"Hazırda bu addımı ata biləcək bəzi başqa namizədlər də var"

22 Fevral 14:20 Müsahibə 399
"Hazırda bu addımı ata biləcək bəzi başqa namizədlər də var"

Sportinfo.az AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlikin müsahibəsini təqdim edir:

- 2018-ci ildən ölkəmizdə Hakimlər Komitəsinin sədri vəzifəsində fəaliyyət göstərirsiniz. Geridə qalan müddət ərzindəki işinizi necə qiymətləndirərdiniz?
- Ümumiyyətlə, işimi kənardan başqasının qiymətləndirməsi daha yaxşı olar. Şəxsən mən düşünürəm ki, UEFA standartına uyğun olaraq gərəkli olan bir çox dəyişikliklər etdik və AFFA hakimliyini yenilədik. Təəssüf ki, COVID-19 pandemiyası və futbolun uzun müddət dayanması səbəbindən digər ölkələr kimi, biz də əsas planımızda geridə qalırıq.

- Üç ildən çoxdur ki, buradasınız. Sizin gəlişinizdən əvvəlki hakimliklə hazırkı durumu necə müqayisə edərdiniz?
- Yalnız Premyer Liqa və Birinci Divizion haqda danışırıqsa, bütün oyun rəsmilərinin tam uyğun olduqlarını düşünürəm və onların Oyun Qaydalarını başa düşmək baxımından yaxşı təməli var. Demək olar ki, hər həftə iki yüksək liqadan birinə təyinat alırlar. Bu da onlara təcrübə qazanmaq baxımından yaxşı haldır. FİFA siyahısına baxsaq, 2019-cu ildə UEFA-nın əsas proqramına qatılan və FIFA namizədliyinə hazır olan hakimi 2021-ci ildə təklif edə bilərik. Hazırda bu addımı ata biləcək bəzi başqa namizədlər də var. Oyun səlahiyyətliləri qrupunda ümumilikdə ingilis dili bilikləri çox artıb. Hazırda bu, hakimliyin bir çox sahəsində böyük ehtiyacdır.

- Gəldikdən sonra hansı nöqsanları aşkarlayıb aradan qaldıra bilmisiniz?
- İlk fitness testində çox sayda oyun rəsmisi uğursuzluğa düçar oldu. İndi bir test etsək, demək olar ki, hamı problemsiz keçə bilər. İngilis dili biliyi zəif idi və bu da FİFA siyahısına namizəd olmaq üçün problem yaradırdı. Bəzi idarəetmə məsələləri dəyişdi. Məsələn, indi elektron müşahidəçi hesabatından istifadə edirik və əvvəllər bu, əlyazma şəklində idi.

- İşinizlə bağlı heç də həmişə müsbət fikirlər səslənmir. Buna reaksiyanız necə olur?
- İşləyən hər kəs qərarlarına və ya nəticələrinə görə tənqid edilir. Bu, hər iş sahəsində normaldır. Buna görə də, mənim vəziyyətimdə bu məsələnin eyni olması təəccüblü deyil.

- Xələfiniz Xaqani Məmmədovun zamanında Əliyar Ağayev 1-ci kateqoriyaya qədər yüksəldi. Hazırda onun davamçısı kimi hansı gənc hakimi fərqləndirərdiniz?
- Beynəlxalq siyahıda 3 yerimiz var. Əliyar Ağayevlə birgə 2019-cu ildən bəri Rauf Cabarov və 2021-ci ildən Elçin Məsiyev var. Bu o deməkdir ki, hazırda bu iki hakim növbəti addımı 2-ci kateqoriyaya atmağa çalışır. Yalnız Elçin Məsiyevin yaşından danışsaq, onun inkişafı üçün daha yaxşı şanslar ola bilər.

- Artıq uzun müddətdir Əliyar Ağayevin elit kateqoriyaya yüksələcəyi ilə bağlı söhbətlər gəzsə də, referi sanki kölgəyə çəkilib. Bunu nə ilə izah edərdiniz və Əliyarın yaxın müddətdə elit kateqoriyaya yüksəlməsi nə dərəcədə realdır?
- Hazırda UEFA-ya üzv olan bütün assosiasiyalardan 27 elit hakim siyahıya alınıb. Bu o deməkdir ki, 53 hakimin göstərildiyi 1-ci kateqoriyadan addımlamaq olduqca çətindir. Sistem sadədir: həmin “27-lik”dəkilərin birindən daha yaxşı olmalısınız və ya elit qrupunda boş yer olarsa, öz kateqoriyanızdakı digər 52 hakimi üstələməlisiniz. Əliyarın bu addımı ata bilməsi yalnız beynəlxalq fəaliyyət göstəricilərindən asılıdır.

- Azərbaycan hakimlərini, konkret olaraq buna ən yaxın hesab edilən Əliyar Ağayevi Çempionlar Liqasının ən azı qrup mərhələsində nə vaxt iş başında görəcəyik?
- Cavab vermək mümkün deyil. UEFA elit hakimlərin yanında Çempionlar Liqası oyunları üçün bəzi birinci dərəcəli hakimlərdən istifadə edirdi. Vətənim Avstriyada birinci kateqoriyalı iki hakim də təyinat gözləyir. UEFA hakimlik rəsmiləri kiminsə hazır olduğunu düşünsələr, Əliyar bu fürsəti alacaq.

- Xaqani Məmmədovun dönəmində UEFA ilə düzgün işbirliyi qurulmadığı üçün hakimlərimizin daha yüksək kateqoriya almadığı deyilirdi. Siz UEFA-nın Hakimlər Komitəsi ilə işbirliyini necə qurursunuz və bu yöndə yaxın gələcəkdə hansı perspektivli addımların atılması gözlənilir?
- UEFA-da bir neçə funksiya və vəzifəm olduğundan, təbii olaraq qurum rəsmiləri ilə, eyni zamanda digər üzv assosiasiyalarla çox əlaqədə oluram. Əliyar Ağayev üçün bəzi dəvətlər bu əlaqələrin nəticəsidir. Bildiyiniz kimi o, ötən həftəsonu Yunanıstanda iki oyunda iş başında oldu. Biri keçmişdə olduğu kimi hakim olaraq, biri isə onu bu sahədə hazırlamaq istiqamətində ilk dəfə VAR olaraq. Gələn mövsüm Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində VAR tətbiq olunacaq.

- Son vaxtlar ölkədə kifayət qədər gənc hakimlər üzə çıxsa da, bəzən eyni həftədə bir referi həm Premyer Liqaya, həm də Birinci Diviziona təyinat alır. Bu, tələbinizə uyğun səviyyədə hakimlərin azlığından irəli gəlir?
- Yuxarıda qeyd etdiyim kimi, oyun rəsmiləri tez-tez təyinat alırlar. Yalnız çox məşq etməklə daha yaxşı ola bilərsiniz.

- Yeni nəslin yetişməsi üçün AFFA Hakimlər Komitəsi hansı addımları atır?
- Fiziki məşqlərlə yanaşı, çox sayda təhsil toplantıları keçirik. Təəssüf ki, birinci liqadan aşağıdakı bütün yarışların dayandırılması bizi qrafikimizdən geridə qoydu. Toplantılarımızda müasir tədris texnologiyalarından istifadə edirik və ən əsası, UEFA Qanunlarının tətbiqi ilə uyğunlaşırıq.

- Sizin gəlişinizdən sonra Xaqani Məmmədov, Əli Hüseynov kimi keçmiş hakimlərə ehtiyac duyulmayıb. Xələfinizlə heç məsləhətləşmisizmi və onlar hakim-inspektor kimi də olsa sizə kömək edə bilməzlər?
- Mən bura işə dəvət ediləndə bunun səbəbinin dəyişikliklərə ehtiyac duyulması olduğunu anladım. Yalnız məzmun baxımından deyil, həm də şəxsiyyət baxımından dəyişikliklər. SOCAR kimi böyük bir şirkətin baş direktoru iş yerini dəyişərsə və məsələn, SOCAR Maliyyə Departamentində işçi kimi davam edərsə, çox qəribə bir şey olardı.

- Son illər belə bir fikir forlaşmışdı ki, Azərbaycanda hakimlik ölkə çempionatının səviyyəsindən üstündür. Buna misal kimi, Əliyar Ağayevin bir neçə xarici ölkə çempionatında prinsipial oyunlar idarə etməsini göstərmək olar. Amma bu mövsüm, xüsusən də, son vaxtlar hakim səhvləri nəzərəçarpacaq dərəcədə artıb. Bu səhvlər nədən qaynaqlanır?
- Ümumiyyətlə, səhvlərin əksəriyyəti bu anda mövqeləşməyə səbəb olur. Bilirik ki, bəzən hakimlərin qərarları düzgündür və Oyun Qanunları çərçivəsindədir, lakin media və ictimaiyyət fərqli düşünür (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti
17 May 23:00 Bu il bağlanmayacaq?
17 May 17:00 Bu bonus sizin üçün