Nazir futbol səhnəsinə iddialı qayıtmış klubun ən böyük problemini həll etdi

14:00 Gündəm 289
Nazir futbol səhnəsinə iddialı qayıtmış klubun ən böyük problemini həll etdi

«Şəfa» rəhbərliyi 2 ildən artıqdır üzərində çalışdığı problemi həll edib.

22 ildən sonra Premyer Liqaya qayıtmış «ağ-göylər» «Baku Arena»nı icarəyə götürüb.

Bu məsələ paytaxt təmsilçisinin başbilənləri ilə Gənclər və İdman Nazirliyi (GİN) arasında keçirilən görüşdə razılaşdırılıb.

Nazir Fərid Qayıbovun qəbulunda olan funksionerlər öz planları barədə məlumat verib. Qayıbovu inandırıblar ki, stadion onlara tapşırılsa, burada lazım olan bütün işləri qısa müddətdə həyata keçirəcəklər.

Böyük yenidənqurma tədbirləri görüləcək, məkanı daha gözəgəlimli edəcəklər. GİN-in başçısı «Şəfa» mənsublarının fikrinə müsbət yanaşıb və arenanın idarəçiliyinin əl dəyişməsinə «olsun deyib.

Yaxın günlərdə tərəflər arasında uzunmüddətli müqavilə imzalanacaq. İcarə müddətinin 10 il olacağı gözlənilir.

8125 nəfər tamaşaçı tutumu olan “Şəfa” 2000-ci ildə AFFA tərəfindən əsaslı təmir olunub. Daha öncə “Termist” adlanan arenanın yenidən qurulması assosiasiyaya 4,5 milyon manata başa gəlib.

Şəhərin mərkəzi hissəsində yerləşən futbol qurğusu 2005-ci ilədək “Şəfa“ FK-nın ixtiyarınla olub.

Bir müddət “Olimpik”in də evinə çevrilən arena 2014-cü ildə “İnter”ə 4 milyon 250 min manata satılmış, “İnter Arena”ya çevrilmişdi.

2018-ci ilin 20 iyulundan isə idman qurğusu Azərbaycan Sənaye Korporasiyasının (ASK) balansına keçib. “İnter”in borclarına görə sahibi dəyişdirilən stadion həmin vaxtdan əsl böyük futbola həsrət qalmışdı.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 27.12.2024-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyəti ləğv edilib və onun mülkiyyətində olan müəssisələr Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilib.

Bu səbəbdən əvvəllər Azərbaycan Sənaye Korporasiyasının (ASK) adını daşıyan arena da AİH-nın balansına keçib və adı dəyişdirilib. Bu ilin əvvəlindən idman qurğusu “Baku Arena”ya çevrilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti