Sevginin hesabı... neçədi? - Azərbaycanda bir dam altında yaşayan iki idmançı

11 Yanvar 23:00 Müsahibə 697
Sevginin hesabı... neçədi? - Azərbaycanda bir dam altında yaşayan iki idmançı

Sportinfo.az tanınmış jurnalist Səfurə Çərkəzqızının arxivindən növbəti yazını təqdim edir...

Yazı Azərbaycan futbolunun önəmli adlarından biri olan, "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə və həyat yoldaşı, 80-lərin məşhur həndbolçusu Esmira Cavadovaya həsr olunub.

Yaşar Vahabzadəsi və ömür-gün yoldaşı - həndbolçu Esmira Cavadova... Onlar sevgilərini sözə çevirənlərdən deyillər. Səssiz-səmirsiz sevirlər. Baxışlarıyla, gülüşləriylə...

Yaşar:

- Qəribə gəlir mənə. Biz hara, sevgi hara?

- Niyə ki?

- Yaşımız ötüb.

- Sevginin yaşa nə dəxli?

- ...

- Özünüzü belə qoca hesab eləyirsiz?

- Yox... Mənimlə heç kəs belə söhbət eləməyib axı.

- Biz eləyərik.

- Çətin.

- Deyirsiz alınmaz?

- Yox.

- Onda deyilənlər doğrudur...

- Nə deyirlər ki?

- Deyirlər, idmançılar sevə bilmirlər.

Deyəsən, qıcıqlandırmaq istəyim alınır.

- Niyə? Onlar adam deyillər? İdmançılar da sevirlər, sevilirlər. Amma... məsələ bundadır ki, tələsmirlər. Fikirləşirlər ki, idmanda yer tutsunlar, sonra.

- Sevmək, bəyəm, sifarişlədir?

- Yox. Amma... Gərək qızla görüşə gedəsən, bulvara çıxasan. İdmançıların belə şeylərə vaxtları olmur. Məşqlərdən, yarışlardan başları açılır ki?
O vaxt SSRİ dövrüydü, 1984-85-ci illər idi. Esmira da oynayırdı, mən də. Yarışlara gedirdik. Mən Bakıya qayıdanda eşidirdim ki, Esmira yola düşüb. Bir-birimizi əməlli-başlı görə də bilmirdik. Ancaq telefonla danışırdıq.

- Bəs belə dar macalda necə tanış olduz?

- ... (çiyinlərini çəkir)

- Necə başa düşək?

- Elə çətin suallar verirsiz ki...

Esmira xanım özünü vaxtında yetirir. Bayaqdan başı iş-gücə qarışmışdı deyə söhbətimizə indi qoşulur:

- 1983-cü iliydi. Həndbol Federasiyasının Kuboku uğrunda oyun gedirdi. “Neftçi”nin oyunçuları da gəlmişdi. Birdən onu gördüm.

- Əvvəl tanış deyildiz?

- Tanıyırdım, bilirdim ki, yaxşı oyunçudu. O da məni tanıyırdı.

- Birdən-birə necə vurulduz?

Cavab əvəzinə gülümsəyir, yanaqları azca allanır...

Onun əvəzinə Yaşar cavab verir:

- Həmişə oyunlarına baxırdım. Həndbolçu kimi xoşum gəlirdi.

- Hələ sevmirdiz?

- Yox.

- Bəs sonra necə oldu?

Çiyinlərini çəkir.

Bu dəfə də suala Esmira xanım cavab verir:

- Səhəri görüşdük.

- Gərək bunları o vaxt soruşardız. İndi çox şey yaddan çıxıb.

Oğlanları Fuadın cavabı daha maraqlı olur:

- Mənim yadımda qalıb. 2 yaşım olanda atam deyirdi ki, ananı istəmişəm.

Yaşar: - İstəmişəm də. (Bərkdən gülür) Görüşürdük, ordan-burdan söhbət eləyirdik. Sonra da gedib çıxdıq məhəbbətə.

- Esmira xanım da tezcə “hə” dedi?

- Yavaş-yavaş...

- Gördüm yaxşı oğlandı-totuş-motuş. Qızımız-Nigar ona oxşayır.

- O vaxtlar yaraşıqlıydım...Bir gün dedim ki, evdə deyərsən, bizimkilər sizə gələcək.

- Evdə hamı bilirdi.

- Hamı razılaşdı?

- Toy günü xalasının əri bir az “kapriz” elədi. Bizimkilərin başı necə qarışmışdısa, molla kəbini kəsdirmək heç kəsin yadına düşməmişdi. Amma “ZAQS”a gedib gəlmişdik. Xalasının əri başladı ki, molla kəbin kəsməsə, qızı verməyəcəyik. Dəvətnamələr paylanmışdı, hamı bir yandan axışıb gəlirdi. Həm də gec idi, indən belə mollanı hardan tapacaqdıq? Nəysə, axırda birtəhər kişini yola gətirdik.

- İki idmançı bir dam altında necə dolanır?

- Yaxşı.

- Bir-birimizi başa düşürük. Yaşar gəlib təəssüratlarını mənə deyir, mən də ona.

- İdmançı qadına evdəki iş-güc yorucu, darıxdırıcı deyil ki?

- Yox.

- Deyirlər, idmançı qadınlar yavaş-yavaş incəliyini, xanım-xatınlığını itirir... Siz necə düşünürsüz?

- Yalan sözdü, qadın elə qadındı da.

- Mən “ştanqist” deyiləm ki, əzələlərim şişsin, ayaqlarım nazikləşsin.

- Yadıma bir xatirə düşdü: 1985-ci iliydi, Moskvada oynayırdıq. Bir də gördüm 10-15 qız qışqırır: Yaşar! Yaşar! Qaldım məəttəl ki, bunlar kimdi? Sonra tanıdım. Esmiragilin yığma komandasının qızlarıydı. Esmira da onların arasındaydı.

- Bakıdan gəlmişdilər?

- Yox, Kiyevdən. Bircə günlüyə gəlmişdilər ki, oyuna “balet” eləsinlər.

- Qızların belə “hücumu” tez-tez olurdu?

- Yox, bizdə qadınları meydana buraxmırlar axı.

-Yəqin ki, azarkeşləriniz arasında qadınlar da çox olub. Onların sizə diqqətini, marağını hiss eləyirdiz?

Susur.

- Yaraşıqlısız, üstəlik də ad-sanınız...

- Nə deyim, bəlkə də çoxunun xoşuna gəlmişəm.

Birdən narahat olur:

- Bunların hamısını yazacaqsız? Vallah, futbolçular qəzeti oxuyub mənə güləcəklər.

- Biz ki gülməli bir şey danışmırıq...

- Siz bilmirsiz, idmançılar necə olur. Oturub söhbət eləyəndə birinin yadına düşəcək. Başlayacaq ki, Yaşar, yekə oğlansan, bu yaşda o nə sözdü demisən?

- Çölə-bayıra çıxanda camaat sizi tanıyır?

- Yaşarı çox tanıyırlar. Küçə ilə gedirik, bir də görürsən, bizə baxıb pıçıldaşırlar: Yaşar Vahabzadədi. Bazara gedir, hərə bir yandan başlayır ki, Yaşar, nə qulluq eləyək? Çox vaxt Yaşar olduğunu boynuna almır, deyir, ona oxşayıram.

- Belə tanınmağı sizi narahat eləmir?

- Yox.

- Qısqanmırsız?

- Hərdən olur, amma yaxşı mənada.

- Yəni necə?

-...

- Bəlkə, üzə vuran deyilsiz?

- Pis odu ki, evə gələndə başlayasan hardaydın, niyə gec gəlirsən? Mən heç vaxt belə eləməmişəm. Amma evə gəlib çıxana kimi narahat olmuşam.

- Liftdən çıxan kimi görürəm qapı açılır...

- Qulağım liftdə olur. O gələndə bunu hiss eləyirəm. Qapının ağzında gözləyirəm. Bu, onun xoşuna gəlir. Deyir, bilirəm ki, məni çox istəyirsən.

- Hansınızın sevgisi daha güclüdü?
-...

-...

Sakitcə baxışıb gülümsəyirlər.

- Deyəsən, bir-birinizin yanında etiraf eləmək istəmirsiz...

- Çətin sualdı. Qoy Esmira cavab versin.

Esmira xanım da cavab əvəzinə ərinə oğrun-oğrun baxıb gülür.

- Yəqin, Esmira, uşaqlar –üçü bir yerdə məni çox istəyərlər.

- Evdə kimin sözü daha ötkəmdi?
Yenə bir-birilərinə baxırlar. Deyəsən, heç kəsin cavab vermək fikri yoxdu.

- Hansınız güzəştə gedənsiz?

- Mən Yaşara həmişə güzəştə getmişəm.

- Elə mən də. Belə olmasa, qırğın düşər ki! Oyun 2:2 bitər.

1998-ci il

Səfurə Çərkəzqızı,
“Sevdalılar

Redaksiyadan: Keçmiş SSRİ dönəmində Azərbaycanı təmsil edən qadınlardan ibarət “Avtomobilçi” həndbol komandası güclü ittifaq çempionatında daim medallar uğrunda mübarizə aparıb.

“Avtomobilçi” xüsusən də 80-ci illərdəki çıxışı ilə idman azarkeşlərinin yaddaşında qalıb. O illərdə Azərbaycan təmsilçisi Avropa kuboklar kubokunu da qazanmağı bacarmışdı. “Avtomobilçi”nin heyətində çıxış edən məşhur həndbolçulardan biri də Esmira Vahabzadə (Əsgərova) idi.
Əməkdar idman ustası Esmira Vahabzadə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dosentidir, orada müəlli işləyir.

Yaşar Vahabzadə 1960-cı il aprelin 8-də Bakı şəhərində doğulub. Orta təhsilimi Yasamal rayonundakı 52 nömrəli məktəbdə alıb. Orta məktəbi başa vuranduğu 1977-ci ildə gənc futbolçu olaraq SSRİ çempionatının II dəstəsində oynayan Bakının “Avtomobilçi” komandasına dəvət alıb. 1982-ci ildən 1990-cı ilədək “Neftçi”də oynayıb. Sonradan Sumqayıtın “Xəzər”, Bakının “Nicat” və “Dinamo” (“Bakı”) komandalarında da çıxış edib. 2000-ci ildə 40 yaşında ikən Sumqayıtın “Kimyaçı” klubunun heyətində futbolçu karyerasını başa vurub.
Daha sonra məşqçilik karyerası başlayıb, müxtəlif komandalarda çalışıb. Hazırda Gəncənin "Kəpəz" klubunun baş məşqçisidir.

Digər Xəbərlər
Xəbər Lenti