Sadıqovdan tənqidçilərinə cavab: "Millidə yaxşı nəticələr göstərmişəm" - MÜSAHİBƏ

1 Noyabr 2019 16:01 Azərbaycan Futbolu 1 743
Sadıqovdan tənqidçilərinə cavab:  "Millidə yaxşı nəticələr göstərmişəm" - MÜSAHİBƏ

AFFA yanında Məşqçilər Komitəsinin sədri, həmçinin İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov Sportinfo.az saytına müsahibə verib.

- Bu gün Azərbaycan derbisi olacaq: Neftçi" - "Qarabağ" oyunu haqda fikirləriniz maraqlıdır.

- Hamı bu görüşü səbrsizliklə gözləyir. İnanıram ki, çempionatda rəqabəti davam etdirmək baxımından yaxşı, maraqlı bir oyun olacaq. "Neftçi" qızıl medallara iddiasını davam etdirmək üçün mütləq qələbə qazanmalıdır. Digər tərəfdən, rəqibin də "Qarabağ" olduğunu nəzərə alsaq, onlar da liderliyi qoruyub saxlamaq üçün meydana qələbə qazanmağa çıxacaqlar. Geridə qalan 10 turda böyük üstünlük qazanıblar. Aradakı xal fərqini 11-ə çatdırmaq və qarşıdakı oyunlara daha rahat, təzyiq olmadan çıxmaq üçün "Qarabağ" da bu gün qalib gəlməyə çalışacaq. Üstəlik bir həftədən sonra APOEL-lə ağır səfər oyunları var. Bu görüşə də psixoloji cəhətdən üstün çıxmaq baxımından "Qarabağ" "Neftçi"ni məğlub etməyə çalışacaq. Şanslara gəlincə, fikrimcə, bərabərdir. Ədalətli oyunla layiq olan qələbə qazansın.

- Bu gün "Qarabağ" qələbə qazansa, çempionluğun taleyini tam həll etmiş olacaq?

- Bunu demək bəlkə də tezdir, ancaq hesab edirəm ki, bu görüşdə "Neftçi" məğlub olsa, Premyer Liqada intriqa öləcək və "Qarabağ" bundan sonra çempionatı özü özünə rəqib olmaqla davam etdirəcək. Bir sözlə, "Qarabağ"ın növbəti çempionluğa doğru böyük bir addım atması üçün bu qarşılaşma keçid rolunu oynaya bilər. Bu görüşün nəticəsi hər iki klub üçün xüsusi və həyati əhəmiyyət daşıyır.

- "Neftçi"nin bugünkü matçda 3 xal qazanmaq şansı var?

- Avroliqada Tula "Arsenal"ı ilə oyunlardan sonra fikirləşirdik ki, "Neftçi" bu heyətlə "Qarabağ"a çox başağrı olacaq, ən azından, çempionluq uğrunda başabaş mübarizə aparacaq. Ancaq heyf ki, ilk turlardakı nəticələr özünü doğrultmadı. Bilmirəm, "Neftçi" daxilində hansı proseslər gedir, faktdır ki, komanda ilk turlarda lazım olan xalları qazana bilmədi. Bütün bunlara baxmayaraq, bu gün "Qarabağ"la qarşılaşma "Neftçi"nin baş məşqçi və futbolçuları üçün sırf özünüsübut oyunudur. Mütləq qələbə qazanıb azarkeşlər qarşısında da bəraət qazana, onları sevindirə bilərlər. Bu mənada oyunun nəticəsi "Neftçi" üçün çox vacibdir.

- Sizcə, "Qarabağ" nəhayət, bu mövsüm Avroliqada qrupdan çıxa biləcək?

- Çox istəyərdim ki, APOEL-lə Bakıdakı oyunda qələbə qazanıb məsələni böyük ölçüdə həll etmiş olsunlar. Təəssüf, alınmadı. Buna rəğmən, onlara inam böyükdür, hamımız "Qarabağ"ın qrupdan çıxmasının arzulayırıq. Hər iki komanda meydana eyni səviyyədə, eyni vəziyyətdə, psixoloji gərginliklə çıxacaq. APOEL mütləq qələbə qazanmalıdır, "Qarabağ" da ən azından uduzmamalıdır. Psixoloji baryeri kim uğurla keçsə, yekunda sevinən tərəf olacaq. Ümid edək ki, bu, "Qarabağ" olacaq. Çünki komandanın son illərdəki oyunları, çıxışları Kipr klubundan qat-qat üstün olduğunu göstərir.

- Qarşıda AÇ-2020-nin seçmə mərhələsində millimizi 2 çətin sınaq gözləyir. Uels və Slovakiya ilə oyunlardan nə gözləyək, siz nəyə ümid edirsiz?

- Hər birimiz yığmadan məzmunlu oyun və uğurlu nəticə gözləyirik. Qrupda elə bir vəziyyət yaranıb ki, bizdən başqa bütün komandaların pley-offa çıxmaq imkanı var. Bu mənada çox çətin, gərgin oyunlar olacaq. Ancaq bizim də millimiz başa düşməlidir ki, vaxt yetişib, artıq qələbə qazanıb azarkeşləri sevindirmək lazımdır. Uelslə oyunda özümüzü ən yaxşı tərəfdən göstərməklə Slovakiya səfərinə də ruh yüksəkliyi ilə yollana bilərik. Ən vacibi doğma publika qarşısında Bakıdakı oyundur. Burada xal qazanıb son qarşılaşmaya da böyük motivasiya ilə çıxmaq olar. İnanıram ki, millimiz yaxşı nəticə əldə edəcək.

- Vaqif müəllim, son sualı verim.

- Elə bayaqdan son sual deyə-deyə gedirsən (gülür)

- Bu dəfə dəqiq sonuncudur. Veteran futbolçu Yunis Hüseynov "İdman" kanalında deyib ki, "Vaqif Sadıqov işlədiyim ən pis məşqçidir və heç vaxt çalışdığı yerdə uğur qazanmayıb"...

- Aha...Əvvəla, hər kəsin fikrinə hörmətlə yanaşıram. Ancaq məncə, Azərbaycan futbolu üçün əlimdən gələni etmişəm. Ən vacibi odur ki, bu gün vicdanım qarşısında təmizəm. Ölkə kubokunun qalibi, bürünc mükafatçı olmuşam, Superkuboku qazanmışam, ən ağır dönəmlərdə milli komandada yaxşı nəticələr göstərmişəm, xeyli ilklərə imza atmışam.

Elvin

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı