
"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Sportinfo.az-a müsahibə verib.
- Qış fasiləsində yaxşı oyunçu tapmaq adətən çətin olur. Bu baxımdan Mehdi Şərifinin "Sumqayıt"a qayıdışı məcburiyyətdən atılan addımdır, yoxsa öncədən planlaşdırırdınız?
- Biz məcburiyyətdən transfer etmirik. Mehdi Şərifi tanıdığım futbolçulardan biriydi. Qış transfer dönəmində kənardan transfer etmək çətindir. Mehdi bizdən gedəndən sonra az oyun keçirib. İnanıram ki, tezliklə öz formasını bərpa edəcək.
- 4 yeni transfer etdiniz. Hər biri ayrı-ayrılıqda "Sumqayıt"a güc qata biləcək səviyyədə futbolçulardı. Əvvəlki kasad heyətə baxanda, indi bir baş məşqçi kimi özünüzü daha rahat hiss edirsinizmi?
- Bu gün komandada 30 futbolçu varsa, o demək deyil ki, heyət genişdir və məşqçi rahat olmalıdır. Əsas futbolçuların texniki, taktiki, psixoloji olaraq hazır olmaları önəmlidir. Rəqiblərimiz də güclənir. Onlar da yerində qalmır. Digər tərəfdən sevindiricidir ki, komandada rəqabət var. Qışdan əvvəl çətinliyimiz çox idi. Zədə olmasa, hər mövqedə rəqabət olacaq. Bu da futbolçuların inkişafına təkan verəcək.
- Kərəm Sultanov böyük ümidlərlə transfer edilmişdi, amma heç bir fayda vermədən yola salındı. Ümumiyyətlə, o futbolçuda hansı keyfiyyətlər sizi cəlb etmişdi?
- Kərəm Sultanov Qazaxıstanın U-21 millisində yaxşı çıxışı edib. O vaxt "Astana" komandasına namizədiydi. Ölkəsində ən perespektivli futbolçulardan biri olub. Zədədən sonra əvvəlki Kərəmə qayıtmaq ona çətin oldu. İnanıb gətirmişdik. Artı çəkisi çox idi. Düzəlməsi vaxt apardı. "Zirə"yə qarşı oyunda öz potensialını göstərdi. Bizdə az şans qazanırdı deyə, başqa klubda daha çox oynaması üçün şərait yaratdıq. Kərəmin perespektivi var və inanıram ki, öz formasına qayıdacaq.
- Çempionatın əvvəli heç kim gözləmədiyi halda "Sumqayıt" uğurlu çıxış edirdi. Hətta bir müddət komandanız lider idi. Sonradan heyətin kasad olması və pandemiya ilə bağlı problemlər uğursuz seriyaya yol açmış oldu. Qış fasiləsi və yeni transferlərdən sonra yenidən həminki iddialı "Sumqayıt"ı görə bilərikmi?
- İlk gündən gənclər və təcrübəli futbolçulardan ibarət mübariz komanda yaratmaq istəmişik. Əsas məqsədimiz milli komandaya futbolçu qazandırmaqdır. Keçən mövsüm az oynayan futbolçular "Sumqayıt"a transferdən sonra milli komandaya namizəd göstərildilər. Stabil çıxışları buna səbəb oldu. Bir çox futbolçumuz gedəndən sonra bizə inam azaldı. Tez bir zamanda yığılan futbolçularla əl-ələ verib həmin qələbələri qazandıq. Hər bir klubda eniş və yüksəliş olur. Biz də belə halla üzləşdik. Son dönəmlər məşqçilər əziyyət çəkirdi. Çünki oyunların vaxtı tez-tez dəyişirdi. Bəzən testin nəticələrindən sonra 3-4 futbolçu kənarda qalırdı. Həftə ərzində oyunlara hazırlaşırsan və oyuna bir gün qalmış istədiyin futbolçudan istifadə edə bilmirsən. Çox çətin vəziyyətə qalmışdıq. O çətinlikləri geridə qoyduq. Futbolçularımız əzmkarlıqla məşq edir. Düzdü, pandemiyanın yaratdığı fəsadlar hələ də qalır. İnanıram ki, tez bir zamanda ideal formamızı bərpa edə biləcəyik.
