"Bunu ilk "Neftçi"nin etməsi qürurverici hadisədir" - İsmayıl Abdullayev

24 Dekabr 2020 11:40 Müsahibə 1 899
"Bunu ilk "Neftçi"nin etməsi qürurverici hadisədir" - İsmayıl Abdullayev

İsmayıl Abdullayev - Əksəriyyətin bəyəndiyi tanınmış futbol şərhçisi.

Artıq uzun müddətdir futbol azarkeşləri onun səsindən uzaq düşüb.

Çünki 4 ay əvvəl 11 il çalışdığı İdman Azərbaycan kanalından ayrıldıqdan sonra ondan səs-soraq yoxdur.

Sportinfo.az olaraq həm bu, həm də hazırda çalışdığı Neftçi TV-nin fəaliyyəti ilə bağlı bəzi məqamlara cavab tapmaq üçün Abdullayevi aradıq.

- İsmayıl, İdman TV-dən ayrıldığın artıq az müddət deyil. Yenidən televiziya sahəsində işləməyi özün istəmirsən, yoxsa dəvət yoxdur?

- İlk növbədə diqqətdə saxladığınız üçün minnətdaram. Bəli, az müddət deyil. 11 illik AzTV və İdman TV ailəsindən artıq 4 aydır ki, ayrılmışam. Sırf idman sahəsində çalışdığım üçün tək variant CBC Sport ola bilər. Amma yəqin ki, şərhçi və ya aparıcıya ehtiyacları yoxdur. Hər halda kifayət qədər işçiləri var və mövcud vəziyyəti də nəzərə alsaq, bunu normal, anlayışla qarşılamaq lazımdır. Amma hərdən televiziyanın başqa sahələrində də özümü sınamaq kimi fikrim olur. Qismət, hər şey ola bilər. Neftçi TV-dəki işimə mane olmamaq şərtilə hər hansı təklif olsa, dəyərləndirərəm.

- Qayıdaq Neftçi TV-dəki fəaliyyətinə. Hazırda vəziyyət necədir və qarşıdakı müddətdə hansı yenilikləri görə bilərik?

- "Neftçi TV" artıq 6 aydır ki, fəaliyyət göstərir. Maşallah olsun, hələlik etimadı doğruldur deyə düşünürəm. İstər rəhbərliyin, istər mediamizin, istərsə də izləyicilərin müsbət fikirləri belə deməyə əsas verir. 6 ay ərzində bir sıra veriliş və layihə ilə efirə çıxmışıq. Onlardan "Neftçi Mediada", "Oyun günü", "Unudulmaz xatirələr", "Ulduz stansiyası", "Piramida", "Həmsöhbət", "Neftçi"nin tarixində", "Sağlamlıq durumu"nu göstərə bilərəm. Bundan savayı hər gün efirə gedən "Neftçi" xəbər" blokunu, oyunlar haqqinda hazırlanan promo və videoçarxları, futbolçularla müsahibələri, transfer təqdimatlarını, həmçinin B komandasının matçlarının canlı yayımı və şərhini vurğulamaq olar. Texniki və yaradıcı heyətimiz daxil olmaqla maksimum 15 nəfərlə çalışdığımızı nəzərə alsaq, işimizi qənaətbəxş hesab edə bilərəm. Amma əlbəttə ki, hədəflərimiz daha böyükdür. İlk növbədə efir saatımizı artırmaq və yaxın gələcəkdə kabel televiziyasına çıxmaq kimi fikrimiz var. Hazırda da bunun üzərində iş gedir. Belə olacağı təqdirdə şübhəsiz ki, yeni kadrlara da ehtiyacımız olacaq. Yeni veriliş və layihələrimizi həyata keçirəcəyik.

- İlk gündən bu günə arzuladığınız müsbət dinamikanı əldə etmək mümkün olubmu?

