“Gözləyirəm ki, borclar bağlansın, sonra işə başlayaq”

13 Oktyabr 2021 20:00 Bizimkilər 1 316
“Gözləyirəm ki, borclar bağlansın, sonra işə başlayaq”

“Bir müddət olar ki, İranda idim və yeni qayıtmışam”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Ramiz Məmmədov deyib.

İran mediası azərbaycanlı məşqçi ilə bağlı yaydığımız xəbəri təsdiqləyib. Yerli “Fartak varzeşi” və “Di sport lige 1” nəşrləri “Qəbələ”nin sabiq çalışdırıcısının fəaliyyətini bundan sonra İranda davam etdirəcəyini tirajlayıb.

Onların yazdığına görə, «Pro» kateqoriyalı məşqçi «Maşinsazi» ilə anlaşıb. Sonuncu dəfə «Keşlə»də idman direktoru postunu tutan Məmmədov Təbriz klubu ilə 1 illik müqavilə şərtlərini razılaşdırıb.

Bu, təcrübəli mütəxəssisin İrana 3-cü dönşüdür. O, 2001-2004-cü illərdə Arazın o tayında çıxış edib.

İlk 2 ildə «Peykan»ın formasını geyinən Məmmədov növbəti mövsümdə «Peqah»ın uğurları üçün çalışıb.

Bir neçə il öncə isə ora məşqçi kimi qayıdıb, «Damaş»ıın sükanı arxasna keçib. Ümumiyyətlə, İran Ramiz Məmmədovun məşqçi olaraq çalışacağı ikinci ölkədir.

Azərbaycanın sayılıb-seçilən mütəxəssislərindən biri sayılan millinin keçmiş müdafiəçisi 2011-ci ildə Qazaxıstanda - «Atırau»da işləyib və buradan erməni futbolçu ilə bağlı yaşadığı qalmaqala görə ayrılıb.

«Maşinsazi» yeni mövsümdən Birinci Liqada mübarizə aparacaq. Yaxınlarda Təbriz təmsilçisinin rəhbərliyi dəyişib və yeni gələn idarəçilər iddialı komanda formalaşdırmaq fikrindədir.

Iki günlük axtarışlardan sonra əlaqə yarada bildiyimiz R.Məmmədov qısa da olsa, bəzi məqamlara aydınlıq gətirib:

“İranda olduğum müddətdə menecerim vasitəsilə bir neçə klubla danışıqlar aparmışam. Bütün şərtlərimi menecerim həmin klubların rəhbərliyinə bildirib.

Onların arasında “Maşinsazi” də var. İran mətbuatının bu haqda yazdıqlarını bura gələndən sonra bilmişəm.

Açığı, istəmirdim ki, orada apardığımız danışıqlar mətbuata çıxsın. Çünki hələ müqavilə barədə danışmaq tezdir.

Düzdür, “Maşinsazi” variantı realdır. Şəxsi müqavilə şərtlərində ciddi fikir ayrılığı yoxdur, demək olar anlaşmağa çox yaxınıq.

Sadəcə, “Maşinsazi”nin ötən illərdən yığılıb qalan müəyyən problemləri var. Əsasən də, maliyyə cəhətdən.

Klubun xeyli borcu yaranıb və FİFA kluba transfer qadağası qoyub. Futbolçularım çoxu çıxıb gedib.

Klub rəhbərliyi deyir ki, bu problemləri həll edəcəyik. Mən də gözləyirəm ki, borclar bağlansın, sonra işə başlayaq.

“Maşinsazı” İranda məşhur klubdur, böyük azarkeş kütləsi var. Mövcud problemlər aradan qaldırılmalıdır ki, biz də “Maşinsazi”nin inkişafında pay sahibi ola bilək.

Bugünkü vəziyyətdə ən düzgün addım gözləmə mövqeyi tutmaqdır”.

Digər Xəbərlər
Xəbər Lenti