"Aramızda söhbət oldu ki, ..."

15 Mart 2021 20:20 Müsahibə 752
"Aramızda söhbət oldu ki, ..."

"Keşlə"nin müdafiəçisi Tural Axundov Sportinfo.az-a müsahibə verib.

- "Sumqayıt"la oyunda "Keşlə" hesabda iki dəfə önə keçsə də üstünlüyü sona kimi qoruya bilmədi. Qələbəyə nə mane oldu?

- Hər oyuna yaxşı başlayırıq. Qələbə qazanmaq üçün çox şanslarımız olur. Sadəcə yol verdiyimiz uşaq səhvləri bizə baha başa gəlir. Hər oyun 3 xal üçün çıxırıq. İmkanlarımız da olur, amma istifadə edə bilmirik. Bu da bizi çox üzür.

- Son 5 oyunun 4-də eyni hal yaşanıb. Hesabda önə çıxsanız da qələbəni sonda əldən vermisiniz. Təcrübəli futbolçu olaraq, bu durumdan çıxmaq üçün komanda yoldaşlarınla nəsə məsləhətləşirsiniz?

- Əlbəttə. Hər oyundan öncə və məşqlərdə də oturub söhbətləşirik. Bilmirik səbəb nədir. Məncə, qara zolaqdayıq. Bizə bir qələbə lazımdır ki, davamı gəlsin.

- Bunu müdafiə xətti ilə bağlamaq olar, yoxsa ümumiyyətlə komanda şəklində nədəsə səhv edirsiniz?

- Ola bilər arxayınçılıq olur. Amma Sənan müəllim dediyi kimi hər oyuna diqqətli çıxmalıyıq. Hər an qapımızda qol görə bilərik. Sözündə də həqiqət var. Göründüyü kimi sadə epizodlardan qollar buraxırıq. Böyük əziyyətlə yaxşı qollar vururuq, amma buraxdığımız qollar bizi çox üzür.

- Son oyunlar səni öyrəşmədiyimiz mövqedə görürük. Yeni mövqeyində özünü necə hiss edirsən?

- Sənan müəllimlə aramızda söhbətimiz oldu ki, mən bu mövqedə də çıxış edə bilərəm. Məsləhət bildiyi üçün mən də o yerdə çıxış edirəm. Ümumiyyətlə, hər bir futbolçu mümkün qədər üniversal olmalıdır. "Kəpəz" və "Sumqayıt"da da bu mövqedə oynamışam. Çox oynamasam da taktiki gedişləri bilirəm. O demək deyil ki, əvvəlki mövqeyimi atdım və burda oynayacam. Mənim üçün fərqi yoxdur. Sağ, sol və ya orta xəttdə də oynaya bilərəm.

- Milli komandanın oyunlarına görə 20 günlük fasilə olacaq. Bunu "Keşlə" üçün üstünlük saymaq olar?

- Əlbəttə. Çünki Sənan müəllim komandaya gələndən bizimlə çalışamaq üçün o qədər də imkanı olmayıb. Amma indi bunun üçün vaxtımız olacaq. Bizdən nə istəyini verəcəyik.

- Millimizin qarşıdakı 2 oyunu ilə bağlı düşüncələrin necədir?

- Reallıqla barışmaq lazımdır. Portuqaliya və Serbiya özünü təsdiqləmiş millilərdi. Millimizə bu oyunlarda uğurlar arzulayıram.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti