“Veteranlar bir-birilə yola getmirsə...” - MÜSAHİBƏ

23 Oktyabr 2019 21:15 Azərbaycan Futbolu 849
“Veteranlar bir-birilə yola getmirsə...” - MÜSAHİBƏ

Azərbaycanda yeni yaradılmış Gənc Veteranlar Şurasının əsas üzvlərindən Ramiz Məmmədov Sportinfo.az saytına müsahibə verib.

- Ramiz müəllim, ümumiyyətlə, sizin təşkilatın yaradılmasının məqsəd və mahiyyəti nədən ibarətdir?
- Əsas məqsəd yalnız və yalnız Azərbaycan futboluna xidmət etməkdir. Futbolumuzun inkişafına kömək etmək üçün çalışırıq. Bununla yanaşı, gənc veteranların işsiz qalmamasına, işlə təmin olunmasına kömək etmək, yeni perspektivii futbolçuları tapıb üzə çıxarmaq işimizin bir hissəsidir.

- Nə vaxtdan fəaliyyət göstərirsiz?
- Artıq üç aya yaxındır işləyirik.

- Bu müddət ərzində AFFA üzərinə düşən öhdəliyi yerinə yetirir?
- “Neftçi”nin keçmiş bazasında üç otaqdan ibarət yer ayırıblar. Mahir Şükürov, Emin Quliyev, Zaur Ramazanov da işlə təmin olunublar. Biz bu Şuranı yaradanda altı nəfərlə fəaliyyətə başlamışıq. Həmin adını çəkdiyim üç nəfər, mən, Hüseyn Məhəmmədov və Kənan Kərimov.

- Sadaladığınız işləri həyata keçirmək üçün hər halda maliyyə dəstəyi lazımdır. Federasiya bu istiqamətdə yardım edir?
- Avropa Liqasının finalının Azərbaycana düşməsi, AÇ-2020, həmçinin Azərbaycan çempionatının sıx qrafiki işimizin ardıcıl sürətdə getməyini azca ləngidir. İşimiz sürətli getməsə də, fikrimiz, məramımız məlumdur. İşimiz AFFA tərəfindən təsdiq və dəstəklənir.

- Veteranlar İttifaqı ilə əməkdaşlığınız nə yerdədir?
- Oqtay Abdullayevlə bərabər çalışırıq. Qurum bir yerdə fəaliyyət göstərir. Amma biz birbaşa AFFA-nın nəzdindəyik. Hamımız veteranıq. Ona görə də ayrı qurum yaratmağa ehtiyac duyulmadı. Lakin gənc nəsil veteranlar daha çox aktivliyi üzərinə götürüb. Gələcəyə ümid verən uşaqların tapılması, xarici klublara məşq etmək üçün göndərilməsi, təhsil alması, futbol bilgisinin artırılması və.s. işlər üzərində çalışırıqı. Dəstək də var.

- AFFA-dan Veteranlar İttifaqına illik 190-200 min manatlıq büdcə ayrılır. Həmin bu məbləğdən sizə hər hansı vəsait ayrılıb?
- Bizim işimiz bayaq saydığım fəaliyyət növlərini gerçəkləşdirməkdən ibarətdir. Həmin puldan bizim veteranlarımız yararlanır. Asif Əliyevin əməliyyatına AFFA-dan pul ödənilib. Bu yaxınlarda Oqtay Abdullayev iclas keçirmişdi, elə həmin iclasda eşitmişəm. Pul işi bizə aid deyil, düzü, bu məsələ məni elə də dərindən maraqlandırmır. Bizim işimiz Azərbaycan futboluna fayda verməkdir.

