"Ümidliyik ki, "Turan Tovuz" Premyer Liqada çıxış edər"

14 Yanvar 2021 19:00 Müsahibə 984
"Ümidliyik ki, "Turan Tovuz" Premyer Liqada çıxış edər"

"Turan Tovuz"un baş məşqçisi İlham Yadullayev Sportinfo.az-a müsahibə verib.

- "Turan Tovuz"un hazırlığı necə gedir?

- Bu gün hazırlığımızın 4-cü günüdür. 11 yanvardan məşqlərə başlamışıq. Bu günə kimi gündə 1 dəfə məşq olub. Bu gündən həftənin sonuna kimi gündə 2 dəfə məşqimiz olacaq. Həftə sonu "Kəpəz"lə yoldaşlıq görüşümüz var.

- Hazırlığı harada keçirsiniz?

- Artıq bazamız açılıb. Elə burda hazırlığımızı keçirik. Hər cür şəraitimiz var.

- Qarşıdan "Qəbələ" ilə kubok görüşü gəlir. Bu oyun haqda nə düşünürsünüz?

- "Qəbələ" ilə oyuna uşaqlar çox həvəslidir. Çox sevinirik ki, kubokda iştirak edirik. Keçən il iştirak etməmişdik. Düzü, bu oyun dekabrda olmalıydı, amma 25 yanvara təyin olundu. Düşünürəm ki, hazırkı dönəmdə hazırlıqla bağlı bir balaca ağır olacaq. İstənilən halda Divizion klubunun Premyer Liqa komandasına qarşı oynaması stimuldu. Uşaqlar meydana çıxıb sona kimi oynayacaqlar.

- Düşünmürsünüz ki, belə məqamda Premyer Liqa klubu ilə yoxlama oyunu keçirməyiniz daha məqsədə uyğun olardı?

- Premyer Liqa klubu ilə yoxlama oyunu keçirməyə cəhdimiz olmuşdu. Amma elə oldu ki, məşqlərə gec başladıq. Planda ayın 5-i başlamaq idi. Sadəcə olaraq bazada müəyyən işlərə görə yubanma oldu. Premyer Liqa klubu ilə oynamaq üçün gərək Bakıya gedək. Belə gündə bu, bir az çətin idi. Ona görə də fikirləşdik ki, "Kəpəz"lə oynayaq.

- Birinci Divizionda liderliyiniz davam edir. Fasilədən sonra bu yolda əsas rəqib kimləri görürsünüz?

- Hələ heç nə yoxdur. Qabaqda çox oyunlarımız var. Divizonada bütün rəqiblər demək olar eyni səviyyədədir. Demək olmaz ki, hansı güclüdür, hansı zəif. Məqsədimiz yüksək yerdə getməkdir. Mübarizəmizi aparacağıq ki, yerimizi qoruyaq.

- Keçən il komandanız çempion olsa da Premyer Liqaya buraxılmadı. Eyni aqibəti yenidən yaşamağın narahatçılığı varmı?

- Keçən il pandemiya səbəbindən çempionat sona kimi oynanılmadı. Amma "Turan Tovuz" çempion elan olundu. Premyer Liqaya çıxmaq söhbəti vardı. Premyer Liqa olanda uşaqlar da iki qat həvəslənir. İndi qismət deyilmiş. Bu il də ümidliyik ki, "Turan Tovuz" Premyer Liqada çıxış edər.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!