Seyran Ohanyan və 39 nəfərin axtarışları davam edir - FOTO

23 Fevral 08:00 Araşdırma 268
Seyran Ohanyan və 39 nəfərin axtarışları davam edir - FOTO

Hərbi Prokurorluqda Xocalı soyqırımının otuz ikinci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib.

Soyqırım Memorial Muzeyində keçirilən tədbirdə Hərbi Prokurorluğun, Xocalı Rayon İcra Hakimiyyətinin əməkdaşları, millət vəkilləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin və Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin üzvləri, Xocalı sakinləri, habelə ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.

Baş prokurorunun müavini - Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, işğalda olmuş ərazilərində törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq cinayətlərinin, o cümlədən Xocalı soyqırımının və digər cinayətlərin istintaqı və onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə istintaq-əməliyyat qrupu yaradılmış, 5 may 2005-ci il tarixdən isə təşəbbüsü əsasında həmin cinayət işinin istintaqı ibtidai araşdırmaya prosessual rəhbərlik Respublika Hərbi prokuroruna həvalə edilməklə, Hərbi Prokurorluğa tapşırılıb.

Cinayət işi üzrə ümumilikdə 81 000-dən artıq istintaq hərəkəti icra edilib, o cümlədən 29 000-dən artıq şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilib, 30 000-dən artıq şəxs şahid qismində dindirilib, 18 000-dən artıq şəxs mülki iddiaçı qismində tanınıb, 4000-ə yaxın müxtəlif növ ekspertizalar keçirilib, 34 000-ə yaxın prosessual qərarlar qəbul edilib və digər çoxsaylı zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Cinayət işinin istintaqı zamanı konkret olaraq Xocalı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 40 nəfər şəxsin barəsində onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırım), 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113-cü (İşgəncə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslərin sırasında sabiq müdafiə naziri Ohanyan Seyran Muşeqoviç də var. Hazırda hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 19:50 Çək və bizə göndər!
12 Aprel 07:30 Bu məhsullar bahalaşıb