"Gözləyirəm, karantin hər yerdə bitsin, sonra buradan rahat gedim"

20 Fevral 2021 18:00 Müsahibə 842
"Gözləyirəm, karantin hər yerdə bitsin, sonra buradan rahat gedim"

Koronavirusun Avropada sürətlə yayılması və uzun müddət davam etməsi ölkə xaricində çıxış edən azsaylı azərbaycanlı futbolçuların da karyerasına təsir edib.

Sportinfo.az xəbər verir ki, həmin futbolçulardan biri də Nurlan Novruzovdur.

Estoniyanın “Narva Trans” klubundan ötən ilin noyabrında ayrılan futbolçu həmin vaxtdan klubsuzdu. Nurlanla əlaqə saxlayıb, təkliflər, karyerası və başqa məsələlər barədə danışdıq.

- İlk növbədə “Narva Trans”dan ayrılmağınla bağlı danışaq. Estoniya klubundan ayrılmağına səbəb nə oldu?
- Estoniyaya gedəndən iki ay sonra ölkədə karantin rejimi başladı. Bu üzdən oyunlar da təxirə salındı. Vizamın vaxtı noyabrda bitirdi. Əslində noyabrın əvvəli bitməliydi, amma oyunların təxirə salınmasına görə uzandı. Mən də ölkəni tərk etməliydim. Çempionat dayandırıldı, sona 2-3 oyun qalmışdı, mən də ordan ayrıldım.

- Təkliflər var?
- Estoniyadan təklif var idi, lakin viza problemi yarandı deyə alınmadı. Hazırda gözləyirəm, yenidən Moldovaya da gedə bilərəm, amma açığı, ölkədə qalmağı üstün tuturam. Gözləyirəm, karantin hər yerdə bitsin, sonra rahat gedim.

- Belə başa düşdüm ki, premyer-liqada çıxış etməyi düşünürsən. Burdakı klublardan maraqlanan olub?
- Bakıya gələndə ilk istəyim burda qalıb oynamaq oldu. Yerli klublardan danışıq apardığım da vardı. Ad çəkmək istəmirəm, onsuz da danışıqlar müsbət yekunlaşmadı. Xeyirlisi nədisə, o olsun.

- Bəs nə düşünürsən, planların nədi?
- Düzü, hazırda ölkə xaricindəki klubdan cavab gözləyirəm. Həm də koronavirusla bağlı vəziyyətin düzəlməsini.

- Ölkə xaricindəki karyeranı necə qiymətləndirirsən?
- Yaxşı qiymətləndirirəm. Mənim üçün gözəl təcrübə oldu. Avropa futbolu mənə çox şey öyrətdi.

- Azərbaycan çempionatı haqda nə düşünürsən?
- Oyunları izləyirəm, maraqlı görüşlər olur. Ötən beş mövsümə nisbətən sanki bu il “Qarabağ”ın çempionluğu qazanması o qədər də asan olmayacaq. Həm “Neftçi”, həm də “Zirə” çətinlik yaradacaq. Məncə, Avropa Liqasına vəsiqə uğrunda “Sumqayıt” başqa komandaları üstələməyi bacarar. Kubok oyunları da maraqlı oldu. “Kəpəz”i təbrik etmək lazımdı. Yaşar Vahabzadənin komandası yaxşı futbol göstərdi. Gənc futbolçularla “Sabah”ı mübarizədən kənarlaşdırdılar. “Keşlə”ylə ilk matçda da yaxşı oynadılar, amma yekunda məğlub oldular. “Zirə” kubokda vacib rəqiblərdən olan “Neftçi”ni kənarlaşdırdı. Məncə, kuboku qazanmağa real namizədlərdən biri məhz “Zirə”di.

- Milli komanda barədə düşüncələrin də maraqlıdı. Canni de Byazinin rəhbərlik etdiyi yığma DÇ-2022-nin seçmə mərhələsində nəyə nail ola bilər?
- İlk növbədə milliyə uğurlar arzulayıram. Mətbuatdan oxudum ki, baş məşqçi komanda üçün futbolçu seçmək məqsədilə Türkiyəyə gedib. Təki gələnlər səviyyəli futbolçular olsun. Yeni gələnlər yerlilərdən fərqlənməyəcəksə, gəlməsin, gətirməyin adı yoxdu. Ən vacibi isə onlar yerli gənc futbolçulara nümunə olmalıdılar. Millinin bu tsikldə uğur qazanacağına inanıram (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"