İspaniyalı ulduza dirsəyi ilə vuran futbolçumuz: "Açığı, özüm də…"

28 Fevral 2021 13:40 Müsahibə 757
İspaniyalı ulduza dirsəyi ilə vuran futbolçumuz: "Açığı, özüm də…"

Sportinfo.az çimərlik futbolu üzrə millinin baş məşqçisi Zeynal Zeynalovun müsahibəsini təqdim edir:

- Yeni mövsümə az qalıb. Federasiyanın qarşıdakı planları nədən ibarətdir?
- Hazırda Avropada vəziyyət yaxşı deyil. Bizim də oyun və yarış təqvimlərimiz hələ təqdim olunmayıb. İyun ayında EBCL-in (Avropa Çimərlik Futbolu Liqası) baş tutacağı gözlənilir. 16 komanda arasında 2 mərhələdən ibarət olacaq turnirdə ən yaxşı nəticə göstərən 8 komanda növbəti mərhələyə vəsiqə qazanacaq.

- Daxili çempionatda vəziyyət nə yerdədir?

- Çempionatı yayda keçirdirik. Ötən mövsüm pandemiya şəraitinə görə icazə verilmədi. Bu il də necə olacağını bilmirik. Hələ ki, komanda fiziki və seleksiya xarakterli məşqlər edir. Hər şey yaxşı olsa bu ilin iyulda dünya çempionatına seçmə mərhələsinin keçirilməsi gözlənilir.

- Bəs, komanda üzvlərinin fiziki durumu barədə nə deyə bilərsiniz? Bayaq dediniz ki, məşqlər keçirilir.

- Fiziki durumdan razı ola bilmərik. Çünki istədiyimiz kimi məşq edə bilmirik. Martda seleksiya xarakterli və fiziki durumu yaxşılaşdıran təlim-məşq toplanışı keçirmək istəyirik. Təbii ki, karantin qaydaları buna icazə versə...

- Pandemiyadan başqa, komandanızın normal fəaliyyətinə əngəl yaradan digər problem varmı?

- Xeyr, tək problem elə budur. Bütün dünyada olduğu kimi.

- Özünüzdən danışaq. Uzun illər futbol üzrə Azərbaycan milli komandasının şərəfini qorumusuz. Yaddaşınızda hansı xatirələr qalıb?

- Çoxdur, həm böyük futboldan xatirələr var, həm də çimərlik futbolunda. Hansını deyim, bilmirəm.

- 2009-cu ildə Bakıda Tofiq Bəhramov adına respublika stadionunda əfsanəvi Ispaniya millisi ilə qarşılaşdınız. Səhv etmirəmsə, David Vilyanın burnunu qırmışdınız.

- Xeyr, burnunu sındırmamışam. Həmin epizodda onun qaşı partladı. Bilərəkdən olmamışdı, yıxılanda dirsəyim dəydi. O epizoddan sonra əvəzləndi. Açığı, özüm də istəməzdim elə hal yaşansın. Amma bu, futboldur.

- Çimərlik futbolunda yaşadığınız ən gözəl anınız hansıdır?

- Biri elə bizim A divizonuna yüksəlməyimiz. Sonuncu oyun heç yadımdan çıxmaz. Macarlarla oyun. Hakım açıq-aşkar rəqibin tərəfini tuturdu. Niyyəti hər cəhdində rəqibə kömək etmək idi. Sonda haqq-ədalət öz yerini tapdı. Penalti zərbələrində daha yaxşı oynayaraq qələbə qazandıq. Onunla da A divizonuna yüksəldik.

- Böyük futbolu bitirənlər əsasən bu sahədə qalıb baş məşqçi olur. Amma siz çimərlik futbolunu seçdiniz.

- Çimərlik oynamamışdım deyə buradan təklif gəldi, ona görə dəyərləndirdim. Hələ ki, böyük futboldan mənə hələ təklif gəlməyib.

- Çimərlik futbolunda hansı məşqçi kateqoriyasına maliksiniz?

- Böyük futboldan fərqli olaraq burda elə bir şey yoxdur.

- Böyük futbolla çimərlik futbolunun hansı fərqlərini qeyd edərdiniz?

- Böyük futbol təbii ki, prioritetdir. Amma çimərlik futbolunun da öz gözəl xüsusiyyətləri var. Burada müxtəlif gözəl zərbələr (qayçı və sair) daha çox olur.

- Çimərlik futbolunu oynayanlar əsasən dırnaq və barmaq zədələrindən şikayət edirlər. Bu fikirlə razısınız?

- Əlbəttə. Ayaqyalın oynadığına görə hər bir sərt təmas zədə ilə nəticələnə bilir.

- Hazırda bizim əsas rəqiblərimiz kimlərdir?

Rusiya, İtaliya, Portuqaliya, İspaniya. Bunları qeyd edərdim.

- Onların öhdəsinə gələ biləcəyik?

- İnşaallah. Bunu zaman göstərəcək (qol.az).

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı