"Kimisə sifarişlə götürməyim mümkün deyil" - MÜSAHİBƏ

11 Oktyabr 2019 21:52 Azərbaycan Futbolu 1 378
"Kimisə sifarişlə götürməyim mümkün deyil" - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq baş məşqçisi, hazırda Region Liqasının yeni mövsümünə hazırlaşan "Araz-Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayev Sportinfo.az saytına müsahibə verib.

- Əsgər müəllim, işləriniz necə gedir?

- Sağ olun, normaldır.

- Naxçıvana gedəndən sonra sanki "kölgə"yə çəkilmisiz.

- Mən elə Bakıda olanda da "kölgə"də idim (gülür).

- Naxçıvanda konkret məqsədiniz, planınız nədir?

- Əsas məqsəd Muxtar respublikada uşaq futbolunun, ümumi futbolun inkişafıdır.

- "Araz-Naxçıvan"ın diviziona, Premyer Liqaya çıxmaq ehtimalı var?

- Məncə, hə.

- Nə qədər realdır?

- Təbii ki, bu sual rəhbərliyə aiddir. Mən biləni, belə bir plan var. Allahın köməyilə yaxşı olar. Naxçıvanın Azərbaycan futbolunda yaxından iştirakı planda var.

- Gənclər və İdman idarəsi, yaxud şəhər rəhbərliyi səviyyəsində kiminləsə bir görüşünüz olub bu barədə?

- Bu haqda klub rəhbərliyi ilə söhbətimiz olub.

- Ümumiyyətlə, rəhbərlik yenidən böyük futbola qayıtmağa can atır?

- Bəli, belə bir düşüncələri var.

- Əsgər müəllim, 30 ilə yaxındır məşqçi işləyirsiz. Milli komandadan tutmuş klublara qədər - əksəriyyətində çalışmısız. Geriyə boylananda Azərbaycanın ovaxtkı futbolu ilə indikini necə müqayisə edə bilərsiz?

- Bu istiqamətdə hərənin şəxsi fikri var. Məncə, o vaxt milli komanda daha yaxşı idi.

- Belə fikir formalaşıb ki, köhnə dönəmlə indiki vaxtın arasındakı Azərbaycan futbolunda yalnız böyükhesablı məğlubiyyətlər azalıb, daha 5-6 top fərqilə uduzmuruq, vəssalam.

- O vaxt kimlərə uduzurduq ki, 5-6 top fərqiylə?

- Portuqaliyaya, Polşaya, Serbiyaya, Ukraynaya və.s

- Bunu əldə bayraq edib gəzdirmək olmaz. Fikrimi dedim, ovaxtkı milli komandada daha yaxşı, səviyyəli futbolçular var idi, nəinki indi. İndi də yaxşı oyunçularımız var, amma çox az, barmaqla saymaq olar.

- Nəzərə alsaq ki, əvvəlki illərlə müqayisədə indi Azərbaycan futbolunda pul dəfələrlə çoxdur, maliyyə vəziyyəti yaxşıdır, o zaman bu geriləmənin, yaxud yerində saymanın səbəbi nədir?

- Pulla olsaydı, ərəblər hər dörd ildən bir dünya çempionu adını qazanardılar. Əsas pul deyil, işdən söhbət gedir.

- Son dönəmlər AFFA rəhbərliyi veteran futbolçu-məşqçiləri başına yığır. Sizə bu barədə müraciət edilib?

- Yox, mənə müraciət olunmayıb.

- Millinin oyunlarını izləyirsiz?

- Əlbəttə, baxmalıyıq. İzləyirəm.

- Qarşıda Macarıstanla çətin səfər oyunu var. Nə gözləyək?

- Bizim üçün asan oyun gözlənilmir. Çox çətin olacaq.

- Aşağı yaş qrupu üzrə millilər də bərbad vəziyyətdədir. Siz bir çıxış yolu bilirsiz?

- Çıxış yolu budur ki, işi bilənə vermək lazımdır.

- Veteran futbolçu Nazim Süleymanov Həmkarlar Təşkilatı yaradıb. Əksər veteranlar buna qarşı çıxıb.

- Mənə elə gəlir ki, veteran futbolçular bir olmalıdırlar. Əgər bir nöqtəyə vursalar, bunun Azərbaycan futboluna xeyiri də olar.

- Sizcə, Azərbaycanda klub və ya milliyə nə vaxt əcnəbi məşqçi uğur qazandıracaq, ümumiyyətlə qazandıra bilər?

- Sözün açığı, mənim üçün məşqçi məsələsində yerli-legioner fərqi yoxdur. Futbol həyatında belə şeylər normaldır. Əsas olan nədir, əgər əcnəbi yüksək səviyyəli məşqçidirsə, yan-yörəsində yerli futbolçular olmalıdır. Əgər gələn əcnəbi məşqçinin köməkçiləri də legioner olacaqsa, heç nə əldə edə bilməz. Yerlilər də onlardan nəsə baxıb götürməlidir, öyrənməlidir.

- Yenidən Azərbaycan millisində işləmək imkanınız olsa, nəticə verə bilərsiz? Özünüzdə bu gücü hiss edirsiz?

- İnsan təcrübəsini artırdıqca daha çox güclü olur. Məsələn, əvvəlki səhvlərimi indi eləməzdim. Əlbəttə, söhbət nəticə verib-verməməkdən getmir. Məsələ budur ki, indi 3 il əvvəlkindən daha təcrübəliyəm.

- Yəni, indi daha çox xeyir verə bilərsiz.

- Mən belə fikirləşirəm. Bizdə belədir, futbolçu 16-17 yaşında cavandır, 28-29 yaşında qocadır. Məşqçi də 45-50-yə çatdısa, demək ki, onunku qurtardı. Bu, düzgün yanaşma deyil. Belə bir məsəl var, Allahsız yerdə otur, böyüksüz yerdə oturma. İnsan yaşlandıqca daha aqil olur. Məşqçiləri tez-tez dəyişməklə uğur qazanmaq olmaz.

- Misal üçün, sizi hər hansı bir milli komandamıza baş məşqçi qoydular və tapşırıqla futbolçu götürməli olduğunuzu bildirdilər.

- Siz yəqin ki, məni yaxşı tanımırsız, ona görə bu sualı verirsiz.

- Bəli, yaxşı tanımıram, yaşım azdır.

- O sual mənə aid deyil. Kimisə sifarişlə götürməyim mümkün deyil. Bu, restoran deyil ki, kimisə "zakaz" eləsinlər. Məndə elə şey heç vaxt olmayıb, ola da bilməz.

Elvin

Digər Xəbərlər
Xəbər Lenti