- Etiraf edim ki, ilk efirə çıxdığımız günlərdə böyük maraqla qarşılanmışdıq. Hətta izləyici və abunəlik sayı gözlədiyimizdən də artıq çoxalmışdı. Amma pandemiya səbəbilə müəyyən qapanma və məhdudiyyətlər, daha sonra isə Qarabağ Vətən müharibəsinin başlanması işimizə bir xeyli təsir etdi. 44 günlük zəfər günlərimizdə nəinki futbol, istənilən sahənin nümayəndələrinin ağlı, fikri, ürəyi, duası ön cəbhədə idi. Hətta həmkarlarımızdan da döyüşən, qəhrəmanlıq göstərən şəxslər oldu. Bir daha Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik! Ömrümüzün sonuna kimi onlara borcluyuq. İş isə hər zaman var. Yenidən əvvəlki səviyyəyə qalxmaq üçün daha çox çalışmalıyıq.

- Narazı qaldığınız və gələcəkdə düzəlməsinə ümid etdiyiniz hansı nöqsanlar sizi daha çox narahat edir?

- İş olan yerdə nöqsan da olur, narazılıq da, anlaşılmazlıq da. Ələxsus da söhbət media və televiziyadan gedirsə. Çünki TV-nin əsas məqsədi son xəbərləri, baş verən hadisələri dəqiq, operativ və qərəzsiz şəkildə tamaşaçılara çatdırmaqdır. Bu baxımdan isə bəzən müəyyən problem və çatışmazlıqlar olur. Amma belə hal olduqda dərhal iclas edib nöqsanların aradan qaldırılması üçün yollar axtarırıq. Şükürlər olsun ki, hələ ciddi səhv və ya problemimiz olmayıb.

- İlk günlər əksəriyyət düşünürdü ki, bizim futbol camiyəmiz üçün klub kanalı hələ tezdir. Artıq az müddət deyil ki, Neftçi TV fəaliyyət göstərir. İşin içində olan biri kimi bu fikirlərə haqq qazandırmaq olar, yoxsa klub üçün mütləqdir tv-nin olması?

- Əksinə, düşünürəm ki, bu baxımdan gecikmisik. Ən azı qonşu ölkələrin futbol klublarına baxanda bu praktikadan çoxdan istifadə etdiklərini görürük. Əslində Neftçi rəhbərliyi bunun üzərində çoxdan çalışırdı. Qismət isə bu ilin yayına təsadüf etdi. Özü də bunu ilk olaraq "Neftçi"nin etməsi başqa qürurverici hadisədir. Düzdür, klub televiziyası olaraq müəyyən çərçivədə danışıb və göstəririk. Yəni əsas mövzu "Neftçi "PFK-a aid olmalıdır. Bu isə daha çox "Neftçi" azarkeşlərinin bizi izləməsi anlamına gəlir. Bundan savayı, efirimizdə Azərbaycan çempionatı, milli komandaya da yer ayırırıq. Amma yaxın gələcəkdə auditoriyamızı daha da genişləndirməyi planlaşdırırıq. Sağ əlimiz isə digər futbol klublarının başına. Onlar da bu praktikadan istifadə etsələr, həm futbolumuzun inkişafına töhfə verərik, həm də aramızda sağlam rəqabət yaratmış olarıq.

- İzləyicilərin daha çox bəyəndiyi və ya narazı qaldığı məqamlar nələrdir?

- İzləyicilərin daha çox narazı qaldığı məqam, əlbəttə ki, komandanın mövcud vəziyyəti və uzun illərdir həsrətində olduğu çempionluqdur. Həm "youtube", həm "facebook", həm də "instagram" səhifəmizdə tez-tez rastlaşdığımız narazılıqlar məhz bununla bağlıdır. İzləyicilərin marağında olduğu verilişlərə gəlincə, fanatlar daha çox "Neftçi"nin arxiv videolarını tələb edirlər. Amma bu nəinki bizim, bütün televiziya və mətbu orqanlarımızın ciddi problemidir. O cür möhtəşəm, unudulmaz tarixi olan "Neftçi"nin nostalji görüntülərini əldə etmək üçün çox çalışırıq. Hətta günlər, həftələr sonra hər hansı bir oyun və ya icmal tapanda elə sevinirik ki. Bu istiqamətdə axtarışlarımızı isə artıq təkcə ölkədə daxilində deyil, eyni zamanda xaricində də davam etdirmək fikrimiz var. Zamanla bu catismazligin da öhdəsindən gələrik.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti