"Şahruddin qorxaq deyil, amma..." – Onu yaxından tanıyan şəxs

29 Mart 2021 17:40 Müsahibə 2 138
"Şahruddin qorxaq deyil, amma..." – Onu yaxından tanıyan şəxs

Son zamanlar Azərbaycanda haqqında ən çox danışılan və şəninə təriflər deyilən futbolçu Şahruddin Məhəmmədəliyevdir.

Qapıçı "Qarabağ" və milli komandadakı inamlı çıxışı ilə bu tərifləri həqiqətən də haqq edir.

Biz də bunu nəzərə alaraq millimizin sabiq qapçısı Fərhad Vəliyevlə gənc qapıçı haqqında söhbətləşməyə qərar verdik.

Bir vaxtlar Şahruddin Məhəmmədəliyevlə "Qarabağ"da da birgə çalışan Vəliyevin Sportinfo.az-a verdiyi müsahibə.

- Portuqaliya - Azərbaycan görüşünün ən yaxşısı millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev seçildi. Sizin üçün bu seçim gözlənilməz olmadı?

- Mən "Qarabağ"da Şahruddinlə bir yerdə işləmişəm. Düşünürəm ki, milli komandanın qapısını layiqincə qoruyur. Bunu meydançada göstərir. Portuqaliya ilə oyunda da buna şahid olduq ki, komandaya çox köməyi dəyir.

- Şahruddin uzun müddət bundan əvvəl "Qarabağ"a gəlsə də, davamlı ehtiyat qapıçı statusundaydı. Ulduzu yalnız son mövsüm parladı. Sizcə, bu illər ərzində onun bir nömrə olmasına nə mane olurdu?

- Məsələn, özümdən götürsək, 24-25 yaşımdan əsas heyətdə oynamağa başlamışam. Onunla da əlaqaləndirmək olar ki, "Qarabağ"a yaxşı qapıçılar zaman-zaman transfer edilib. Çünki komanda davamlı olaraq Avropa Liqası və Çempionlar Liqasında çıxış edib. O da ola bilər ki, Şahruddinin vaxtı elə bu gün üçünmüş. İnanıram ki, bundan sonra həm klubda, həm də milli komandada öz yerini layiqincə qoruyacaq.

- Mövqeyini nəzərə alsaq bu yaşda parlamasını normal saymaq olar?

- Əlbəttə. Elə mövqeyinə görə yaşını nəzərə alanda onun karyerası hələ bundan sonra başlayır.

- Portuqaliya ilə oyunda çox sayda seyvləri olsa da, oyunda vurulan yeganə qol məhz onun səhvindən vuruldu ...

- Məncə, Maksim və Şahruddin topu uzaqlaşdırmaq istəyirdi. Sadəcə bəxtsiz bir an oldu və qapımızda qol gördük. Hər ikisi topu uzaqlaşdırmaq üçün əlindən gələni elədi. Məncə, bu səhvin üzərində çox dayanmaq düzgün deyil.

- Artıq bəzi avropa ölkələrindən qapıçımıza maraq var. Hazırkı məqamda ölkə xaricində çıxış etmək potensialını Şahruddində görürsüz?

- Əlbəttə. Potensialına görə gələcəkdə xaricdə oynaya biləcəyi görsənir. Millinin qarşıdakı oyunu və klubunda oynayacağı oyunlar önəmlidir. Son görüşdəki performansından sonra avropada ön plana çıxdı. Qarşıdakı oyunlar artıq onu izləyəcəklər. Düşünürəm ki, gələcəkdə avropada oynamağa layiq qapıçıdır.

- "Qarabağ"da da birgə çalışdığınıza görə Şahruddini yaxından tanımalı olmalısınız. Hansı cəhəti onun axsayan yeridir?

- Ən güclü qapıçılar belə, özündə gördüyü səhvlərin üzərində işləməlidir. Şahruddin çıxışlara qorxmadan çıxır. Amma bir qədər inamlı və diqqətli olsa, daha yaxşı olar. Məncə, özü də bu məqama diqqət edir.

- Bunu boyu ilə əlaqələndirmək olar?

- Ola bilər. Amma boyu o qədər hündür olmadığı kimi, o qədər qısa da deyil. Buna baxmayaraq, əlindən gələni edir ki, çıxışlarda da komandasına kömək eləsin.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti