"İnşallah ki, Samir Abasovla birlikdə işləmərəm" - MÜSAHİBƏ

17 Oktyabr 2019 22:40 Azərbaycan Futbolu 1 713
"İnşallah ki, Samir Abasovla birlikdə işləmərəm" - MÜSAHİBƏ

"Səbail"in qapıçısı Kamal Bayramov sportinfo.az saytına müsahibə verib.

- Artıq ikinci dövrə başlayır. "Sumqayıt"la səfər oyununa hazırlıq necə gedir?

- Normal şəkildə. Hər oyuna necə hazırlaşdırdıqsa, indi də elə. "Sumqayıt" asan rəqib deyil.

- Mövsümə yaxşı başlasaz da, davamını gətirə bilmədiz - son 3 turda qələbə qazanmamısız. Demək olar ki, "Səbail"in gücü tükəndi?

- Əslində belə deməzdim. Bunun səbəbini heyətdəki futbolçu azlığında görürəm. Oyunçu sayımız azdır, hər görüşə demək olar ki, eyni heyətlə çıxırıq. Belədə istər-istəməz yorğunluq, zədə olur. Ona görə ardıcıl turlarda xal itirdik. İnanıram ki, qarşıdakı oyunlarda işimizin öhdəsindən gələ biləcəyik.

- Qarşıda 21 tur var. Səncə, "Səbail" yuxarı yerlər uğrunda mübarizə apara biləcək?

- Hansısa yeri tutmaq kimi qarşımıza konkret məqsəd qoyulmayıb. Təbii, futbolçu olaraq bizim istəyimiz, məqsədimiz yüksək yer tutmaqdır. Uğurlu nəticə qazanmaq istəyirik, əgər alınsa, çox sevinərik.

- Heyətdə çatışmazlıq olduğunu özün də qeyd edirsən. Razısan ki, qışda komandaya bir neçə futbolçu cəlb olunmalıdır?

- Bu, məşqçilər korpusunun, rəhbərliyin verəcəyi qərardır. Hazırda büdcəmizin imkan verdiyi heyətlə davam edirik. Gələcəkdə necə olacağını zaman göstərər.

- Maliyyə vəziyyət nə yerdədir, heç olmasa, maaşlarını ala bilirsiz?

- Belə deyim, maaşlar verilir, bunda problem yoxdur. Problem mükafatlarla bağlıdır. Amma bizim də müqaviləmizdə qeyd olunmayıb ki, klub mükafat verməlidir. Sadəcə, maliyyə sıxıntısı olduğu üçün indi mükafatlarda problem yaranıb. Rəhbərlik söz verib, yəqin ki, problemi aradan qaldıracaqlar.

- Avroliqadakı iştiraka görə UEFA "Səbail"in pulunu dünən hesaba köçürüb.

- Vallah, UEFA-nın pulu ödəməsindən xəbərim yoxdur. Ancaq maaşları alırıq, çətinlik yaşanmır.

- Ötənlərdə demişdiz ki, Tamerlan Abdullayev UEFA-dan pul gələndən sonra mükafatları verəcəyini deyib.

- Bəli, Tamerlan müəllim iclaslarda dəfələrlə qeyd edib ki, sıxıntı müvəqqətidir, tezliklə həllini tapacaq. Komandanın maliyyə durumu düzələn kimi mükafat problemi də aradan götürüləcək.

- "Zirə"də maliyyə sıxıntısı olmadığını nəzərə alsaq, "Səbail"ə keçdiyinə görə peşman deyilsən?

- Yox, hər komandanın öz yeri var. Burda da özümü yaxşı hiss edirəm. "Zirə"dən ayrılmağımın müəyyən səbəbləri vardı. Hər şey qaydasındadır.

- Müəyyən səbəb deyəndə, bunun konkret Samir Abasovla bağlı olduğu sirr deyil. Hətta onunla paltardəyişmə otağında savaşdığınız, əlbəyaxa olduğunuz bildirilir. Bu barədə nə deyə bilərsən?

- (gülür). Yox, şükür Allaha, indiyə qədər heç bir məşqçi, futbolçu ilə əlbəyaxa olmamışam, həmçinin də Samir Abasovla. Düşünmürəm ki, kimsə də buna risk edər. Bunların hamısı yalan məlumatlardır.

- Keçmiş jurnalist, fitnes məşqçisi Kəmalə İsmayılovanı tanıyırsan?

- Bəli, sosial şəbəklərdən tanıyıram.

- Bu gün verdiyi açıqlamada sənin Samir Abasovla dava etdiyini deyib.

- Onun dediklərini oxumuşam. O məlumatları haradan toplayıb, bilmirəm. Amma həqiqətən də Samir Abasovla əlbəyaxa olmamışam.

- Yaxşı, əlbəyaxa olmasın, olsun mübahisə, "söz davası".

- Vallah, Samir Abasovla mənim mübahisəm də olmayıb heç. Adi bir şeyi deyim, mən "Zirə"dən ayrılanda rəhbərliklə çox yaxşı formada hallaşıb-sağollaşmışıq. Bu klub mənim karyeramda çox önəmli yer tutur, 4 il kapitanı olmuşam. Onlarla bu gün də yaxşı münasibətim var - istər futbolçularla, istər rəhbərliklə. Samir Abasovla yalnız bir məsələ olub, məşqçim olaraq ona zəng elədim ki, görüşüb söhbət eləmək istəyirəm, nə qədərdir bir yerdə işləmişik. Samir Abasov mənə əvvəl söz verdi ki, 1 həftəyə zəng edəcək, görüşəcəyik. Zəng etmədi. Ən azından 4 il o komandanın kapitanı olmuşdum, Abasov mənə zəng eləmədi. Allah canın sağ eləsin. Hər şey qarşılıqlıdır.

- Bu söhbətlərin bir qədər geniş yayılmasına səbəb kimi sənin ilk turda "Zirə" ilə oyunda qələbəni görüşün sonunda xüsusi fəallıqla qeyd etməyini göstərmək olar?

- "Zirə"nin rəhbərliyinə, yeni gəlmiş baş məşqçiləri Zaur müəllimə bu gün də uğurlar arzulayıram. Bizim münasibətimiz tamam başqa cür olub. Klub-futbol yox, biz bir ailə kimi idik. Futboldan kənar da bir-birimizlə maraqlanır, dərdləşirdik. Zaur Həşimov təyin olunandan sonra oradakı dostlarımın hamısını təbrik elədim, uğurlar qazanmasını arzuladım.

- Samir Abasov artıq "Zirə"dən ayrılıb. "Səbail"də baş məşqçi ola biləcəyi mümkündür. Onunla yenidən birlikdə çalışmaq...

- O artıq qismətdir. İnşallah ki, Samir Abasovla birlikdə işləmərəm.

Elvin

Digər Xəbərlər
Xəbər Lenti