"Hansı uşaqlarla çempionatda 10-12 komanda yaradaq?"

24 Yanvar 11:00 Müsahibə 749
"Hansı uşaqlarla çempionatda 10-12 komanda yaradaq?"

Sportinfo.az “Keşlə”nin koordinatoru Ramiz Məmmədovun müsahibəsini təqdim edir:

“Keşlə”də işləriniz necə gedir? Aşağı yaş qruplarının fəaliyyəti nə yerdədir?

- Pandemiya ilə əlaqədar olaraq aşağı yaş qruplarının fəaliyyəti dayanıb. İndi hamı istirahətdədir. Məşqləri davam etdirməyimizlə bağlı qərar verilsə, yenidən start verəcəyik.

- Əvəzedici kommanda divizionun ilk yarısında zəif nəticə göstərdi. Bunun səbəbi nədir?

- Baş məşqçi Rüstəm Əliyev komandada daha çox gənclərə və akademiyanın yetirmələrinə üstünlük verir. Düzdür, heyətdə təcrübəli 1-2 futbolçular da yer alır. Ancaq daha çox aşağı yaş qruplarından istedadlı oyunçular cəlb olunur. Ümumilikdə nəticə də əsas olaraq götürülür. Əsas məqsədimiz isə akademiyadakı uşaqları üzə çıxarmaq və əsas komandaya verməkdir. Nəticə də zamanla olacaq. Hələ çempionatın əsas hissəsi qarşıdadır.

- Əsas komanda isə qış fasiləsinə 7-ci pillədə yollandı. Komandanın daha yaxşı nəticə göstərməsinə nə mane oldu?

- Yunis Hüseynov üçün komanda bir qədər təzə idi. Anlaşma baxımından bir qədər çətin oldu. “Keşlə”nin birinci dövrəni 7-ci yerdə başa vurmasının əsas səbəblərindən biri də baş məşqçinin xəstəliyi oldu. Yunis müəllimin koronavirusa yoluxması da nəticəyə təsir etdi . Baş məşqçinin komandanı öz bildiyi kimi hazırlayıb, meydana çıxarmağı böyük şərtdir. Əlbəttə, komanda üçün böyük nəsə itirilməyib. Avropa Liqasına vəsiqə uğrunda yerlərdən birini tutmaq gözləniləndir. Kollektivə yeni oyunçular da qoşulub. Bunun xoş təsiri olacaq. Yunis müəllim də tam həvəslə məşqlərini davam etdirir. İnşallah, yeni transferlərin də komandaya güc qatmasını görəcəyik.

- “Keşlə” avrokuboklara düşə biləcək?

- Zaur Axundovla artıq 4-5 ildir ki, bir yerdə çalışıram. Çox ambisiyalı insandır. O, hər zaman klubun qarşısına yüksək hədəflər qoyur. İnanıram ki, komanda bu yerlər uğrunda mübarizə aparacaq.

- Sizə İran klublarından təklif gəldiyi barədə xəbərlər dolaşır. “Saypa”dan təklif aldığınız doğrudur?

- Bir işi başa çatdırmamış bunu açıqlamaq doğru olmaz. “Saypa” klubu ilə təxminən 1 il əvvəl söhbətimiz olmuşdu. İndi danışıq apardığım klubun adını açıqlamayacağam. Danışıqlar qüvvədədir. Agent işləri başa vurduqdan sonra açıqlama vermək olar. İndi həm də pandemiya dönəmidir. Lazım olan məqamda açıqlama verərik.

- Milli komandalar barədə danışaq. AFFA yığmaları çalışdıran əcnəbi mütəxəssisləri postunda saxladı. Bu qərara münasibətiniz necədir?

- Canni De Byazinin əsas millidə qalacağı gözlənilən idi. Millətlər Liqasında lazım olan nəticə qazanılmasa da, son 4 oyun göstərdi ki, müdafiə xəttində müsbətə doğru böyük dəyişiklik var. Onun müqaviləsi də qüvvədədir. Milan Obradoviçin nəticələrinə görə U-21-də qalması isə gözlənilən deyildi. Yumşaq desəm, bir məna görmürəm ki, Obradoviçi Azərbaycanda saxlayan nədir. Bir tərəfdən AFFA saxlayır, amma onun burada qalmağının mənasını bilmirəm. Oxuyub, lisenziya alan azərbaycanlı məşqçiləri bu sükan arxasına gətirmək lazımdır. Milliləri yerli mütəxəssislərə tapşırmaq lazımdır. Bizim mütəxəssislər təhsil alırsa, ömürlərini futbola həsr edirlərsə, biz onlara şans verməliyik. Axı onlar da öz sözlərini deməlidir. Həmişə deyirik ki, futbolçularımız kənara çıxsın. Əgər belə olmasa, futbolumuz da böyük şəkildə inkişaf etməyəcək. Biz dünya futbolunun camiəsinə qoşulmalıyıq. Həm də məşqçilərimiz də kənara çıxmalıdır.

- Federasiya yerli məşqçilərə niyə güvənmir?

- Bu sual federasiya rəhbərliyinə verilməlidir. Məncə, bizim məşqçilərin tələbkarlığının aşağı olmasıdır. Biz həddindən artıq çox şey tələb etməliyik. Nəyə qadir olduğumuzu tələbkarlığımızla göstərməliyik. Bundan sonra inam da artar, nəticə də olar. Məşqçi qardaşlarım inciməsinlər, maaşa görə işləmək lazım deyil. Ya tələblər qoyub nəticə verirsən, ya da kənara çəkilirsən. Bu tələblər qoyulmalıdır. Məntiqli və ağıllı şəkildə edilməlidir, yumruğu masaya vurmaqla yox. Verdiyin nəticədən sonra federasiyanın da diqqətini çəkmək olar.

- Tələbkar məşqçilərdən biri də Qurban Qurbanovdur. “Qarabağ”dakı nəticələri göz qabağındadır. AFFA onunla da yollarını davam etdirmədi və uzunmüddətli plan məhv edildi.

- Bu sual mənə deyil, federasiya rəhbərliyinə verilməlidir. Qurban Qurbanovun düşdüyü həmin mühiti araşdırmaq mənim səlahiyyətimdə deyil axı. Əgər mən federasiyada çalışsaydım, bu suala cavab verə bilərdim.

- Canni De Byazi Millətlər Liqasından sonra açıqlama verdi ki, Azərbaycan çempionatının səviyyəsi aşağıdır və klubların sayı azdır. O, bununla nə demək istəyir?

- De Byazi Azərbaycana gələndə bilmirdi ki, çempionatın səviyyəsi aşağıdır və 8 komanda var? O, bura gələndə yəqin ki, bunu bilirdi. Elə biz mütəxəssislər də deyirik ki, Premyer Liqada komandaların sayı azdır. Azərbaycan çempionatında ən azı 16 komanda yarışmalıdır. Səviyyəni qaldırmaq istəyiriksə, komandalar artmalıdır. Limitə görə 22 yaşlı oyunçuları qoca sayırıq və onları futboldan uzaqlaşdırırıq. Divizionda olan 23-24 yaşlı oyunçular futbolu atmaq məcburiyyətində qalıblar. İkinci divizion yaratmadıq, Region liqası da fəaliyyət göstərmir. Bu futbolçular harada yetişsinlər? Divizionda oynayanları çoxu əvəzedicilərin uşaqlarıdır. Qoca saydığımız 22-23 yaşlı futbolçular isə klub tapmır ki oynasınlar. Bu, futbolumuzun inkişafdan dayandığını göstərmir? Yanlış yolda olduğumuz, səhv limit qoyduğumuz görünmür? Hansı uşaqlarla çempionatda 10-12 komanda yaradaq? 21-22 yaşlı uşaqlar demək olar limitə görə futbolu atıblar, kafelərdə işləyirlər, tikintidə çalışırlar, sürücülük edirlər. Valideynlər 21 yaşa qədər uşağın arxasınca gediblər və bu yaşa çatanda övladları futbolumuza lazımsız olublar. Görün biz hansı vəziyyətdəyik. De Byazini qınamıram, düz deyir, amma əvvəlcədən bunu bilirdi.

