"Elə futbolçu bura gəlməyəcək": "QƏBƏLƏ"Lİ MÜSAHİB

12 Yanvar 2021 20:20 Müsahibə 1 357
"Elə futbolçu bura gəlməyəcək":

"Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov Sportinfo.az-a müsahibə verib.

- "Qəbələ"nin qış təlim-məşq toplanışı necə keçir?

- Ayın 5-i Qəbələdə hazırlığa başlamışıq. Hər şey yaxşıdır. Əsas odur ki, xəstəlik yoxdur. Legioner oyunçularımız da komandaya vaxtında qoşulub. Tam şəkildə məşqlərimizi edirik.

- "Qəbələ" öncədən hazırlığı Bakıda keçməyi planlaşdırmışdı. Amma stadionla bağlı problem yarandığı üçün Qəbələdə hazırlıq keçəsi oldunuz. Hər hansı çətinlik varmı?

- Hər şey superdi. Hava da əla keçir. Əsl məşq havasıdır. Heç Antalyada belə stadion, belə şərait yoxdur. Açığı, son vaxtlar heç ordakı stadionların vəziyyəti xoşumuza gəlmirdi. Antalya ilə fərq yalnız o oldu ki, yoxlama görüşü keçirə bilmədik. Amma bu da problem deyil. Ayın 14-ü "Sumqayıt"la qarşılaşacağıq. Qış fasiləsi qısa olduğu üçün 1 oyun da yetərlidir.

- "Qəbələ" uğurlu çıxış etməyə başlamışdı ki, çempionatda qış fasiləsi yarandı. İstirahətdən sonra uğurlu çıxışın davamın gətirmək mümkün olacaq?

- İstədiyimiz odur ki, davamı gəlsin. Çətin olacaq, çünki bütün komandalar güclüdür. Hazırda çempionatımızda zəif komanda yoxdur. Hazırlıqdan çox şey asılıdır. Komandamız reysə düşmüşdü, gedirdi. Fasilənin olmağı hardasa ürəyimizcə olmadı. Bütün oyunları biz yaxşı oynamışıq. Pis oynadığımız oyun olmayıb. Hətta böyük hesabla uda biləcəyimiz oyunlar olub ki, ya uduzmuşuq, ya da bərabərə qalmışıq. Udulası oyunlarımız çox olub. Göstərdiyimiz oyuna baxanda nəticələrimiz pisdir.

- Əksəriyət bunu yaxşı hücumçunun olmaması ilə əlaqələndirir ...

- Elə imkanlar olur ki, boş qapıya vura bilmirik. Bunun təcrübəyə və ya yaxşı hücumçunun olub-olmamasına dəxli yoxdur. Mən buna şanssızlıq deyərdim. Düşən imkanları qola çevirə bilsək, hər şey yolunda gedəcək. Düzdü, elə imkanlar olur ki, həmin epizodda təcrübə lazımdır. Amma bizim büdcəyə görə də oyunçular var. Deyirik ki, gələn hücumçu həm təcrübəli olsun, həm qol vursun. Hər şey gözləyirik. Elə futbolçu da bura gəlməyəcək. Gedib avropada oynayacaq.

- Arxada qalan 13 turluq mübarizəyə görə, mövsümün sonu hansı pilləni "Qəbələ" üçün uğur saymaq olar?

- Oynadığımız kimi davam etsək, avrokuboklara gedə bilərik.

- Avrokuboklara gedən yolda hansı komandaları əsas rəqib kimi görürsən?

- 7 rəqibin hamısını. Çox çətin olacaq. Çempionatımızda zəif rəqib yoxdur. Əvvəlki "Qəbələ"nin vaxtında elə oyunlar olurdu ki, düşünürdün flan oyunu udmaq şansı 80%-dir. Amma indi elə şey yoxdur. Həm büdcəmiz buna imkan vermir, həm də çempionatda olan klublar. 1-2 komandanı çıxmaqla digərlərinin səviyyəsi eynidir.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!