“Ermənilər oranı vurmazdan 2-3 saat əvvəl çıxmışdıq” -

2 Fevral 2021 13:40 Müsahibə 1 574
“Ermənilər oranı vurmazdan 2-3 saat əvvəl çıxmışdıq” -

Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsində incəsənət sahəsindən tutmuş idmana qədər bütün vətəndaşlar səfərbər oldu.

Döyüşlərdə iştirak edənlərdən biri də Azərbaycan Premyer Liqasında hakimlik edən Kamal Umudludur.

Sportinfo.az xəbər verir ki, “qafqazinfo” 25 yaşlı referi ilə görüşərək onun müharibə xatirələrini dinləyib.

Məlum olub ki, Kamal müharibə başladıqdan 3 gün sonra cəbhə bölgəsinə yollanıb. O, yaxın dostları müharibəyə yollandıqdan sonra hərbi komissarlığa zəng etdiyini və döyüşlərə yollanmaq istədiyini bildirib. Torpaqlarımızın işğaldan azadlığı uğrunda apardığı döyüşlərə gedən artilleriyaçı, gənc hakim yaxınlıqlarına düşən artilleriya mərmisindən sonra əsl müharibəni hiss etdiyini deyir: “Yaxın dostlarım artıq döyüşlərə qoşulmuşdu. Özümə yer tapa bilmirdim. Sentyabrın 30-da hərbi komissarlığa zəng elədim və cəbhəyə yollanmaq istədiyimi bildirdim. Evdəkilərə də deyirdim ki, mən getmək istəyirəm, özümü burada narahat hiss edirəm. Sentyabrın 30-da hərbi komissarlığa yollandım və yola düşdük. İlk olaraq Goranboy rayonunda Ballıqaya deyilən yerə getdik. Demək olar ki, bütün atəş səsləri yaxınlıqda eşidilirdi. Goranboyda bir gün qalıb Bərdəyə yollandıq və orada ilk dəfə yaxınlığımıza artilleriya mərmisi düşdü. O zaman müharibənin içində olduğumuzu hiss etdik”.

Umudlunun sözlərinə görə, Bərdədəki İdman Olimpiya Kompleksində məskunlaşsalar da, ermənilərin raket hücumu zamanı oranı tərk etməli olublar: “Bildiyiniz kimi, ermənilər həmin kompleksi vurmuşdular. Biz isə həmin hücumdan bir neçə saat qabaq oranı tərk etmişdik. Əgər 2 və ya 3 saat geciksəydik, o zaman aramızda çoxlu şəhidlər ola bilərdi”.

Hakim müharibədən qayıtdıqdan sonra artıq həm də bir müharibə iştirakçısı kimi əsl işinin başına qayıdıb. İlk işi “Səbail” - “Neftçi” matçını idarə etmək olub. Həmin qarşılaşmadan öncə isə futbolçular və hakim yoldaşları onun üçün qələbə dəhlizi yaradıb: “Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasovla danışanda mənə dedi ki, sabah oyundan qabaq tədbir olacaq. Pandemiya dönəmində biz əvvəlcə meydana futbolçuları göndəririk, sonra hakimlər briqadası olaraq stadiona ayaq basırıq. Elgiz mənə dedi ki, sən əvvəlcə futbolçuları, sonra hakimlər briqadasını göndər, ən sonda özün tək meydana çıxarsan. Soruşdum ki, reqlamentdə dəyişiklik var? Dedi ki, yox, çalışacam özüm də ora gəlim. Özü də yanımda idi və dedim ki, niyə biz meydana gec çıxırıq? Dəhlizi göstərib dedi ki, bu dəhliz sənin üçün qurulub. Alqışlar altında tuneldən keçəcəyimi bildirdi. Həmin dəhlizdən keçəndə çox fərqli hisslər yaşayırdım, gözləmədiyim bir şey... Hər kəsə təşəkkür edirəm. Dəhlizin sonunda hiss etdim ki, gözüm yaşardı. Görüntülərdə də var ki, başımı aşağı salmışam”.

Elsevər Məmmədov

Foto-Video: Nuran Məmmədov







Digər Xəbərlər
Xəbər Lenti