- Gənclərdən ibarət veteranlar şurası yaradılmışdı. Böyük işlər görüləcəyi planlaşdırılırdı. Şuranın fəaliyyətinə kim mane oldu?

- Şura üzvlərindən biri mənə zəng edib dedi ki, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla açıqlama verib ki, bu şuranı Oqtay Abdullayev yaradıb. Kənan Kərimov, Mahir Şükürov, Emin Quliyev, Hüseyn Məhəmmədov, Zaur Ramazanov və mən bu şurada idik. Bu şuranın yaradılması üçün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşəndə Oqtay Abdullayevdən söhbət getməyib və gedə də bilməzdi. Heç onun adı yox idi. Təəssüf edirəm ki, məsul vəzifədə olan Firuz bəy belə bir yanlış açıqlama verib. Ona böyük hörmətim var, amma belə fikir səsləndirməsi xoşagələn deyil. Mən deməzdim ki, şuranı Elxan Məmmədov dağıdıb. Məlum olmadı ki, bu şura niyə yarandı və nə üçün dağıldı. Bizim işimiz bölgələrdən, hətta kənd məktəblərindən istedadlı uşaqları üzə çıxarmaq olacaqdı. Diqqətdən kənar qalan uşaqları akademiyalara aparmaq planları qurulmuşdu. Ancaq bu, fəaliyyət başlamadan bitdi.

- Bu məsələ artıq təmiz bağlandı, yoxsa yenidən gündəmə gələ bilər?

- Deyilən iş sona qədər yerinə yetirilməlidir. Söz veriblər ki, şura dağılmayıb və həll olacaq. Ortalığa pandemiya da düşdü. Bizə heç tapşırıqlar da verilmədi. Biz bölgələrdəki veteranların da bu işə qoşulmasını istəyirdik. Qrup halında fəaliyyət göstərəcəkdik. Həm də onlar üçün də iş olacaqdı. Bunun üçün az da olsa, maliyyə də lazımdır. Kimsə öz cibinin puluna bu qədər işi görə bilməz. Bunun üçün federasiya da dəstək olmalıdır. Biz futbolçuları tapıb ortaya çıxarmırıqsa, necə inkişaf edə bilərik? Buna görə də federasiyadan dəstək lazımdır. Ayrı plan və konsepsiya olmalıdır. Mən şəxsən şuradan maaş almıram. Könüllü şəkildə futbolumuza fayda vermək istəyirəm. Azərbaycan futboluna xidmət etmək istəyirik. Məsələ yenə gündəmdədir. Xəbər olsa, deyəcəklər.

- Azərbaycan futbolunun vəziyyəti acınacaqlıdır. Çıxış yolu nədir?

- Diqqəti uşaq futboluna ayırmalıyıq. Məşqləri düzgün təşkil etsək, uşaqlar bir qədər də inkişaf edəcək. Kiçik yaş qruplarının inkişafı olmasa, futbolumuz daha da bəlaya düçar olacaq. Futbol ənənəsi olan çox bölgələrdə indi susqunluqdur. Lənkəran, Quba, Qusar, Bərdə, Tovuz, Mingəçevir, Gəncə, Qazax, Yevlax, Naxçıvan kimi bölgələrin komandaları əsas liqada yoxdur. Füzuli şəhərinin də yaxşı komandası olub. Həmin şəhərlərə yenidən futbolu qaytarmalıyıq. 10 milyon əhalisi olan ölkə üçün 2 futbol liqası çox azdır (sportal.az).

Digər Xəbərlər
Xəbər Lenti
4 Mart 15:00 "Pornoy" hakimləri
4 Mart 13:40 "Qarabağ" imza atdı