"Düşünmürəm ki, "Neftçi"də hər hansı problem yaransın"

12 Mart 2021 09:40 Müsahibə 795
"Düşünmürəm ki, "Neftçi"də hər hansı problem yaransın"

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Sportinfo.az-a müsahibə verib.

- Son iki görüşdə "Səbail" meydandan 1 xalla ayrılıb. Qazanılan 2 xalı komandanın aktivinə yazmaq olar?

- Ümumi baxsaq hücum planında əldə elədiyimiz yüz faizlik qol epizodlarımız olub. Önəmli olan odur ki, aktivimizə xal yazdırmışıq. Hər iki görüşdə də qalib gələ bilərdik. Amma bu gün hər iki rəqibin heyəti bizdən daha genişdi. Göstəriciləri yaxşı olan futbolçuları var. Bu baxımdan bu xalları bizim aktivimizə yazmaq olar.

- Düşünmək olar ki, artıq "Səbail" üçün avrokuboklar şansı bitib?

- Avrokuboklar üçün yalnız oyunla mübarizə aparmaq çətindir. Bunun üçün klub olaraq hazır olmaq lazımdır. Çempionatın əvvəlindən çalışmaq lazımdır ki, bu istiqamətdə bütün detallara fikir verəsən. Avorkuboklara getmək üçün mübarizə aparan klublardan oyun baxımından düşünmürəm ki, geri qalırıq. Bu nə dərəcədə bizə qismət olacaq deyə bilmərəm. Dördüncü dövrədə bir çox məsələlərə aydınlıq gələcək.

- Qarşıdakı tur "Neftçi" ilə qarşılaşacaqsınız. Çempionluğa namizəd olan digər rəqib "Qarabağ"la oyunda əla təsir bağışlayan "Səbail" görmüşdük. Eyni mübarizəni yenə görə bilərik?

- Hazırda çətin qrafikə girən komandalardan biri, bəlkə də birincisi bizik. Yeni ildən sonra ən çox oyun keçirən komandayıq. Şükürlər olsun ki, bu görüşlərdə istədiyimiz oyunu nümayiş etdirə bilmişik. Düzdü, nəticələr daha yaxşı və ya daha pis də ola bilərdi. Minimum qazana biləcəyimiz xalı qazanmışıq. "Neftçi"ni "Qarabağ"la müqayisə etmək istəməzdim. Qarşımızdakı rəqib kimdirsə ona qarşı hər zaman fikrimizi yönəldirik. İtkilərimiz var. Çalışırıq ki, meydana mübariz bir heyətlə çıxaq. Sona kimi mübarizə aparcağıq.

- "Neftçi"nin əsas futbolçularından sayılan Emin Mahmudov və Mamadu Mboc cəza səbəbindən bu oyunda olmayacaq. Bu məqam xal qazanmaq şansınızı artırırmı?

- Hər iki futbolçu "Neftçi"nin önəmli futbolçularından sayılır. Amma düşünmürəm ki, onların yoxluğunda "Neftçi"də hər hansı bir problem yaransın. Ehtiyatda olan hər bir futbolçu start heyətində meydana çıxmağa layiqdir.

- "Səbail"in əsas hücumçusu sayılan Rauf Əliyev son 3 oyunda 32 dəqiqə meydanda olub. Bu, nə ilə bağlıdır?

- Düzdü, Amil Yunanovun daha yaxşı çıxış etməsi Raufun bir qədər az oynamasına səbəb olub. Amma Rauf Əliyevi də hər oyun düşünürük. Rauf Əliyev bizim əsas hücumçumuzdur. Qışa kimi də ən çox hücumda oynayan futbolçumuz olub. Çalışacağıq mövsümün qalan hissəsində Rauf Əliyevdən də istifadə edək.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!