“Xəzər Lənkəran” bir nağıl idi, günlər yaşadıq və hər şey bitdi“

14 Yanvar 2021 20:00 Müsahibə 1 918
“Xəzər Lənkəran” bir nağıl idi, günlər yaşadıq və hər şey bitdi“

Birvaxtlar Azərbaycan premyer-liqasında “Xəzər Lənkəran” adlı klub var idi.

O klub k,i yarandığı gündən ölkə futboluna rəng qatdı, rəqabət yaratdı, necə deyərlər, “plankanı qaldırdı”.

O klub ki, dünya şöhrətli mütəxəssisləri Azərbaycana dəvət etdi, tanınmış futbolçuları rənglərinə bağladı.

O klub ki, tək yaşıl meydanda yox, tribunalarda fanat hərəkatının formalaşmasına təkan verdi.

“Yaşıl armada” 2015/16 mövsümündən sonra eitada fəaliyyətini dayandırdı. “Ağ-yaşıllar”ın aşağı yaş qrupları isə AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edirdilər.

Lakin bizə çatan məlumata görə, artıq onlar da tarixin yaddaşına köçüblər. Söylənlənlərə aydınlıq gətirmək üçün vaxtilə klubun mətbuat katbi olan, sonradan stadion direktoru kimi çalışan Hüseyn Cəbrayıloğlu ilə danışdıq.

- Bu gün "Xəzər Lənkəran" fəaliyyət göstərirmi, göstərirsə, hansı səviyyədə?
- Klub olaraq ötən mövsümə kimi 3 yaş qrupu vardı. Bu mövsüm üçün stadionda uşaqlar məşq edirdi. Amma pandemiya ilə əlaqədar məşqlər dayanıb. Bir məsələ də var ki, çempionatda çıxışları barədə ümidverici söz deyə bilməyəcəm. Çox güman, elə kim istəsə, gəlib məşq edib gedəcək.

- Cavabınızdan belə başa düşmək olar ki, hazırda rəsmən sənəd üzərində “Xəzər Lənkəran” adlı klub yoxdu...
- Hər halda, təəssüf ki, belədi.

- Söylənilənlərə inansaq, bu gün üçün "Fırtınalar meydanı" və kluba aid bütün infrastruktur satışa çıxarılıb. Hətta "Palmalife" oteli belə...
- Mənim klubla heç bir əlaqəm qalmayıb. 2 il yarımdan çox stadiona rəhbərlik etdim və bu zaman kəsiyində bacarığımın ən yaxşısını ortaya qoydum. Bu müddətdə stadionun ümumi vəziyyətini gələn qonaqlar, futbol adamları və yerli camaat gördü. Hazırda isə günaşırı da olsa, gedib evim, ocağım kimi stadiona baş çəkirəm, gəzib çıxıram. Nə satılır, bilgim yoxdu. Amma stadion iki saat öncəyə kimi öz sahibində idi.

- Stadionun hələ də Mübariz Mənsimova məxsus olduğu bəllidi. Sadəcə, satışa çıxarılması söhbəti gündəmdədi…
- Məyus olmalı məsələ artıq geridə qalıb. İndi oturub ağlamaq lazımdı. Məgər "Bakı"nın bazasının sökülməsi ağlamalı deyil? İndi “Xəzər Lənkəran”ın stadionu sökülsə, satılsa, agzigoycəklər durub deyəcək ki, idarəçilik normal deyildi. Amma İmişlidə, Yevlaxda, Gəncədə, Tovuzda nə oldu? Yəni məyus olmaqdan keçib. Köklü islahatlar belə ölkədə futbol adına nəsə verməyəcək. Sözün bütün mənalarında futbol inqilabı lazımdı. Amma bu inqilabı idarə edəcək futbol adamlarımız da yoxdu.

- Vaxtilə klubun mətbuat katibi olan, sonradan stadion direktoru vəzifəsinə təyin olunan Hüseyn Cəbrayıloğlunun bu gün cənub zonası üzrə Türkiyə Konsulluğunda çalışdığı deyilir. Diplomat Hüseyn yeni işində özünü necə hiss edir və futbol üçün darıxmır?
- Stadiondan sonra “Palsüd” zavoduna direktor təyin olundum. Bildiyiniz kimi, yetərincə böyük kollektivi və infrastrukturu olan zavod idi. Amma Mübariz bəyin həbsi bu təyinatı reallaşdırmadı. Dediyiniz işə gəlincə, müvəqqəti burdayam. Futbol mənim üçün ayrı bir hissdi, duyğudu. Klubun avtobusunun içində olan auranı heç bir şeyə dəyişmərəm. Çox darıxıram və hisslərimi üz-üzə danışsam, əmin olun ki, mütləq gözlərim dolar.

- Mənim üçün şəxsən maraqlıdı. Hüseyn Cəbrayıloğlu yaxın zamanda Lənkəranı elitada təmsil edəcək komandanın olacağına inanır?
- Bunu məndən hamı soruşur. Təvazökarlıqdan uzaq, bilirsiz, burda uşaq, böyük, ağsaqqal - hər kəs məni tanıyır, bu haqda soruşur. Mən də hamıya deyirəm ki, ümid sonda ölür. Amma “Futbol+”ə bunu deyə bilmirəm. Çünki realist olsaq, bir nağıl kimi günlər yaşadıq və hər şey bitdi. Bundan sonra ən yaxşı halda AFFA uzağı divizionda komanda saxlayar. Onda da ikra yemiş azarkeş şor yeməz. Yəni “Xəzər Lənkəran” kimi klubu görən kütlə arxasını çevirib gedər (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti