"Roman Qriqorçuk karyeramı məhv etdi" - MÜSAHİBƏ

28 Oktyabr 2019 17:45 Azərbaycan Futbolu 1 756
"Roman Qriqorçuk karyeramı məhv etdi" - MÜSAHİBƏ

Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandamızda kapitanlıq sarğısı daşımış, U-21 yığmasında da oynamış, “Neftçi”, “Sumqayıt”, “Qəbələ”, “Rəvan”, “Səbail”, “Turan-Tovuz”, “Zaqatala” klublarında çıxış etmiş Ruslan Tağızadə Sportinfo.az-a müsahibə verib. Karyerasını başa vurmaq istəmədiyini bildirən 25 yaşlı futbolçu hazırda Rusiyada yaşayır.

- Karyeranı başa vurduğunu demək olar?
- Əvvəla çox sağ olun ki, məni yada salmısınız. Karyeramı başa vurmaq haqda fikirləşmirəm. Allahdan ümid kəsilməz. Hələ də nəyəsə ümid edirəm. Yenidən meydanlara dönəcəyimə inanıram.

- Nəyə görə bu yaşda karyeranı başa vurmaq təhlükəsilə üz-üzə qalmısan?
- 35 yaşım olsaydı da belə, karyeramı başa vurmaq haqda düşünməzdim. Sadəcə, Premyer Liqa klublarından təklif gəlmədi. Birinci divizionda da özüm oynamaq istəmədim. Bir şey ki o liqada perspektiv yoxdur. Düzdür, orada oynayan yaxşı futbolçular var. Ancaq bizim ölkədə divizion klublarına kimi düşdünsə, vəssalam, gərək futbolu atasan.

- Necə düşünürsən, karyeranın hazırkı durumda olmasına əsas səbəb nə idi? Harada səhv etdiyini düşünürsən?
- Karyeramın belə alınmasının bir çox səbəbləri çoxdu. Ancaq bunları burada açıqlaya bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, öz səhvlərimin ucbatından belədir. Yenə də oynaya biləcək gücdəyəm. 6 aydır futbolsuzam, lakin hazırki vəziyyətimdə də Premyer Liqada oynaya bilərəm. “Qarabağ”ı çıxmaq şərtilə hər bir komandada oynamağa gücüm çatar.

- Bir vaxtlar U-19 yığmasının kapitan sarğısını da daşıyırdın. Amma sonradan işlərin qaydasında getmədi. Əsas milli komandaya yüksələ bilmədin...
- Əlbəttə ki, U-19 və U-21 yığmasında oynayanda məqsədim Azərbaycanın A milli komandasına düşmək idi. O da qismət olmadı. Mənə qismət olmasa da, oğluma qismət olacaq. Oğlum Rusiya vətəndaşıdır, nə lazımdırsa edəcəm. Oğlumun burada yaxşı futbol akademiyalardan birinə getməsi, yığmalara dəvət olunması üçün əlimdən gələni edəcəm.

- "Qəbələ”nin heyətində “Sumqayıt”la görüşdə ikinci hissədə meydana daxil oldun və qırmızı vərəqə aldın. Ondan sonra Roman Qriqorçuk səni oynatmadı...
- Roman Qriqorçuk haqda danışmaq istəmirəm. O, karyeramı məhv edənlərdən biri oldu. Allaha dua edirəm ki, Moskvada qabağıma çıxsın. Ona deyəcəyim çox söz var. Arzum odur ki, Romanla qarşılaşım və ona bütün sözlərimi deyim.

- Yəqin ki, “Rəvan” – “Xəzər Lənkəran” oyununu xatırlayırsan. Penalti epizoduna görə lənkəranlı azarkeşlər səni uzun müddət tənqid etdi, yalandan penalti qazanmağına görə səni günahkar bildilər. Həmin epizodu düşünəndə peşmançılıq hiss keçirirsən indi?
- Sözün düzü, bəlkə də oyunun içində olanda adam hiss etmir. Ancaq oyundan sonra hər yadıma düşdükcə, çox peşman olmuşdum. Lakin həmin vaxtı baş hakimə də dedim ki, penaltini verməyə bilərsən. Amma qismət belə imiş, nə etmək olar?

- Bir ara adın oyun alqı-satqısında hallanırdı. Ramin Musayev keçə il hətta belə bir açıqlama da vermişdi: “Ruslan Tağızadənin atası canımı boğazıma yığıb. And verir ki, oğluma kömək et. Halbuki onun oğlunun adı danışılmış oyunlarda hallanır. Deyir ölkənin bayrağın qaldırmışıq. Harada qaldırıb, bilmirəm. Əvvəlki pullar yoxdur, səviyyəsi uyğun olmayanlar özlərinə başqa iş tapsınlar. Mənim oğlum çoxundan zəif deyildi. Amma gördü ki, alınmır, qırağa çəkildi. 22-23 yaşlı futbolçu özünü isbatlaya bilmirsə, başqa iş tapsın” - bu açıqlama barədə nə demək istəyərdin?
- PFL prezidentinin sözlərini saytda görmüşdüm. Daha sonra atamla əlaqə saxladım və dedim ki, heç kimə heç nə demə. Məndən xəbərsiz etmişdi atam bunu. Onu başa düşürəm, istəyir ki, oğlu yenidən oynasın. Qaldı ki, oyun alqı-satqısına elə işdə əlim olmayıb. Birinci divizionda Premyer Liqaya qayıtmaq ümidilə oynayırdım. Futbolumun məhv olmasını necə istəyə bilərdim axı, Ramin müəllim? Deyir ki, oğlumda alınmadı, oynamadı. Düzdür, oynamadı. AFFA-da tanışım olmaya-olmaya “Qəbələ”yə kimi gedib çıxmışdım. Bunu etmişdimsə, deməli bacarığım var ki, etmişəm.

- İndi hansı işlə məşğulsan? Futbolda qazandığın pullar sənə indi kömək olur?
- Hazırda Moskvadayam. Burada sənədlərimi qaydasına salıram. Qardaşlarımın yanındayam, “day-daylıq” edirlər(gülür). Bu günə kimi nə almışamsa, şükür edirəm.

- Azərbaycan futbolu kənardan necə görünür? Maraqlı gəlir?
- Əvvəllər AZAL, “İnter”, “Qəbələ”, “Bakı”, “Neftçi”, “Qarabağ” kimi komandalar arasında gərgin mübarizələr gedirdi. Ancaq indiki çempionatımıza baxırsan, “Qarabağ”a rəqib yoxdur. Ona görə də istədiyi kimi oynayır.

- Azərbaycan birinci divizionunda yenə də oyun alqı-satıqısında hallanan komandalar var. Hətta cəzalananlar var. Səncə, nəyə görə birinci divizion komandalarında oyunçular oyun-alqı satqısına gedir, maaşlar azdır ona görə, yoxsa alqı-satqıdan yaxşı pul qazanırlar?
- Birinci divizionda futbolçu 200-300 manat maaş alır. Nə mükafat var, nədə başqa nəsə. Orada oynayanlar arasında ailəsinə, valideynlərinə baxan var. Nə etsin? Sən yüksək maaş ver, normal mükafat qoy, gör ondan sonra elə şeylər edərlər ya, yox? Düzdür, mən alqışlamıram ki, düz edirlər. Bu da səhvdir. Ancaq nə etmək olar, hər insanın öz fikri var.

- İndiyə qədər sənə oyunu manipulyasiya etmək təklif edən olmayıb?
- Xeyr, heç kim təklif etməyib. Həmişə bu cür işlərə pis baxmışam. Ona görə də bəlkə mənə deməyi məsləhət bilməyiblər. Vallah danışılası çox şey var, sadəcə, adam danışmaq istəmir.

Mir BAĞIR

Xəbər Lenti