- Azad Həmkarlar İttifaqı yaradılıb və onlar bir neçə vaxtdır qarşılıqlı olaraq Veteranlar İttifaqının sədri Oqtay Abdullayevlə “söz davası”ndadırlar. Nazim Süleymanov demişdi ki, Veteranlar İttifaqına 200 min manata yaxın pul ayrılıb, amma onlar yalnız Asif Əliyevin əməliyyatına pul xərcləyib, qalan puldan isə əsər-əlamət yoxdur...
- Həmin pulu kim ayırır, necə ayırır, bu, bizim işimiz deyil. Oqtay Abdullayevin keçirdiyi iclasda dedim ki, işimizin irəli getməsi üçün veteranların hamısının birlikdə olmağı çox vacibdir. Hədəfimiz birdir - Azərbaycan futboluna töhfə vermək, faydalı iş görmək, uşaq futbolunu irəli aparmaq. Əgər uşaq futbolumuz yoxdursa, 17, 18, 19 yaşlı uşaqları əsas milli komandamıza verə bilmiriksə, bizim bir-birimizlə davamız, incikliyimiz olmalı deyil. Sadəcə, Azərbaycan ictimaiyyətini, futbolsevərlərini özümüzdən incik salmış oluruq. Əgər veteranlar bir-birilə dil tapıb dolana bilmirsə, kənardan baxan bizə yaxşı qiymət verməz. Ona görə də iclasda msələhət gördüm ki, ağsaqqallar görüşsün və Nazim Süleymanovla incikliyin nədən yarandığına aydınlıq gəlsin. İnciklik aradan götürülsün və iş birliyi yaradılsın. Burada şəffaflıq olsun, pulun hara xərclənməsi göstərilsin. Şəffaflıq olan yerdə, müzakirələrə ehtiyac qalmaz. Nazim Süleymanov Azərbaycan futbolunu sovet məkanında tanıtmış biridir. Onu da incik salmamalıyıq, birlikdə çalışmaq lazımdır. Mən iclasda bunu məsləhət görmüşəm. Pul hara gəlir-gedir, bizi maraqlandırmır. Bizim qarşımıza qoyduğumuz məqsəd var və onun arxasınca gedirik.

- Sizcə, nəyə görə iki Şura üzvləri bir-birinə qarşı əks, tənqidi fikirlər səsləndirir?
- Vallah elə qəliz sual verirsiz ki...Məncə, Şurada olan gənc nəsildən heç kim o sualın cavabını tapıb verə bilməz. Orada bir səbəb axtarmırıq. Nazim Süleymanov bizim sevimli qardaşımızdır. Azərbaycan futbolunun incilərindəndir. Heç gənc nəsil lazım deyil, ağsaqqallar yığılmalıdır və məsələni aydınlaşdırmalıdır. Kazbek Tuayev, Ağasəlim Mircavadov, Səməd Qurbanov, Şakir Qəribov, Səmədağa Şıxlarov, Asəf Namazov və digər ağsaqqallar hamısı bir iclas keçirib, məsələyə aydınlıq gətirməlidir. Səbəb axtarmaq yox, çıxış yolu tapmaq lazımdır ki, insanlar bir-birindən incik düşməsin. Bu insanları barışdırmaq lazımdır. İncikliyin nədən yarandığını bilmək lazımdır. Nazim Süleymanovun işsiz qalması Azərbaycan futbolu üçün çatışmazlıqdır. Nazim kimi, digər veteranlarımızın da yavaş-yavaş işlə təmin olunması zəruridir ki, həmin insanlarda da inciklik yaranmasın.

- Nazim Süleymanovla Oqtay Abdullayevi kim barışdırmalıdır?
- Bayaq adlarını çəkdiyim və çəkmədiyim ağsaqqal veteranlar. Onların dünyagörüşü, savadı, ağsaqqallığı var ki, bu incikliyi aradan götürə bilərlər. Ayda bir dəfə demirəm, heç olmasa, üç aydan bir görüşlər təşkil etmək lazımdır. Bizim iclasda qərar qəbul olunmuşdu ki, Nazim Süleymanovun yaratdığı təşkilatla Veteranlar İttifaqı arasında görüş olsun, bütün məqamlara aydınlıq gətirilsin.

- Bəs nə baş verdi ki, görüş alınmadı?
- Onu deyə bilmərəm. Həmin iclasda Oqtay Abdullayev və Səməd Qurbanov da oturmuşdu. Qərar qəbul olundu ki, zəng edib onlarla danışacağıq. Bəlkə də artıq danışıblar, bizim xəbərimiz yoxdur. Amma əminliklə deyirəm ki, ittifaq və şura üzvləri görüşüb danışsalar, hər şeyə aydınlıq gələr və ortadakı inciklik də aradan götürülər. Qısa zamanda çox istəyərəm ki, Nazim Süleymanov işlə təmin olunsun. Nazim müəllimin yaxşı işi olsa, Azərbaycan futboluna da xeyir verər.

- Mahir Şükürov Gənc Veteranlar Şurasını nəyə görə tərk etdi, maraqlıdır...
- AFFA-nın baş katibi Elxan Məmmədovun iş rejimi sıx olduğuna görə söz verib ki, yaxın günlərdə görüşəcəyik. Mahir Şükürovun nəyə görə Şuradan ayrıldığını da görüş zamanı öyrənə bilərik. Qaranlıq qalan başqa nə varsa, görüşdə aydınlıq gələcək. İşimizin sürətləndirməliyik. Vəzifələrimizi yerini yetirməyimizin vaxtı çatıb. Elxan Məmmədov bunları həyata keçirəcəyimizə söz verib.

Elvin

Xəbər Lenti