdum və demək olar, vaxtımı qızımla keçirirdim. Son 3 ayda toplanışlar və oyunlar olduğuna görə, boş vaxtım az olur, yenə də çalışıram ki, ona diqqət göstərim. Bəzən deyirlər kişinin oğlu olar. Amma fikir kökündən yanlışdır. Kişilik övladının qız və ya oğlan olması ilə yox, ona necə atalıq etməsi ilə ölçülür.

- Futzalçılar arasında sosial şəbəkələrdə ən aktivi sənsən. Bu hansısa zərurətdən irəli gəlir?

- Gün ərzində baş verənlərlə tanış olmağın ən rahat yolu sosial şəbəkələri izləməkdi. Burda 5-10 dəqiqə vaxt sərf etməklə kifayət qədər informasiya toplayırsan. Həm də bir idmançı kimi haqqımda məlumat paylaşır, eləcə də bilmək istədikləri məsələlərə aydınlıq gətirirəm. Bu gün həyatımızı bunsuz təsəvvür etmək mümkün deyil.

- Bəs hansı şərh diqqətinizi cəlb edib?

- Belə şərhlər çox olub. Xüsusilə də qələbə qazandığımız oyunlardan sonra yazılanlar ürəyimcədir. Ən maraqlısı isə 2016-cı ildə yazılmışdır. Həmin vaxt dünya çempionatı Kolumbiyada keçirilirdi. Qalib gəldiyimiz oyundan sonra azarkeşlər şəkillə kollaj düzəltmişdilər və belə yazmışdılar: Eskobar Medellini Rövşənə tapşırıb.

- Sevgi mesaji necə, göndərən olub?

- Göndərilsə belə, hörmətlə, anlayışla qarşılamışam. Mənim öz düşüncəm, ailəm və həyat yolum var.

- Qayıdaq hazırlıq prosesinə. Təlim-məşq toplanışı necə gedir?

- Məşqlərə martın 23-də start versək də, toplanış 2 gündür başlayıb. Gündən-günə yaxşılığa doğru gedirik. Səbəbi isə artıq neçə vaxtdır ki, komanda şəklində zalda məşq etməyimizdir. Artıq baş məşqçi verdiyi tapşırığın qarşılığını ala bilir.

- Final mərhələsinə vəsiqəni təmin etmiş komanda üçün qarşıdakı iki oyunda stimul nə olacaq?

- Əvvəla qazanılan uğur münasibəti ilə hər kəsi təbrik edirəm. Final mərhələsinə vəsiqəni təmin etsək də, qrup mərhələsini lider kimi başa vurmaq üçün mübarizə aparacağıq. Həm də hər bir qələbə bizə reytinq xalları qazandıracaq. Üstəlik, oyunumuzu inkişaf etdirmək üçün bu cür görüşlərdən maksimum istifadə etməliyik. İşimizə peşəkar yanaşırıq, deməli, qələbə seriyasını da davam etdirməliyik.

- Ümumiyyətlə, arxada qalan 4 oyundan hansı millimiz üçün çətin, hansı nisbətən yüngül keçdi?

- Slovakiya ilə Bakıdakı oyunumuz çox çətin keçdi. Onun da səbəbi çox idi. Əvvəla, uzun müddət idi parketdə məşq etmirdik. Üstəlik, komanda şəklində hazırlıq keçmirdik. Eyni zamanda oyun təcrübəmiz yox idi. Həmin qarşılaşmada rəqib hesabda önə keçsə idi, bizim üçün çox çətin olacaqdı. Nisbətən yüngül keçən matç isə Afinada Yunanıstanla oldu. Hesabı erkən açdıq və sona qədər üstünlüyümüzü saxladıq.

- Hansı hücumçunun zərbəsini dəf etmək sənin üçün çətindi?

- İndi heç kimdən çəkinmirəm. Çünki dörd aya yaxındır fərdi məşqlər edirəm, üzərimdə çalışıram və özümü tam hazır hiss edirəm. Bu səhv etməyəcəyim və qol buraxmayacağım anlamına gəlmir. Komanda yoldaşlarımdan İsa Atayevin və Ramiz Çovdarovun zərbələrini fərqləndirərdim.

- Slovakiyanı Bakıdan kənarda məğlub etməkdə çətinlik çəkirik. İtkilərə rəğmən səfərdən hansı nəticə ilə dönməyə ümid edirsən?

- Onlarla Bakıdan kənarda keçirdiyimiz son iki oyunda heç-heçə qeydə alınıb (1:1 və 3:3). Əslində, bu bir siqnal olmalıdır. Düzdür, heyətimizdə itkilər olacaq. Ancaq baş məşqçi 3 eyni səviyyəli “dördlük” formalaşdırıb. Qalır rəqibi bu dəfə doğma meydanında məğlub etmək. Səfərə də bu məqsədlə yollanacağıq və uğursuz statistikanı dayandırmağa çalışacağıq.

Digər Xəbərlər
Xəbər Lenti