- Digər komandalarda az şans qazanan və formasında eniş olandan sonra "Sumqayıt"a gələn futbolçulardan biri də Cavid İmamverdiyevdir. Onun durumu hazırda necədir?
- Cavidə vaxt lazım olduğunu bilirdik. Onun potensialına bələdəm. Cavid "Sabah"da az şans qazanmışdı. Ondan sonra "Keşlə"də zədə oynamağa mane olmuşdu. Özü ilə danışanda da deyirəm ki, vaxt lazımdır. Məşqlərdə bütün gücünü qoyur. Öz üzərində işləyir. Son yoxlama görüşləri də ona təkan verəcək.
- Özünüz də dediniz ki, transfer imkanlarıımız geniş deyil. Daha çox şans qazanmayan və ya formasından uzaq düşən futbolçulara möhtacsınız. Ölkədə potensiallı gənc məşçilərdən biri kimi, iddialı klublarda işləmək perespektivi varkən, nə vaxta kimi "Sumqayıt"da qalmağı düşünürsünüz?
- Dəvət olanda "Sumqayıt"a çox inanıb gəlmişdim. Bilirdim ki, məni çətin bir sınaq gözləyir. Gələn futbolçulara inanmışdım. İndiki futbolçulara da inanıram. Sabah başımıza nə gələcək, deyə bilmərəm. Hər gün nəsə dəyişilir. Burada olduğum vaxt "Sumqayıt" yaxşı oyunları ilə ilklərə imza atıb. Bu il də yeni uğurlara imza atmağa ümidliyik. Buna gücümüz və potensialımız var. Düzdür, futbol elədir ki, bəzən istədiyin şeylər olmur. Amma inanıram ki, bu futbolçularla sona kimi mübarizə aparıb, vuruşacağıq. "Sumqayıt" məşqçilik karyeramda böyük bir məktəb oldu. Burada Avropa Liqasına çıxdıq. Ölkə kubokunun finalına yüksəldik. Biz transfer edəndə elə də geniş seçim olmur. Mən Vüqar Mustafayevə, Tellur Mütəllimova inanıb bura gətirmişdim. Aydın Bayramovdan heç kim belə çıxış gözləmirdi. Milli komandaya kimi yüksəldi. Xəyal Nəcəfovun üzərindən xətt çəkmişdilər. İlk oyunda ona şans verəndə suallar verilirdi ki, niyə Xəyal? Bu gün Xəyal öz oyunu ilə ümidləri doğrultdu. Transferlərimiz uğurlu oldu. Rəhim Sadıxov, Əli Qurbani, Camaləddin Xocaniyazov. Sevinirəm ki, digər klublar bu gün bizdən futbolçu dəvət edirlər. Halbuki keçən il onlar lazım deyildi. Elə də böyük təklifləri olmurdu. "Sumqayıt"dakı uğurlu çıxışdan sonra təkliflər gəlir. Bu da mənim və rəhbərliyin uğurudur. İstəyərəm "Sumqayıt"da işimi davam etdirim. Amma həyatdı, hər şey ola bilər.
- Adlarını çəkdiyiniz futbolçular həqiqətən, sayənizdə milli komandaya kimi yüksəliblər. Qarşıdakı müddətdə belə yüksəliş gözlədiyiniz başqa adlar varmı?
- Bəli. Bu gün milli komandanın məşqçiləri Murad Xaçayevə çox fikir verməlidilər. Çox təəssüf edirəm ki, nədənsə onu U-21-ə çağırmadılar. Öz futbolçum olduğuna görə demirəm. Xaçayevin inkişafı göz qabağındadır. Çıxışını stabil saxlaya bilsə, yəqin ki, millidən ona da nəzər eləyəcəklər. Yeni gənclər var və onlara vaxt lazımdır. Son oyunda 2004 təvəllüdlü Sənana şans vermişik. U-17 millimizin üzvüdür. İnanıram ki, gələcəkdə U-19, U-21 millilərinə kimi yüksələcək. Akademiyada başqa gənclər də var. İnanıram ki, gələcəkdə Sumqayıt akademiyasının yetirməsi kimi Premyer Liqada debut edəcəklər.
Xanoğlan İmanov