"Qarabağ" Azərbaycan futbolunun yükünü daşıyır"

3 Yanvar 2021 20:40 Müsahibə 893
"Qarabağ" Azərbaycan futbolunun yükünü daşıyır"

"Sumqayıt"ın təcrübəli yarımmüdafiəçisi Elvin Məmmədov Sportinfo.az-a müsahibə verib.

- Arxada qalan bir ili karyeran üçün necə qiymətləndirirsən?

- "Zirə"dən sonra bir az boşluq oldu. Sonra hər şey düzəldi. İli özüm üçün orta normal deyərdim.

- Dediyin boşluq nədən yarandı?

- Bilmirəm, amma istəməzdim belə bir şey hər futbolçunun başına gəlsin. Çünki futbolçu üçün komandasız, məşqsiz qalmaq mənfi haldı. Həyat davam edir. Bu da bir təcrübə oldu. Ən azından insanları daha da yaxşı tanımış olursan. Amma digər yandan araya pandemiya düşdü. Bütün futbolçular 6 ay necə keçirdisə mən də elə.

- Həmin dönəmdə "Sumqayıt"a keçidini məcburiyyətdən atılan addım kimi dəyərləndirmək olar?

- Yox, niyə məcburiyyətdən? Mən əvvəl də "Sumqayıt"da çıxış eləmişdim. Orda formamı yığıb, "Zirə"yə keçmişdim. Ayxan müəllim sağ olsun. Yenidən etimad göstərdi və komandasında görmək istədi. Həmin vaxt komandaya götürməklə mən dəstəy oldu.

- Amma "Sumqayıt"da ikinci dönəm bir qədər şanssızlıq yaşadın. Həm zədən, həm qaçırdığın penal oldu. Düşünmürsən ki, gözlənilən qədər komandaya fayda verə bilmədin?

- O cəhətdən razıyam. Tam kömək edə bilmədim. Yaxşı başlamışdım, ancaq sonradan pandemiya və bir qədər zədəm oldu. Düzdü, karyeramda o qədər də çox penal vurmamışam. Amma vurduqlarım hamısı qolla nəticələnib. Daha çox penalı elə "Zirə"də vurmuşam. Bu mənə də pis təsir elədi. Həmin 3 xal bu gün bizə çox fayda verə bilərdi. Hər bir futbolçunun başına gələ bilər.

- "Sumqayıt" son anda yığılan heyətlə mövsümə əla start verdi. Belə başlanğıcı gözləyirdinmi?

- Ayxan müəllimlə bir yerdə oynamışıq. Bundan başqa "Zirə"də baş məşqçi kimi tanıdım. Hara gedirsə, əzimkar komanda yığa bilir. Toplanışlarda da hər zaman deyir ki, biz təslim olmayacağıq. Məşqlərdə maksimum çalışsaq oyunlarda bəhrəsin görəcəyik. Çox çalışmaq lazımdır. Bizdə "Qarabağ" və "Neftçi"də olan futbolçulardan yoxdur ki, komandanı çiynində daşısın, hər an oyunu dəyişsin. Bunları hər zaman bizə deyir. Heç kim qarşımıza lider olmaq məqsədi qoymayıb. Yaxşı oyunlarımız oldu və xallar qazandıq. Bunun sayəsində özümüzə güvən yarandı.

- Mövsümə yaxşı start versəniz də qış fasiləsi öncəsi komanda sanki uğursuzluq zolağına düşdü. Bunu nə ilə əlaqələndirərdin?

- Pandemiyanı əsas qeyd edərdim. İstər texniki heyətdən, istərsə də futbolçulardan virusa yoluxan çox oldu. Elə olurdu ki, məşq etməyə 10 nəfər yığılmırdı.Bundan başqa zədələrimiz oldu. Sabahdan tam heyətlə məşqlərimiz başlayır. Yenidən həmin mübarizəmizi aparmağa davam edəcəyik. Hazırda futbolda əzimkarlıq daha önəmlidir.

- Pandemiya və zədələri xüsusi qeyd etdin. Düşünmürsən ki, uğurlu çıxışı davam etdirmək üçün komandanın heyəti kasaddı və yeni transferlərlə güclənməyə ehtiyac var?

- Əlbəttə, hər bir komandanın güclənməyə ehtiyacı var. Geniş heyət lazımdır. Çünki bunun zədələnməyi, cəzalı duruma düşməyi var. Heyət böyük olanda məşqçi üçün də, futbolçu üçün də rahat olur. Rəqabət olan yerdə inkişaf da olar.

- Qarşıya hədəf qoyulmadığını dedin. Bəs hazırkı "Sumqayıt" üçün mövsümün sonu hansı nəticə uğur sayılacaq?

- Hər bir futbolçu birinci yerdə olmağı istər. Yaxşı yerlərdə gedən futbolçunun qiyməti qalxır, təlabat da artır. Bunu hər dəfə gənc futbolçulara da deyirəm. Özüm yaşamışam bunları. Hazırda 4-cü yerdəyik niyə sona kimi burda olmayaq. İndiyə kimi bunu biz futbolçular etmişik. Bundan sonra niyə də olmasın.

- Hazırkı çempionatın favoriti hansı klubu görürsən?

- "Qarabağ" Azərbaycan futbolunun yükünü daşıyır. Bu danılmazdı, reallıqdı. Real olaraq şanslı görsənən iki komandadı - "Qarabağ" və "Neftçi".

- Karyeranla bağlı nə düşünürsən. Bu mövsüm son ola bilər, yoxsa hələ qərar verməmisən?

- Hələ qərar verməmişəm. İstəməzdim sonuncu ilim olsun. Özümdən asılıdır. Bir az əziyyət çəksəm, davam edə bilərəm.

- Hələ də davam etmək istəyin futboldan ayrı qala bilməməklə bağlıdır, yoxsa özündə bu gücü hiss edirsən?

- Gücü özümdə hiss edirəm. Həvəs də var. Sevgim heç vaxt futbola tükənən deyil. Yaşım hələ 33-dü. Əgər bilsəm ki, getmir, onda atacam. 1-1.5 il gedər hələ. Davam edənlərdən mənimlə eyni yaşda olanlar da var. Əsas odur komandana faydalı ola biləsən.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti