“Azərbaycan futbolundan iyrənmişəm” - MÜSAHİBƏ

31 Oktyabr 2019 16:14 Azərbaycan Futbolu 1 869
“Azərbaycan futbolundan iyrənmişəm” - MÜSAHİBƏ

“Olimpik”, “Olimpik-Şüvəlan”, AZAL klublarının vitse-prezidenti və prezidenti olmuş Vaqif Qasımov Sportinfo.az saytına müsahibə verib.

- Çoxdandır görünmürsüz, Vaqif müəllim...
- Harada görünüm? Futbolumuz nə gündədir, nəyə görünüm ki? Futbolu məhv eliyib qoyublar böyrü üstə.

- Axırıncı dəfə nə vaxt stadionda omusuz?
- Çoxdandır stadionlara getmirəm. Heç yadıma düşmür. Hansı futbola baxım?

- Uzun illər futbolun içində olmusuz. İndi kənarda qalmaq sizə necə gəlir?
- Xeyr, kənarda qalmamışam. Akademiyada mənim klubum var, futbolla məşğul oluram daim. Milli Aviasiya Akademiyası daxilində çempionat da keçiririk. Bundan başqa, komandamız tələbələr arasında Azərbaycan birinciliyində iştirak edir. Bir sözlə, futboldan uzaq deyiləm. 12 ildir həm də burada çalışıram.

- Azərbaycan futbolu kənardan necə görünür?
- Çox pis, futbolumuz acınacaqlı vəziyyətdədir. İrəli getmək əvəzinə gündən-günə geriləyir. Çox şey görüntü xətrinə yaradılıb. Reallıqda futbol bərbad gündədir. Futbol oynayan təkcə “Qarabağ” dır. 1-2 komanda normal futbol oynayır, bununla çempionat olar? Vaxt olub, Azərbaycan çempionatında 24 komanda iştirak edib. Hökümət tərəfindən də heç bir maliyyə yardımı almırdılar. İndi hər şey var, futbol yoxdur, nəticə yoxdur. 8 komanda ilə çempionat olar?

- AZAL-ın yeri görünür çempionatda?
- Əlbəttə, ləğv olunmuş digər klublar kimi, AZAL-ın da yeri görünür. Bizim komanda həmişə yuxarı pillələrdə olub, çempionluğa oynayan klublarla daim başabaş mübarizə aparırdı. Əməlli-başdı rəqabət var idi.

- Amma Vaqif müəllim, elə o vaxt da belə bir fikir var idi ki, AZAL kimi klub nəyə lazımdır – futbolçu yetişdirmir, azarkeşi yox və.s.
- Niyə ki? Əksəriyyəti öz uşaqlarımız idi. AZAL-ın U-17, U-19 komandaları, əvəzediciləri haradan gəlirdi bəs, öz uşaqlarımız oynayırdı da. Bizdə 7-8 yaş qrupu üzrə komandalar oynayırdı çempionatlarda. Guya, o biri klublar futbolçu yetişdirirdi? Yoxsa, indikilər yetişdirəcək? “Səbail”, “Sabah” kimi klublar yetişdirəcək futbolçu?

- Şüvəlandakı stadion da qalıb “Zirə”nin ümidinə...
- Xeyr-xeyr, o stadionun “Zirə” ilə heç bir əlaqəsi yoxdur. Sizə əminliklə deyirəm ki, Şüvəlan stadionu AZAL-ın əmlakıdır, onun balansındadır. Stadionun “Zirə”nin balansına verilməsi yalan söhbətdir. Sadəcə, müqavilə bağlanmışdı ki, təxminən 1 il “Zirə” orada məşq etsin, əvəzedicilər oynasın. Ancaq onlara verilməsindən söhbət gedə bilməz.

- Əvvəllər sizin müsahibə, açıqlamalarınız niyə bu qədər rezonans doğururdu?
- Bilmirəm. Düzünü danışıram, bəlkə ona görədir. Xoşlamıram yalanı, nə varsa, onu deyirəm.

- Siz o vaxt AZAL-da işləyəndə komandada 2-3 vitse-prezident var idi. Sizcə, bir klubda bu vəzifədə neçə adam olmalıdır?
- Özün bilirsən, o vitse-prezidentləri mən təyin etmirdim ki...Komandanın sahibləri göndərirdi onları.

- Sizinlə birlikdə işləyənlərdən futbolda bu gün yalnız Eldəniz Yusifov qalır...
- Hə, bir Eldəniz qalıb. O da çox yaxşı işçidir. Eldəniz istənilən klubda işləyə bilər. Çünki o, 10 adamın işini görür.

- Premyer Liqanın oyunlarını televizordan da izləmirsiz?
- Yox, arada baxıram. Xüsusən “Qarabağ”ın oyunlarını izləyirəm. Avroliqada oynadığına görə məni maraqlandırır. Arada “Neftçi”nin oyunlarına baxıram. Qalanları maraqlı deyil.

- Bəs milli komandanın necə, baxırsız oyunlarına?
- Millini hə, əlbəttə.

- Bu seçmə mərhələdə 6 oyuna cəmi 1 xal qazanmışıq...
- Hə, görün də. İndiyə qədər belə şey olmamışdı. 6 oyuna 1 xal qazanmaq...Adam söz tapmır deməyə.

- Maliyyə imkanlarımız yaxşıdır, amma nəticə yenə yoxdur...
- Təşkilatçılıq yoxdur. Düzgün iş görmək lazımdır. Struktur düz olmayandan sonra pul da kömək eləmir. Əsas problem budur. Milli komandaya kimi istəyirsən, gətir, lap Mourinyo olsun, mümkün deyil. 17-18 yaşlı uşaqlar oynamağa klub tapmırlar və futbolu atırlar. Əvvəllər Premyer liqada 14-16-18 klub olurdu, bu futbolçular da oynayıb özlərini doğruldurdular, təcrübələrini artırırdılar. İndi aşağı liqalardan çıxan uşaqlar oynamağa yer tapmırsa, nə etməlidir, hara getsinlər? Futbolu atan nə qədər perspektivli, gənc, istedadlı uşaqlarımız var.

- Aşağı yaş qrupları üzrə bütün milli komandalarda da vəziyyət bərbad forma alıb.
- Bəli, vəziyyət çox pisdir. Bu uşaqlar yaxşı oynaması, təcrübə qazanmaları və sonra milli komandaya xeyir vermələri üçün daim futbol oynamalıdırlar.

- Belə olan halda əcnəbi məşqçi Azərbaycana uğur qazandıra bilər?
- Uşaq futbolu olmalıdır. Öz də necə, baxın, Qəbələdə akademiya var, “Neftçi”nin akademiyası var. Bunların əvəzinə Bakıda normal futbol məktəbi açıb “Ayaks”ın və ya uşaq futbolu yaxşı inkişaf etmiş məşhur klubların birindən mütəxəssis gətirmək lazımdır. Həmçinin şərait yaradılmalıdır ki, azərbaycanlı gənc məşqçilər onun yanında işləsin, öyrənsin, təcrübəsini artırsın. Bundan sonra uşaq futbolu inkişaf edə bilər və millilərə də xeyiri olar. İşə buradan başlamaq lazımdır. Yoxsa, kim gəlir-gəlsin, uşaq futbolu olmasa, əsas millidən nəticə gözləməyək. Nikola Yurçeviç də bu gün əlində olan “material”la hərəkət edir. Neyləməlidir ki?

- Sizcə, Qurban Qurbanov milliyə xeyir verə bilməzdi? İşləməyə imkan vermədilər.
- Nə bilim, vallah. Bunu AFFA rəhbərliyindən soruşmaq lazımdır ki, nə üçün Qurban Qurbanovu işləməyə qoymadılar. Digər tərəfdən, ona da çətindir iki yerə işləmək.

- Gələn il AFFA-ya prezident seçkiləri keçiriləcək. Federasiya rəhbərliyi postunda qalmalıdır?
- Kimi qoyub, kimi çıxardırlar, bunu mən həll eləmirəm, özləri bilirlər. Amma yaxşı olardı ki, SOCAR futbola sponsorluq eləsin, sərmayə yatırılsın. İndiki rəhbərlik istənilən nəticəni verə bilmir. Adlarını çəkmək istəmirəm, bədnam qonşularımız 10 xal yığıb, az qalır Avropa çempionatına vəsiqə qazansınlar. Biz isə 1 xala sevinirik. Federasiya rəhbərliyi elə buna baxıb nəticə çıxarmalıdır.

- Futbola qayıtmaq fikriniz var?
- Yox, mən artıq futbolla qurtarmışam. İyrənmişəm.

- Təklif olsa, qayıtmazsız? Yaxud AZAL dağılmasaydı da, futboldan gedəcəkdiz?
- Məni Azərbaycan çempionatı, Azərbaycan futbolu iyrəndirdi. Söhbət təkcə AZAL-dan getmir. Lənkəran, Yevlax, Tovuz kimi futbol rayonlarının klublarını məhv elədilər. Say getdikcə azalır. Normal futbol üçün çempionatda heç olmasa, 12 komanda çıxış etməlidir. O uşaqlar oynamağa klub tapıb üzə çıxmalıdır.

Elvin Əhəd

Digər Xəbərlər
Xəbər Lenti